Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.
Musavat.com bildirir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısı İlham Əliyevə fabrik barədə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.
Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.