- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
Budəfəki müsahibimiz müstəqillik illərinin əvvəllərində Azərbaycanın Baş nazir əvəzi, Baş nazirin birinci müavini, iqtisadiyyat naziri kimi yüksək vəzifələrdə çalışıb. 20 ildir millət vəkili olan Əli Məsimli hazırda Milli Məclisdə Qərb zonasını təmsil edir.
Əli Məsimlinin “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:
- Bir sıra yüksək vəzifələrdə çalışmısınız. Hansı işin icrası daha çətindir?
- Hakimiyyətin 3 qolu var və hər birinin spesifik cəhətləri var. Amma eyni zamanda, həmin qolların müəyyən məqamlar üzrə kəsişmə nöqtələri var. Bu nöqteyi-nəzərdən, mənim icra hakimiyyəti orqanlarında yüksək vəzifələr tutmağım, daha sonra isə Milli Məclisdə fəaliyyət göstərməyim bir-birini tamamlayan məqamlardır. Həm icra strukturlarında çalışanda həyata keçirdiyim bütün tədbirlərin hüquqi bazasının hazırlanmasında iştirak etmişəm, həm də Milli Məclisdə fəaliyyətə 0-dan başlamamışam. Ona görə də parlamentdə ən çox qanunvericilik sənədi hazırlayanlardan biri ola bildim.
Videonu buradan izləyə bilərsiniz.
İcra strukturunda çalışan zaman mən göstəriş verirdimsə, onu bir neçə dəfə etməyən adam tutduğu vəzifəni itirə bilərdi. Çünki onu eləməlidir. Lakin indi Milli Məclisdə hansısa bir insanın müraciəti əsasında mən kimdənsə xahiş edirəm. “Xahiş”lə “göstəriş”in arasında yerlə göy qədər fərq var. Ona görə də məmurların bir hissəsi konstruktiv surətdə edilən xahişlərə müsbət cavab verir. Elə məmurlar var ki, vəzifəsini bilavasitə oturduğu kreslonun sənədlərinə uyğun şəkildə həyata keçirir, elələri də var ki, orada müraciətlərə “yox” demək üçün oturub. O “yox” deyənlə işləmək çətindir. Məmurun ranqı aşağı düşdükcə, ondan nəyisə keçirmək müşkül məsələyə çevrilir. Elə məsələlər var ki, faydalı iş əmsalı aşağıdır. Çünki iş yeri olmalıdır ki, insanları işlə təmin edəsən. İcra strukturunda oturanda göstəriş verirdin, etməli idi. Amma burada xahiş edirsən və görürsən ki, aylar, illər keçir və söz verdiyin adam da səndən inciyir ki, niyə məni işə düzəltmədin?! Faktiki surətdə işədüzəltmə sahəsində etdiyim səylərin 10-dan 1 və ya 2-si özünü doğruldur. Qalanları haqlı narazılıq yaradır. Ona görə də bu istiqamətdə icra strukturları ilə qanunvericilik orqanının fəaliyyətində koordinasiya işləri güclənməlidir.
- Qeyd etdiniz ki, elə məmurlar var, onu o vəzifəyə qoyublar ki, “yox” desin. “Yox” deyənlər kimlərdir?
- Əgər bir və ya iki nəfər olsa, deyərsən ki, konkret bunlardır. İdarəetmə sistemində obyektiv və subyektiv səbəblərdən ortaya çıxan məsələdir. Mənə birbaşa “yox” deyən olmayıb, amma cümlələrin fırladılmasının mənası elə “yox” demək olub. Yaxud da mənə “nəzərə alarıq” deyilir və o “nəzərə alarıq” gedir tarixin arxivinə. Heç kəsi qınamıram. Mən buradan müraciət edirəm ki, insanlar işlə təmin olunsun. Amma iş yeri olmalıdır ki, təmin olunsunlar. İşğaldan azad olunmuş yerlərdə açılan iş yeri təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, Xankəndidə tekstil fabriki açıldı, yaxşı olar ki, Şəkidə, Qaxda da açılsın.
- Sizcə regionlara investisiyaların qoyulması niyə hələ də problem olaraq qalır?
- Regionlara investisiyaların qoyulması məsələnin bir tərəfidir. Digər tərəfdən isə, hansı sahələrdə əlverişli investisiya mühiti varsa, onun coğrafiyasını genişləndirmək lazımdır. Çalışmaq lazımdır ki, haqsız rəqabət elementləri aradan qalxsın. Kimlərsə gəlib regionlara sərmayə qoyurlarsa, iş yerləri açırlarsa, onlar hərtərəfli təşviqləndirilməlidir, ona süni maneələr yaradılmamalıdır. Bunlar bir yerə toplananda problem yaradır. Digər tərəfdən də, kapital təbiət etibarilə qorxaq olur. Yüz faizlik zəmanət olsa ki, kimsə ona toxunmayacaq, həmin obyekti ərsəyə gətirəndən sonra kimsə onunla zorla ortaq olmayacaq, yaxud kimsə başına min oyun açmayacaq, təbii ki, gəlib investisiya qoyarlar. Həmin zəmanətlər olmadığı təqdirdə, kütləvi şəkildə invesitisiyaların gəlməyi mümkün deyil.
Orta müddətə istənilən ölkə ilə müqayisə edəndə qalxmaq qabiliyyətimiz var. Mən bunu havadan demirəm. İkinci Dünya Müharibəsindən sonra qosqoca ölkələrin hansının adını çəkmək olar ki, itirdiyi torpağın bir qarışını geri ala bilsin?! Bu, fantastikadır və faktiki olaraq bunu Azərbaycan edə bilib. Ona görə də mən xalqımın potensialına inanıram. Daşdan pul çıxaran bir millətik. Sadəcə qanunla qadağan olunmayan istiqamətlərdə ona şərait yaratmaq və mane olmamaq lazımdır. Yəni əgər hökumət strukturları kömək edə bilmirsə, heç olmasa, mane də olmasınlar. Beləliklə, o adam öz ailəsini dolandırıb, qohum-əqrəbasına da əl tutmağı bacaracaq.
.jpeg)
- Siz 2004-cü ilə qədər partiya üzvü olmusunuz, sonra isə bitərəfliyi seçdiniz. Partiyadan kənarlaşmağınıza səbəb nə idi?
- Bilirsiniz, mən elmlə məşğul idim və elmdə kifayət qədər maraqlı nəticələr var idi. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda gənc iqtisadçılar birləşib ölkənin iqtisadi müstəqillik konsepsiyasını hazırlaya bilmişdi. Bu bizim populyarlaşmağımıza gətirib çıxarmışdı. Eyni zamanda, mən milli azadlıq hərəkatına qoşulmuşdum. İndi kim ağzına nə gəlirsə, danışır, onun öz problemidir. Mən milli azadlıq hərəkatında iştirak etməyimlə fəxr edirəm. Hesab edirəm ki, həyatımın ən məzmunlu, ən yaddaqalan və ömrümün sonuna qədər də fəxr edəcəyim illəri yaşamışam.
Partiyaya daxil olmaq məsələsində o vaxt bizim hazırladığımız sənədlər aparıcı rol oynadı. Beləliklə də, AXC-də, sonra isə AXCP-də iqtisadiyyat komissiyasının sədri oldum. Qeyd edim ki, Elçibəyin vaxtsız vəfatı məni bir sarsıtdı, sonra da partiyanın parçalanması məni ikinci sarsıntıya məruz qoydu. İnsan o vəziyyətdə axtarışlarda olur. Sonra belə qərara gəldik ki, Azad Demokratlar Birliyi kimi bir partiya yaradaq. O partiyanın özəyi, təbii ki, bizim öz seçdiyimiz adamlar olacaqdı. Amma hansı partiyalarda mütəxəssislər varsa, onları da cəlb etməklə, intellektuallardan ibarət komanda formalaşdıracaqdıq. Çünki mən Baş nazir vəzifəsini icra edən zaman da baxmırdım kim hansı partiyadandır, həmin adamların işlərini götürmüşdüm. Çoxları da bu müsahibədən sonra bunu xatırlayacaq. Hansı ki, onlar daim bizi tənqid edən partiyanın nümayəndələri idi. Müxtəlif obyektiv-subyektiv səbəblərə görə bu, baş tutmadı. Ona görə də İqtisadi və Sosial İnnovasiyalar İnstitutu İctimai Təşkilatını yaratmaqla qənaətlənməli olduq.
- Yenidən hansısa siyasi partiyaya qayıtmaq fikriniz olub?
- Milli Məclisdəki fəaliyyətimi kimsə obyektiv qiymətləndirsə, mənə elə gəlir ki, pozitiv məqam neqativdən çox olacaq. Bu, açıq formada göstərir ki, mənim hansısa partiyanın nəzdində fəaliyyətimlə, müstəqil fəaliyyətimi tərəziyə qoysaq, ikincisi üstünlük təşkil edər. Ona görə də hansısa partiya yaratmaq və ya üzv olmaq yox... Mən bəlkə də azsaylı adamlardanam ki, respublikada fəaliyyət göstərən partiyaların əksəriyyətinin rəhbərləri və nümayəndələri ilə yüksəksəviyyəli münasibətlərim var. Həmin münasibətləri qoruyub saxlamaq, inkişaf etdirməyə üstünlük verərdim.
- Sizi əvvəllər parlamentdə sabiq həmkarınız Vahid Əhmədovla birlikdə görürdük. İndi isə adətən tək olursunuz. Bunun səbəbi nədir?
- Səbəbsiz heç nə olmur. Vahid Əhmədov Azərbaycanın tanınmış ictimai-siyasi xadimidir və çox sanballı iqtisadçıdır. Həm nəzəri, həm də praktiki nöqteyi-nəzərdən kifayət qədər intellektual yük daşımağı bacaran mütəxəssisdir. Ona görə də təbii olaraq bu adam mənim müttəfiqimə çevrilməlidir. 1990-cı illərin əvvəllərində Vahid Əhmədov Baş nazirin birinci müavini kimi (red. 1992 - 1994-cü illər), mən isə Baş nazirin birinci müavini – Dövlət İqtisadiyyat və Planlama Komitəsinin sədri kimi (1992 - 1993-cü illər - red.) fəaliyyət göstərəndə təmaslarımız yarandı. Sonra isə mən Baş nazir vəzifəsini icra edəndə Dövlət İqtisadiyyat və Planlama Komitəsi də məndə idi, çox ağır bir yük idi. Vahid müəllimlə o zaman mənə daha çox dəstək olan adam kimi yaxınlaşmışdıq. Əsas odur ki, fikirlər, düşüncə, məsələlərə yanaşma tərzi ilə bağlı oxşar məqamlar çox idi. 2005-ci ildən 2024-cü ilə qədər müddətdə Milli Məclisdəki fəaliyyətimizdə bir-birini tamamlayan məqamlar çox oldu.
Biz o qədər yaxın idik ki, bir yerdə nahar etmək bizim münasibətlərin tərkib hissəsinə çevrilmişdi. Əslində mən günorta yeməyini xoşlamıram. Amma münasibətlərin tərkib hissəsi kimi, ya MM-də, ya da yaxın restoranlardan birində nahar edirdik. Artıq Vahid müəllim parlamentdə olmadığına görə, bu sahədə sərbəstəm (gülür). Ya yuxarı qalxıb çay içib deputat həmkarlarımla söhbət edirəm, ya da harasa gedəcəyəmsə, arada yeməkxanaya düşürəm. Yəni obrazlı desək, bu mənim qidaya olan münasibətimlə bağlı məsələdir.
- Ümumiyyətlə, hazırda parlamentdə Vahid Əhmədovu əvəz edə biləcək həmkarınız var?
- Bütün həmkarlarıma böyük etimad və hörmət göstərirəm. Bu hörmət də qarşılıqlıdır. Amma 1992-ci ildən indiyə qədər 34 il vaxt keçib. Mənə elə gəlir ki, 34 ildə formalaşmış münasibət istəsən də, istəməsən də xüsusi xarakter daşımalıdır və belə də davam edəcək.
Parlamentdən gedəndən sonra Vahid müəllimlə əsasən hansısa yas məclisinə gedəndə birləşirdik. Amma o bir ilin ikinci yarısını götürəndə, daha çox zəngləşib hal-əhval tutmaq, bayramlaşmaq daha çox üstünlük təşkil edir. Münasibətlər indi də davam edir.
.jpeg)
- Bəli! Mənlə təmasda olan insanlar bilir ki, mənim həyat tərzim həddindən artıq sadədir. Biri var, kimlərsə danışanda deyir ki, qiymətlər artıb filan. Biri də var ki, mən özüm gedib bu həftə olan qiymətlərlə ötən həftəninkini tutuşdurub əyani surətdə fərqi görürəm. Təbii ki, qiymətlərin artması əhalinin güzəranına çox böyük təsir göstərir.
Qiymət artımında səbəblər çoxdur. Birinci səbəb, idxal inflyasiyasıdır. Biz istifadə etdiyimiz məhsulların çoxunu xaricdən gətirdiyimizə görə, oradakı qiymət artımları Azərbaycana da təsir edir. O məhsulların hazırlanmasında istifadə olunan xammalı da xaricdən gətiririk. Qiymət artımları həm də inhisarçılıqdan əmələ gəlir. Arxalarında duran insanlara arxayın olmaqla, qiymətləri artırırlar. Qiymət artımının hər faizi Azərbaycan vətəndaşının, ailəsinin büdcəsinə ildə 620 milyon manat ziyan vurur. Bu, ayda haradasa 50 milyon manatdan çox edir. O insafsızlar 1%-lə kifayətlənmir axı. Onlar süni surətdə qiyməti artırmaqla, Azərbaycan vətəndaşının 2-3 milyard manat cibinə girirlər. Kimsə kiminsə cibinə girib 5 manat götürəndə ona neçə il iş verirlər?! Amma o adamlara heç nə deyən yoxdur. Çünki arxaları möhkəmdir. Çox vaxt da bunu bazar iqtisadiyyatı ilə əlaqələndirmək istəyirlər. Amma bu, bazar iqtisadiyyatı deyil. Bazar iqtisadiyyatının klassik nümunələri olan ölkələrdə kimsə belə edəndə orada antimonopol qanunvericilik işə düşür və o cəzasını elə alır ki, bir də bunu etmir. Əvvəllər qiymət artımı aztəminatlı təbəqəyə daha çox zərbə vururdu, indi orta təbəqəyə də ziyan vurur. Rəsmi statistika ilə götürəndə, Azərbaycanda inflyasiya 5.7%-dir, ərzaq məhsullarının qiymətləri 6.7%-dir. Mən bilmirəm o monitorinqi axşam bazarlarında aparırlar, nə edirlər?! Qiymətlər rəsmi statistikada görünəndən də qat-qat çox qalxır. Ərzağı deyirlər, bəs qeyri-ərzaq məhsulları?! Bir sıra qeyri-ərzaq məhsullarının qiymətləri ərzağın qiymətindən sürətlə artır.
400 manatın ətrafında maaş alan, 320 manat pensiya alan adam bu qiymət artımları ilə necə dolansın?! Dərmanların da qiyməti sürətlə artır. Apteklərdə şahidi oluram, insanlar pullarını sayıb dərman ala bilmir. Bacardıqca arxadan işarə edirik ki, ödəyəcəyik, çünki yaşlı adamdır. Amma bunu kütləvi şəkildə etmək mümkün deyil axı. Bu məsələlər kifayət qədər müzakirə olunmalıdır. Kiçik bir qrup həqiqətən də istədiyini edir, qiymətləri kəllə-çarxa qaldırır və insanları soymaqla məşğuldur.
- Bugünkü Azərbaycan gənci pul qazanmaq istəyir, amma çoxu iqtisadi düşünmək istəmir. Bu, təhsil problemidir, yoxsa nəsil fərqi?
- Mən Azərbaycan gəncindən bədgüman deyiləm, onların kifayət qədər potensialı var. Dünya əhalisinin 1-2%-i dünyanın idarə edilməsində fəal rol oynayır. Ölkə daxilində də belədir. Azərbaycanda qat-qat çox istedadlı gənc var, sadəcə onları stimullaşdırmaq, özünəinam hisslərini gücləndirmək lazımdır. Gənclərimiz dünyanın birinci onluğuna düşən universitetlərində obrazlı şəkildə desək, Consondan da, Smitdən də yaxşı oxumağı bacarır. Bura gələndə isə mürmüc olur, iş tapmır. O gənci biz necə günahlandıra bilərik?! (gülür) Bunlar kiminsə bəhanələridir. Həmin Azərbaycan gənci torpaqlarımızın azad edilməsində möcüzə nümayiş etdirdi. Şuşanın sıldırımlarından insan keçə bilərmi? Amma keçib və onun adı “Azərbaycan gənci”dir. Ona görə də bu gənclərin qədrini bilmək, öz potensialına uyğun şəkildə istiqamətləndirmək lazımdır.
- Pensiya yaşının azaldılması ən çox müzakirə olunan məsələlərdəndir, amma icrası baş tutmur. Sizcə niyə?
- Pensiya yaşının azaldılmasını Milli Məclisdə ən çox qaldıranlardan biri elə mən olmuşam. Azərbaycanda hər 2 kişidən biri, hər 3 qadından biri, ortalama kişi və qadınların sayını ümumi götürəndə isə 10 nəfərdən 4-ü pensiya yaşına çatmadan vəfat edir. Bu, çox ciddi rəqəmdir. Deməli, pensiya yaşı orta ömür uzunluğu ilə müqayisədə yüksəkdir.
- Sizcə, kişilər və qadınlar üçün pensiya yaşı neçə olmalıdır?
- Çox yaxşı məqama toxundunuz. O statistikanın nə qədəri həqiqətdir, ya yox... Bunları kənara qoyanda, Azərbaycanda bugünkü ömür uzunluğu nöqteyi-nəzərdən, kişilər üçün pensiya yaşının 62-63, qadınlar üçün isə 60 olmağı daha məqbuldur. Bəzən mən belə deyəndə bundan da aşağı rəqəmlər səsləndirilir. Kimlərinsə xoşuna gələ bilər, amma reallıq başqadır.
- Statistikaya baxanda, qadınlar kişilərdən daha çox yaşayır. Bəs niyə həmişə kişilər üçün pensiya yaşı qadınlardan daha yüksək təyin edilir?
- Beynəlxalq praktikada kişilərin pensiya yaşını qadınlardan çox götürürlər. Elə bir praktika yoxdur ki, qadınların pensiya yaşı kişilərdən yüksək olsun. Son vaxtlar da bərabərləşdirməyə başlanılıb. Baxmayaraq ki, orta ömür uzunluğunda qadınlar kişilərdən daha çox yaşayır, Azərbaycan üçün qadınların pensiya yaşının kişilərdən aşağı götürülməsi variantı daha məqbuldur.
- İndiyə qədər hansı qərarı verməkdən peşman olmusunuz?
- Qərar verməyin müxtəlif üsulları var. Birincisi, yetərincə fikirləşirsən, ölçüb-biçirsən sonra qərar verirsən. İkincisi isə, qərar verirsən, sonra fikirləşirsən. Mən daha çox birinci üsuldan istifadə edirəm. Ona görə də hansısa qərarın verilməsində peşman olmaq hissim yoxdur. Həm də ona görə ki, həyatın yazılmamış qanunlarında bir ritm var. Royalda ağ dillər də olur, qara dillər də. Ən gözəl melodiyalar ağ və qara dillərin kombinasiyasından alınır. İnsan həyatı da belədir: onun həyatının ən yaddaqalan məqamları ağ və qara hadisələrin kombinasiyasından alınır. Əgər insan bunun fərqinə varırsa, uğursuzluğu faciə kimi qəbul eləmir, əksinə növbəti uğurunun başlanğıcı kimi düşünür.
- “Kaş ki...” cümləni siz tamamlayın...
- Hər kəs ya görə bilmədiyi işlərin, ya da arzularının “kaş ki”lərini yaşayır. Məsələn, mənim “kaş ki”lərimdə Azərbaycanın müstəqil olması həmişə prioritet təşkil edib. Sonrakı “kaş ki”m Azərbaycanın suverenliyini bərpa etməsi ilə bağlı idi. Mən bunların hər ikisini gördüm. İndiki “kaş ki”m... Kaş ki, Konstitusiya və Suverenlik İlindən sonra, Azərbaycanın suverenliyi vətəndaşların rifahı ilə maksimum tez tamamlana bilsin. Bu kontekstdə də heç bir Azərbaycan vətəndaşının leksikonunda “kaş ki” ifadəsi olmasın.
- Əgər deputat olmasaydınız, həyatınız hansı istiqamətdə gedərdi?
- Elmi tədqiqat... Yenə də müəyyən dərəcədə məşğul oluram. Amma elmi tədqiqatla ciddi məşğul olmaqla indiki məşğul olmağımı müqayisə etsək, qışda palto nə qədər lazımdırsa, bu da o qədər lazımdır. Amma siz fikir verin, mən heç vaxt əsaslandırılmamış heç nə demirəm. Bu, nə vaxtsa elmi tədqiqatla ciddi məşğul olmağımın nəticəsidir. Hər bir işin içində onun elmiliyini qaldırmalısan.
- Deputatlıq Əli Məsimliyə nə qazandırdı və ondan nəyi aldı?
- Fəaliyyət göstərdiyin dairədə insanların hansısa bir işinə dəstək olursansa, bu, sözlə ifadə olunmayan hisslər yaradır. Amma bunu bacarmayanda, ağır bir yük hissi yaranır. Bu nöqteyi-nəzərdən qanunvericilik sənədlərin işlənib hazırlanmasındakı iştirakımı, seçicilərin arzu və istəklərini yerinə yetirə bilməyi qazanc hesab edirəm. Lakin seçicilərin tələbləri ilə bağlı faydalı iş əmsalının mənim potensialımdan qat-qat aşağı olmasını isə təəssüfləndirici hal kimi qiymətləndirirəm.
Hər bir insanın qəlbində qorxu odası var. Onlar müxtəlif səpkidə olur. Nə yazıq o adama ki, onun qorxu odası “bunu desəm, görən nə olar”larla dolur. Mənim ürəyimdəki qorxu odam odur ki, nəvəm pilləkəndən yıxılar, dizi yaralanar. İkisi arasında fərq çoxdur. Elə şeylər var ki, tutduğum postda o informasiyanı demək məqbul deyil, mənimlə o biri dünyaya gedəcək. Lakin elə şeylər də var ki, mən onu demək istəyirəm və deyirəm.
Bəzən hansısa sahədə ABŞ-dəki təcrübəni Azərbaycanda tətbiq etmək istəyirlər. Amma başa düşmürlər ki, həmin təcrübəni bizdə tətbiq edib uğurlu nəticə əldə etmək üçün burada kifayət qədər amerikalı yaşamır. Ona görə də, mən deyirəm ki, cərimələrlə, müxtəlif qondarma rüsumlarla büdcəni doldurmaq mümkün olmadığı kimi, insanlardan işlətmədiyi qaza, işığa görə nəsə almaqla da həmin təşkilatların maliyyə vəziyyətini düzəltmək mümkün deyil. Ümumiyyətlə, köklü islahatlar aparmaq lazımdır. Necə olur ki, borc içində üzən, işçilərin maaşını verə bilməyən təşkilatın rəhbəri bir neçə yüz min dollarlıq maşın sürür?! Bu, hansı məntiqə sığır?! Qanundan yuxarıda heç kəs durmamalıdır. Kimsə qanundan yuxarıda durursa, istəyir Peyğəmbər övladı olsun, sui-istifadə edəcək. Ona görə də qanundan yuxarıda duranları qanunun aşağısına salmaq lazımdır.
Nuranə Daxilqızı
Foto-Video: Xəyal Vəlizadə
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 2025 14:04
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 oktyabr 2025 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
28 oktyabr 2025 21:32
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 2025 13:32
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 2025 13:03
- Prezident Sabirabada səfər etdi (FOTO)
28 oktyabr 2025 11:20
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 2025 02:48
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 2025 22:44
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi
29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir
29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 15:15
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 13:03
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
28 oktyabr 11:48
- Prezident Sabirabada səfər etdi (FOTO)
28 oktyabr 11:20
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
- Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
27 oktyabr 13:57
- Putin hərbi paltarını geyindi ))
27 oktyabr 11:06
- XX əsrin ən gözəl oğlanı vəfat etdi
27 oktyabr 10:52
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 10:24
- Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur
27 oktyabr 02:03
- Putin Azərbaycan və Ermənistanla bağlı mənə dedi ki... - Tramp AÇIQLADI
26 oktyabr 22:33
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 21:35
