Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Hadisə18 sentyabr 2025 14:43

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü tamam olur.
2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli, eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğurulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu il festival 17-ci dəfə zəngin proqramla tamaşaçıların görüşünə gələcək. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək. Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Cənubi Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər. Həmçinin görkəmli bəstəkarın 140 illik yubileyi münasibətilə bir sıra ölkələrdə müxtəlif səpkili silsilə tədbirlər keçiriləcək.
Azərbaycan opera və operettasının banisi
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab” (1910), "Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm” (1912), "Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi - "Koroğlu” operası
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu” operasıdır. "Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin "Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Ədəbi və elmi irsin böyük nümunəsi
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.(AZƏRTAC)
Oxşar xəbərlər
- Azərbaycanda dərs rejimi dəyişir? - Dərslər 40, tənəffüslər 10 dəqiqə
27 sentyabr 2025 21:14
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 2025 14:43
- Ağsu POLİSİNİN UĞURLARI - Sakinlər rəis Oruc Əmiraslanovdan razılıq edirlər
27 sentyabr 2025 12:18
- Rəsmilər Zəfər abidəsini ziyarət edir - Fotolar
27 sentyabr 2025 10:48
- Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
27 sentyabr 2025 02:32
- Qanuna tüpürdülər, Elmira Axundovanın - SAĞ ƏLİ - olan dələduzu vaxtından əvvəl azad etdilər! – AD GÜNÜ HƏDİYYƏSİ
26 sentyabr 2025 16:19
- Vəkil Şaiq Mirzəyev Mikayıl İsmayılova məxsus Az-Qranata MMC-nin baş direktoru olub
25 sentyabr 2025 14:19
- Zəfərə aparan yolun 5 ili - Azərbaycanın yeni hədəfi
25 sentyabr 2025 12:50
- Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTOLAR
24 sentyabr 2025 13:40
- BAKCELL regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
24 sentyabr 2025 12:59
Xəbər lenti
- Azərbaycanda dərs rejimi dəyişir? - Dərslər 40, tənəffüslər 10 dəqiqə
27 sentyabr 21:14
- Prezidentin əlindən tutduğu Nilay kimdir ? (FOTO)
27 sentyabr 20:15
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 14:43
- İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi
27 sentyabr 13:27
- Ağsu POLİSİNİN UĞURLARI - Sakinlər rəis Oruc Əmiraslanovdan razılıq edirlər
27 sentyabr 12:18
- Rəsmilər Zəfər abidəsini ziyarət edir - Fotolar
27 sentyabr 10:48
- İntim videoları yayılan polkovnikə YOX cavabı verildi
27 sentyabr 10:27
- Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
27 sentyabr 02:32
- Prezident İlham Əliyev Anım Günü ilə bağlı paylaşım etdi
27 sentyabr 00:41
- Bu da Adnanın lüks avtomobil kolleksiyası - FOTO
27 sentyabr 00:25
- BU GÜN AXC təşkilat şöbəsinin müdiri Arif Abdullayevin QƏTLİNİN 35 İLİDİR...
26 sentyabr 17:37
- Qanuna tüpürdülər, Elmira Axundovanın - SAĞ ƏLİ - olan dələduzu vaxtından əvvəl azad etdilər! – AD GÜNÜ HƏDİYYƏSİ
26 sentyabr 16:19
- Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevə...- Bəs, 11 yaşlı qız uşağı NİL-in hüququ..?
26 sentyabr 15:48
- Prezident ailəsinin Nyu-Yorkdan FOTOSU
26 sentyabr 12:12
- Qazi vəfat etdi - Foto
26 sentyabr 11:11
- III MDB Oyunları bu gün başlayır
26 sentyabr 11:03
- Putin Paşinyanla görüşdü
26 sentyabr 10:57
- Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng etdi
26 sentyabr 00:51
- Ağsu Mərkəzi Xəstəxanasının yeni direktoru Gülnarə Muxtarova qısa vaxtda ciddi müsbət dəyişikliklər edib
26 sentyabr 00:45
- ABŞ-də Ərdoğan-Tramp görüşü başladı
25 sentyabr 22:27
- Prezident bu hərbçiləri təltif etdi (SİYAHI)
25 sentyabr 21:57
- Vəkil Şaiq Mirzəyev Mikayıl İsmayılova məxsus Az-Qranata MMC-nin baş direktoru olub
25 sentyabr 14:19
- Adnan Əhmədzadənin Dubayda 67 milyonluq dəbdəbəli mənzili - FOTO
25 sentyabr 13:13
- Zəfərə aparan yolun 5 ili - Azərbaycanın yeni hədəfi
25 sentyabr 12:50
- Paşinyan Rusiyaya getdi
25 sentyabr 12:12
- Ərdoğan bu gün Trampla görüşəcək
25 sentyabr 11:08
- Fəxri Kazımov nə qədər pul qazanıb? - Rəqəmlər
25 sentyabr 10:53
- Prezident və ailə üzvləri Nyu-Yorkda (FOTO)
25 sentyabr 10:47
- Yer kürəsində yaşamış ən böyük heyvanlar - Uzunluğu 30 metr, çəkisi 200 ton
25 sentyabr 01:59
- İmadəddin Nəsiminin qohumları Şamaxıda
24 sentyabr 22:00
Video & Fotoqalereya
Video
Fotoqalereya