Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
Mədəniyyət16 dekabr 2025 19:59
Farsdilli əsas media orqanları — istər hakimiyyətə yaxın olanlar, istərsə də müxalif cəbhədə dayananlar — Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Demokrat Hökumətinin yaranması və süqutunun ildönümlərində bir məqamı xüsusi olaraq önə çəkirlər: guya Demokrat Firqəsinin Azərbaycan türk xalqı ilə heç bir əlaqəsi olmayıb və bu firqə sırf Stalinin göstərişi ilə yaradılmışdır.
Bu iddianın səbəbi aydındır: türkcənin (Azərbaycan, Türkmən, Qaşqay və Xələc türkcələrinin) tədrisinə dair geniş ictimai tələbatı xarici qüvvələrlə əlaqələndirmək və bu tələbi sui-qəsd nəzəriyyəsi kimi təqdim etmək. Halbuki tarix özü bu iddialara tutarlı cavab verir.
Mir Cəfər Pişəvərinin — Azərbaycan Demokrat Hökumətinin liderinin — atdığı addımların məntiqini, xüsusilə də onun Sovetlər Birliyi ilə yaxın əməkdaşlığını yalnız həmin dövrün hadisələr fonu və dünyanın siyasi vəziyyəti nəzərə alınmaqla anlamaq mümkündür. Burada iki əsas məqam mövcuddur: hərəkatın daxili zəminləri və o dövrdə dünyada mövcud sosializmin qazandığı üstün mövqe.
HƏRƏKATIN DAXİLİ ZƏMİNLƏRİ
Əgər demokratların qarşısında təmiz, xalqçı, ədalətli və özünə dayanan bir mərkəzi hökumət olsaydı, Demokrat Hərəkatı haqqında fərqli mühakimə yürütmək olardı. Lakin avtoritar, mərkəzçi və xarici qüvvələrə bağlı bir hakimiyyət bu hərəkatın qarşısında dayandıqda, məsələ tamamilə başqa məna kəsb edir. Əslində, Güney Azərbaycanda sosial-siyasi hərəkatın yeni dalğası Rza şahın rüsvayçı şəkildə taxtdan salınması və sürgün edilməsindən dərhal sonra başladı.
I Pəhləvi dövründə türklərə qarşı yürüdülən siyasət o qədər amansız və zalım idi ki, diktatorun süqutu ölkənin heç bir bölgəsində Azərbaycan türkləri arasında yaratdığı qədər sevinc və məmnunluq doğurmadı. Çünki bu böyük xalq yalnız tarixi mövqeyini itirməmiş, eyni zamanda sistemli şəkildə ikiqat zülm və haqsızlığa məruz qalmışdı.
Ölkə polis dövlətinin caynağından qurtulduqdan sonra siyasi şəxsiyyətlər və qruplar üçün münasib şərait yarandı. İkinci Dünya müharibəsi ərəfəsində Sovetlər Birliyinə köçürülmüş mühacirlər, habelə həbsdən və sürgündən azad edilmiş siyasi məhbuslar təşkilatlanmaq imkanı qazandılar. Onlar xalqın dərin narazılığına söykənərək yeni bir hərəkatın əsasını qoydular. Nəticədə, sonradan Azərbaycan Demokrat Firqəsinin onurğa sütununu təşkil edəcək qruplar, birliklər və partiyalar meydana gəldi:
– Azərbaycan Cəmiyyəti (1941-ci ilin payızı)
– Azərbaycan Zəhmətkeşlər Təşkilatı (1942-ci ilin yanvarı)
– İran Tudə Partiyasının Əyalət Komitəsi (1942)
– Azərbaycan Antifaşist Cəmiyyəti (1942-ci ilin yayı)
– Demokratiya Tərəfdarları Mərkəzi (1943-cü ilin yayı)
– Azərbaycan Fəhlə Həmkarlar İttifaqlarının Birləşmiş Əyalət Şurası (1944-cü ilin avqustu).
Bu təşkilatlar arasında Azərbaycan Cəmiyyətinin xüsusi əhəmiyyəti vardı. Əli Şəbüstəri, Hilal Nasiri Çavuşi və Rəhimidən ibarət qurucular sonradan Demokrat Firqəsinə qoşuldular (Vəkilov, 1989, s. 11; Çeşməzər, s. 18). Bu cəmiyyətin yaradılması və "Azərbaycan” qəzetinin nəşri müəyyən mənada firqənin təşəkkülü yolunda ilk addım sayıla bilər.

(Soldan sağa: Tağı Şahin, Məhəmməd Biriya, Mirzə Əli Şəbüstəri, Mir Cəfər Pişəvəri, Sadıq Padeqan və Salamulla Cavid.)
1941-ci ildə Əli Şəbüstərinin rəhbərliyi ilə nəşr olunan yüksək tirajlı "Azərbaycan” qəzeti cəmiyyətin rəsmi orqanı idi. Qəzet Qacarlar dövründən sonra ilk dəfə türkcə yazılar dərc edir, dilə, ədəbiyyata və Azərbaycan mədəniyyətinə xüsusi diqqət yetirməklə yanaşı, əyalət və vilayət əncümənləri ideyasını yenidən gündəmə gətirirdi. Bu ideya Qacarlar dövründə təsdiqlənmiş ana qanunda müəyyən dərəcədə siyasi muxtariyyət anlamı daşıyırdı. Demək olar ki, Azərbaycan Demokrat Firqəsinin ideya xəttinin təməli məhz bu qəzetdə qoyulmuşdur.
Bu tarixi keçmiş nəzərə alındıqda aydın olur ki, Demokrat Firqəsi qəfil ortaya çıxmış bir hərəkat deyildi; o, uzunmüddətli tarixi prosesin məhsulu idi. Stalinin Demokrat Firqəsi ilə bağlı əmri 1945-ci ildə verilmişdi, halbuki yuxarıda sadalanan təşkilatlar hələ 1941-ci ildən — Rza şahın sürgünə göndərilməsindən dərhal sonra — formalaşmağa başlamışdı.
Bununla yanaşı, mərkəzçi şovinist dairələr iddia edirlər ki, guya separatizm Birinci Pəhləvinin yaratdığı qüsursuz bir utopiyada baş vermişdir. Bu yanaşmada Pişəvəri xəyanətin simasına çevrilir, Qəvam əs-Səltənə kimi asılı və intriqaçı fiqurlar isə xilaskar mələk kimi təqdim olunur. Daha da irəli gedilərək, frimason Məhəmmədəli Furuğinin vasitəçiliyi və Britaniya imperializminə sədaqətin nümayişi ilə taxta çıxmış II Pəhləvi rejiminə müqəddəslik donu geydirilir.
Eyni zamanda belə təbliğ edilir ki, guya Demokrat Firqəsinin yaradılması barədə Stalin əmri Sovet rəhbərliyinin bir gecəlik qərarının məhsulu olmuşdur. Halbuki tarixi zəmin, mövcud qüvvələrin nisbəti və xalq kütlələrinin dərin narazılığı nəzərə alınmadan belə bir qərarın verilməsi mümkün deyildi. Çox güman ki, Pişəvəri Mircəfər Bağırov vasitəsilə Stalini bu əmri verməyə təşviq etmişdi ki, İranın şimalında yerləşən Sovet qoşunları asılı Pəhləvi rejiminə qarşı Azərbaycanın yeni azadlıq hərəkatını dəstəkləməyə məcbur olsunlar.
O DÖVRDƏ DÜNYADA MÖVCUD SOSİALİZMİN MÖVQEYİ
Demokrat hökumətinin Sovetlər Birliyi ilə münasibətlərini o dövrdə mövcud sosializmin dünyada qazandığı yüksək mövqedən kənarda qiymətləndirmək düzgün olmazdı. Həmin illərdə diktaturaların göbələk kimi baş qaldırdığı bir şəraitdə azadlıq hərəkatlarının demək olar ki, hamısı Sovetlər Birliyinə arxalanırdı. Doğrudur, bir çox hallarda bu məcburi arxalanma arzu olunan nəticələri verməmişdi. Bununla yanaşı, müzakirə olunan dövrdə Qərb filosoflarının, ziyalılarının, yazıçı və sənətçilərinin böyük əksəriyyəti güclü sovetsevər meyillərə malik idi.
1920-ci ildə Lenini ziyarət edən ziyalı dəstəsindən yalnız bir neçə nəfər — o cümlədən Bertrand Russell — bolşevizmin nəzəriyyə və praktikasını tənqidi şəkildə dəyərləndirmişdi. Digərləri isə mövcud sosializm düşərgəsinə uzunmüddətli heyranlıq və dəstək nümayiş etdirmişdilər. Demokrat Firqəsi hakimiyyətə gəldiyi zaman hələ André Gide Sovetlər Birliyinə qayıtmamışdı, Cəlal Al-Əhməd öz tənqidi mövqeyini formalaşdırmamışdı, Xruşşov stalinçiliyin dəhşətləri haqqında məşhur hesabatını təqdim etməmişdi. Berlin divarı ucaldılmamış, Aleksandr Soljenitsın isə "dəmir pərdə”nin o tayındakı QULAQ sistemini dünya ictimaiyyətinə açmamışdı.
Həmin dövrdə Fuko, Sartr, Derrida və Bodriyar kimi düşünürlər solçu mövqeləri ilə tanınır, Fransanın ən nüfuzlu intellektual çevrələrindən olan "Sosializm və barbarlıq” qrupu hələ Sovet siyasətlərindən üz döndərməmişdi. 1968-ci ilin tələbə hərəkatı baş verməmiş, Herbert Markuze və Jürgen Habermas kimi filosofları cəlb edən bu dalğa hələ məğlubiyyətlə nəticələnməmişdi. Guy Debord ümidsizlik içində həyatına son qoymamışdı.
Belə bir tarixi kontekstdə — rasionalist Bertrand Russell-dən ekzistensialist Jan-Pol Sartrə qədər bir çoxunun "rus ədaləti”nə rəğbət bəslədiyi bir zamanda — Pişəvəri Şərq düşərgəsindən üz çevirsəydi, bu gün onu böyük ehtimalla müstəmləkəçiliyə ram olmuş bir mürtəce kimi qiymətləndirərdik. Çünki onun qarşısında dayanan rejim həm diktatura idi, həm də real mənada xarici güclərin alətinə çevrilmişdi.
İranpərəst dairələrin (farsçı etnosentrizmin örtülü adı) iddialarına baxmayaraq, Demokrat hökumətinin yaranma zəmini mahiyyət etibarilə daxili idi. Unudulur ki, Pişəvəri hökuməti ilk növbədə Rza şahın dili, geyimi və kimliyi zorla eyniləşdirməyə çalışan mütləqiyyət rejiminə bir reaksiya idi. Sui-qəsd nəzəriyyələrində həmişə xarici amillərin roluna həddindən artıq önəm verilir, daxili zəminin potensialı isə bilərəkdən kölgədə saxlanılır. Halbuki daxili zəmin hazır olmadan, xarici bir amilin genişmiqyaslı planı həyata keçirməsi mümkün deyil.
Mir Cəfər Pişəvərinin düşüncələri demokratik sosializm, muxtariyyət tələbi və sosial islahatların vəhdətindən ibarət idi. Bu düşüncələr həm Sovet təsiri, həm də yerli narazılıqlar fonunda formalaşmışdı. Onun hərəkatı qısaömürlü olsa da, İranda demokratik hərəkatların öncüllərindən biri kimi tarixdə qalmışdır.
Pişəvərinin qurtuluşçu siyasətinin əsasını ədalət, azadlıq və Azərbaycan türkünün kimlik böhranından xilas edilməsi təşkil edirdi. O, bu məqsədlə başqa bir dilin xeyrinə qurban verilmiş türk dilinin dirçəldilməsini və mərkəzçi, assimilyasiyaçı siyasətin zəiflədilməsini ən ədalətli çıxış yolu hesab edirdi. Bu tələblər bu gün də səsləndirilir və eyni ittihamlarla qarşılanır. Görünür, özünüdərk məhz bu ittihamlar və zorakı arqumentlər səhrasında cücərir.
Hərçənd Demokrat hökuməti beynəlxalq və daxili təzyiqlər nəticəsində yenildi, onun təsiri Azərbaycan türklərinin sosial və siyasi şüurunda dərin iz buraxdı. Demokrat təcrübəsi mərkəzçi-faşist dövlət anlayışında bünövrəsində sağalmaz bir çat yaratdı. Azərbaycanın bugünkü dirçəlişi də məhz həmin tarixi çatdan qidalanır. Hətta 1978-ci ilin 19 fevral Təbriz qiyamını zahirən dini xarakter daşımasına baxmayaraq, faşistcəsinə eyniləşdirməyə qarşı ictimai qəzəbin partlayışı kimi təhlil etmək mümkündür.
Demokrat hərəkatı sonrakı bütün azadlıqçı nəzəriyyələrdə, siyasi aksiyalarda və toplumsal üsyanlarda dərin iz qoymuşdur. Mir Cəfər Pişəvəri siyasi səhnədə hələ də canlıdır və aktual olaraq qalır. Bu təsirin miqyasını yalnız bugünkü siyasi oyanışla ölçmək olmaz; onu mərkəzçi dairələrin Demokrat Firqəsinə qarşı apardığı davamlı qara təbliğatın miqyasında da aydın şəkildə görmək mümkündür. Mərkəzçi media — istər hökumətyönlü, istərsə də müxalif — Demokrat Firqəsinə qarşı sistemli şəkildə zəhərli təbliğat aparır, araşdırma mərkəzləri isə qərəzli tədqiqatlarla bu hərəkatı gözdən salmağa çalışırlar. Lakin bütün bunlar Güney Azərbaycanda özünəqayıdış prosesini daha da gücləndirir.
Oxşar xəbərlər
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub - Vaqif Abdullayev
22 aprel 2026 14:46
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 2026 20:34
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
8 aprel 2026 15:07
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
