Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
Kulis.az Firuz Mustafanın "İbn Xəldun. Sosiologiya elminin banisi və "Şərqin Marksı" yazısını təqdim edir.
İbn Xəldun (tam adı belədir: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun əl-Hədrami əl-Əşbili 27 may 1332-ci il, Tunis - 17 mart 1406-cı il, Qahirə) - XIV əsr ərəb filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biridir. Onu bəzən "islam dünyasının Marksı" da adlandırırlar.
İbn Xəldunun ailəsi VIII əsrin sonlarında Yəməndən Əndəlusa (İspaniyaya) köç etmiş və XII əsrdə Əndəlusun Kastiliya kralı III Ferdinand tərəfindən ələ keçirilməsindən sonra Tunisə getmişdir.
Tədqiqatçıların yekdil fikrinə görə, İbn Xəldunun zatında ispan qatqılarının olması mümkün görünsə də, onun ərəb köklərinə malik olduğu şübhə doğurmur. İbn Xəldunun babası Tunisdə Həfsi sarayında vəzir olmuşdur. Atası Məhəmməd Vəbili isə İslam elmi və ədəbiyyat sahəsində tanınmış alim idi. İbn Xəldun ilk təhsilini atasından almış və ondan aldığı dərslərlə birlikdə Quranı əzbərləməyə başlamışdır. Ailəsinin nüfuzuna görə Tunisdəki ən yaxşı müəllimlərdən dərs almışdır.
İbn Xəldun öz şəhərində Quran, hədislər, hüquq, qrammatika və poeziyanı öyrəndikdən sonra Fəsdə Marinidlər sultanı Əbu İnanın xidmətində çalışıb. Saray intriqaları onu 1362-ci ildə İspaniyaya köçməyə məcbur edib. O, 1382-ci ildən Qahirədə yaşayıb, əvvəlcə baş qazi, sonra isə malikilər məzhəbinin ali qazisi (şəriət hakimi) vəzifəsini tutub. Eyni zamanda Əzhər məscidində də dərslər verib. Onun dürüstlüyü çoxlu düşmən qazanmasına səbəb olub və bir neçə dəfə vəzifəsindən uzaqlaşdırılsa da, yenidən vəzifəyə qaytarılıb. 1400-cü ildə Teymurləng Suriyaya hücum etdikdə Əmir Teymur və İbn Xəldunun tarixi görüşü baş tutdu. İbn Xəldun Dəməşq əhalisi adından Əmir Teymurla görüşə gedən nümayəndə heyətinin tərkibində idi və bu görüşdə ondan şəhərə mərhəmət göstərməsini xahiş etdi. Ölkələri fəth edən Əmir Teymurla İbn Xəldun kimi intellektual bir şəxs arasında bu söhbətlər iki həftə davam etmiş, İbn Xəldun Teymurləngi öz natiqliyi ilə heyrətləndirmiş və Qahirəyə yenidən ali qazi kimi qayıtmışdır (1400). İbn Xəldun öz avtobioqrafiyasında Əmir Teymur ilə görüşləri, habelə onun Dəməşqi talan etməsi və şəhərdə baş verən böyük yanğın haqqında ətraflı yazmışdır.
İbn Xəldun 1401-ci ilin martında Qahirəyə geri dönmüş, sonrakı beş ilini avtobioqrafiyasını və dünya tarixindən bəhs edən əsərini tamamlamağa sərf etmişdir. Alim altıncı dəfə Maliki qazısı təyin edilməsindən bir ay sonra 17 mart 1406-cı ildə vəfat etmiş və Nəsr qapısının yanında Sufiyyə qəbiristanlığında dəfn olunmuşdur.
İbn Xəldunun ən məşhur əsəri belə adlanır: "Müqəddimə: Ümumdünya tarixinin giriş kitabı". Həmin əsər, yəni "Müqəddimə" sadəcə bir tarixi traktat deyil, mübaliğəsiz demək olar ki, cəmiyyəti idarə edən qanunların inqilabi inikasıdır. İbn Xəldunun fikirləri sosiologiyanı, iqtisadiyyatı və hətta təkamül nəzəriyyəsini qabaqlayıb. Elə buna görə də onu "sosial elmlərin atası" adlandırırlar.
"Müqəddimə"dən 10 mühüm aparıcı fikir xüsusilə diqqəti çəkir.
1. Tarixin dövrləri haqqında: "Sülalələr insanların həyatına bənzər bir ömür yaşayır: onlar doğulur, böyüyür, yetkinləşir və tənəzzül edir".
2. Cəmiyyətin birliyi haqqında: "Asabiyyə (qrup birliyi) xalqları yüksəkliyə qaldıran qüvvədir, onun zəifləməsi süquta gətirib çıxarır".
3. Mühit və xarakter haqqında: "İnsan öz vərdişlərinin və ətraf mühitinin övladıdır; səhranın sakinləri dözümlüdür, şəhər əhalisi isə zəifdir".
4. İzafilik və tənəzzül haqqında: "Sivilizasiya zənginliyinin zirvəsinə çatanda daxildən çürüyərək sabitliyini itirir."
5. Bilik və irəliləyiş haqqında: "Həqiqi elm avtoritetlərdən kor inancı deyil, faktların yoxlanmasını tələb edir".
6. Hakimiyyət haqqında: "Hakimlər gücə aldanaraq xalqı unudurlar, bu isə onların məhvini gətirir".
7. Əmək və sərvət haqqında: "Sərvət torpaqdan və ya qızıldan deyil, insanların əməyindən yaranır".
8. Din və cəmiyyət haqqında: "Din əsəbiyyəni gücləndirir, lakin onun təhrif olunması parçalanmaya səbəb olur".
9. Şəhərlər və tənəzzül haqqında: "Şəhərlər böyüyərək resurs axını olmadan yaşaya bilməyəcək qədər böyük olur".
10. Keçmiş və gələcək haqqında: "Tarixin öyrənilməsi bizə bu günü anlamağı və gələcəyi qabaqcadan görməyi öyrədir".
İbn Xəldun belə hesab edir ki, hər bir dövlətin insan kimi öz ömrü var. Bütün dövlətlər həyatlarını tamamladıqdan sonra mütləq süqut edəcəklər. İbn Xəldun süqutun əsas səbəbi kimi "əsəbiyyə"nin, yəni qrup həmrəyliyinin, ruh birliyinin zəifləməsini göstərir. İbn Xəldunun fikrinə görə, dövlətin süqutunun digər səbəblərindən biri də maliyyə sisteminin pozulmasıdır. O, maliyyə sisteminin pozulmasına səbəb kimi əsasən idarəçilərin məsuliyyətsizliyini, savadsızlığını göstərir.
Dövləti süquta aparan başqa bir səbəb kimi İbn Xəldun dövlət adamlarının zülmünü də göstərir. Hökmdar ilə təbəə arasındakı uçurum dərinləşdikcə, üstəlik, idarəçilərin zülmü də artdıqca dövlətin süqutunun ilk işartıları görünməyə başlayır.
Dövlətin hər yerində saxta idarəçilərin mövcud olduğunu söyləyən İbn Xəldun hökmdarın ətrafına saxta dostlar topladığını iddia edir. Bu saxta insanlar isə təkcə maddiyyatı düşündüklərinə görə, dövlət xəzinəsi boşalanda borcları təbəənin belinə yükləyirlər. Bunun üçün vergilər bir neçə dəfə artırılır, lakin artım qərarı verilən vaxt təbəənin fikri nəzərə alınmır. Yüksək vergilərin altında əzilən təbəə heç vaxt etiraz edə bilmir, çünki təbəənin etiraz etməsi cinayət hesab olunur. Dövlətin hər yerində zülm davam etdiyi vaxt təbəələrdən zorla, yaxud digər yollarla əldə edilən gəlirlərə görə məmurlar arasında qısqanclıq hissi və çəkişmələr yaranır. Hətta bu çəkişmələr hökmdara şikayət həddinə qədər qalxır.
Şikayətlərin çoxalması məmurların sərvətlərinin əllərindən alınması ilə nəticələnir, lakin bu vəziyyətdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çətinləşir. Belə olduğu halda, dövlətin heç bir qurumu sağlam şəkildə işləyə bilməz. Təbəə isə dövlətə qarşı olan inamını və sevgisini itirmiş olur. Belə bir vəziyyətə düçar olan dövlət içdən və yaxud kənardan gələn ən xırda təhlükə qarşısında müqavimət göstərə bilməz.
İbn Xəldun bildirir ki, əgər maliyyə sisteminin pozulmasına qarşı vaxtında düzgün tədbirlər görülməsə, bu, dövlətin süqutunda ən önəmli məsələyə çevrilər. Dövlət qurumlarının davamlı olması və ordunun birliyinin qorunması üçün maliyyə önəmlidir. Maliyyə isə döyüşlərdən və təbəələrdən alınan vergilər sayəsində təmin olunur. Dövlət son çağlarını yaşadıqda, döyüşlərdən qənimət əldə edə bilmir, hətta öz qənimətini belə itirir. Təbəələrin verdiyi vergilər məmurlar tərəfindən mənimsənildikdə, dövlət təbəələrin üzərinə daha ağır vergilər qoymağa başlayır.
"Dövlət çökməyə başlayanda bazarda satılan hər şeydən vergi alınır". Vergilərin ağırlaşması təbəənin yaşayışına ciddi təsir göstərir və iqtisadi sistemin inkişafını ləngidir. Halbuki normal dövlətin hökmdarı təbəəsinin mal-mülk və yaxud sərvətinə göz dikmir.
İbn Xəldun iqtisadi həyatın həmişə tələb və təklif arasında tarazlıq yaratdığını nəzərə çatdırır. Onun fikrincə, istehsal əmək faktorlarına və cəmiyyətin əməkdaşlığına əsaslanır.
İbn Xəldun, adətən çağdaş tarixin, siyasi elmlərin və sosiologiyanın qurucusu kimi qiymətləndirilir. Onun əsas tarixi əsəri - "Ərəblərin, farsların, bərbərlərin və böyük hakimiyyətə malik olan müasirlərin tarixi ilə bağlı nəsihətlər kitabı" ("Kitab əl-İbər və Divan əl-Mübtədə və əl-Xəbər fi Əyyam əl-Ərəb və əl-Əcəm və əl-Bərbər və Mən Əsərahum Min Zavi Əs-Sultan əl-Əkbər") adı ilə tanınır.
İbn Xəlduna görə, tarixin görünən üzündə bir çox hadisələr yer alsa da, tarixin əsil mənası onun gizli üzündədir.
İbn Xəldunun fəlsəfi yaradıcılığından söhbət açan müəlliflər, adətən onun özündən əvvəl yaşamış Şərq və yunan filosoflarından bəhrələndiyini vurğulayırlar. Amma maraqlı burasıdır ki, alimin özü bir neçə dəfə Aristotel və İslam filosofları haqqında ciddi tənqidi fikirlər səsləndirmişdir.
İbn Xəldun dövlətin keçdiyi mərhələləri beş yerə bölür. İbn Xəldun təqdim etdiyi tsiklinin (dövriliyin) üç nəsil ərzində davam etdiyini və beş mərhələdən keçdiyini müəyyən etmişdir:
1. Müxalifətin devrilməsi (uğur mərhələsi).
2. Hakim tərəfindən öz xalqı üzərində tam nəzarətin əldə edilməsi (tam nəzarət).
3. Asudəlik və rahatlıq mərhələsi.
4. Məmnunluq mərhələsi.
5. Zəifləmə və süqut.
Hegel də İbn Xəldunu dövlətin və sivilizasiyaların spiralvari inkişaf təbiətini əvvəlcədən xəbər verən ilk sosial mütəfəkkirlərdən biri kimi yüksək qiymətləndirirdi. O, İbn Xəldunun ideyalarını özünün dialektik inkişaf konsepsiyası ilə oxşar hesab edirdi. Hegel də İbn Xəldun kimi belə hesab edirdi ki, cəmiyyətlər yüksəliş, yetkinlik və süqut mərhələlərindən keçirlər.
Bununla yanaşı, İbn Xəldun ilə Marksın baxışlarını birləşdirən cəhətləri də vurğulamaq mümkündür. Müxtəlif zaman və məkanlarda yaşasalar da, onların tarix, iqtisadiyyat və cəmiyyət haqqında baxışları arasında ciddi oxşarlıqlar mövcuddur ki, bu da hər iki mütəfəkkirin işləri arasında paralellər aparmağa imkan verir.
İbn Xəldun ilk dəfə "sivilizasiya" anlayışını elmi dövriyyəyə daxil edən mütəfəkkir olmuşdur. Filosof sivilizasiyanın yaranması və mövcudluğunu şəhərlərlə əlaqələndirmişdir. İbn Xəldunun nəzəriyyəsinə görə, tarix sivilizasiyanın spesifik xüsusiyyətlərini öyrənməli və müxtəlif xalqların bu xüsusiyyətlərə necə sahib olduğunu araşdırmalıdır.
İbn Xəldunun fikirlərinin orijinallığı və dərinliyi onun tarix elminin predmetini və vəzifələrini dərk etməsində özünü göstərir. Filosof tarixin iki aspektini fərqləndirir: Birinci aspektə görə, xarici tərəfdən tarix keçmiş nəsillər haqqında rəvayətdir. İkinci aspektə görə, daxili mahiyyət baxımından tarix, "bütün mövcud olanın əsas və qaynaqlarını dəqiq müəyyən etmək, hadisələrin necə və niyə baş verdiyini dərindən bilmək" deməkdir. Maraqlısı budur ki, filosof tarix elmini sadəcə hadisələrin izahından uzaqlaşdıraraq onu fəlsəfi elmlərə daxil etməyi təklif edir və tarix üçün nəzəri əsaslar yaratmağa çalışır.
İbn Xəldunun tarixin vəzifələri ilə bağlı bu cür yanaşması XIV əsr üçün tamamilə yeni bir konseptual hadisə idi. Böyük mütəfəkkir, ümumiyyətlə cəmiyyət tarixini həyat vasitələrinin əldə edilməsi üsulu ilə bir-birindən fərqlənən iki dövrə bölür. Birinci dövr kənd həyatı ilə, ikinci dövr isə şəhər həyatı ilə bağlıdır. Cəmiyyətin birinci dövrdən ikinci dövrə keçidi iqtisadi tərəqqi və əmək məhsuldarlığının artması ilə şərtlənir.
İbn Xəldun cəmiyyət həyatına təsir edən iki növ maddi amili də ayırır: coğrafi mühit və dolanışıq vasitələrinin əldə edilmə üsulu ilə müəyyənləşdirilən həyat tərzi. İqlim həyat tərzində fərqliliklər yaradır, həyat tərzi qidalanma fərqlərinə, qidalanma isə bədən quruluşu, əxlaq, intellektual qabiliyyətlər və s. fərqlərə səbəb olur. Filosof həyat tərzinin xalqın etnik xüsusiyyətlərinin yaranmasında rolunu vurğulasa da, onun baxışları prinsip etibarilə coğrafi determinizm və vulqar materializmin hüdudlarını aşmır. Lakin bu yanaşma belə, son orta əsrlər dövründə böyük bir elmi irəliləyiş idi.
İbn Xəldunun fikrincə, iqlim yalnız həyat tərzinə deyil, həm də insanların dəri rənginə təsir edir. O, qeyri-mülayim cənub iqliminin sakinlərinin qaradərili olmalarını bu amillə izah edir. Filosof sudanlıların Xamın nəsilləri olduğu və onların dəri rənginin ulu babalarının lənəti nəticəsində meydana gəldiyi barədə mövcud olan dini baxışları tənqid edir. Ərəb filosofunun fikrincə, bir xalqın ümumi etnik xüsusiyyətlərini onun hansısa şəxsin nəslindən olduğunu iddia etməklə izah etmək, hadisənin mahiyyətini anlamaqdan yayınmaq nəticəsində yaranan bir səhvdir.
İbn Xəldunun əsərlərində tez-tez Allahdan bəhs edilsə də, o, Allahın tarixi prosesə müdaxiləsini qəbul etmir. Buna görə də filosof, sosial hadisələrin səbəblərini gizli fövqəltəbii qüvvələrin təsiri ilə izah etməyi doğru hesab etmir.
İbn Xəldun iddia edir ki, İslam dünyasında hakimiyyət zorakılıq və məcburiyyət əsasında qurulmuşdur (həm fiziki, həm də simvolik baxımdan) və bu, siyasi hakimiyyətin və hegemoniyanın nəzarət altına alınması üçün həyata keçirilmişdir.
İbn Xəldun başa düşmüşdür ki, tarix insanın və cəmiyyətin faktiki vəziyyətini öyrəndiyi üçün siyasi fəlsəfədən daha çox, konkret fəaliyyətlə bağlıdır. O, qədim dövrlərin tarixinin müstəqil elm sahəsi kimi nəzərdən keçirilmədiyini aşkar etmiş və bu boşluğu doldurmağın vacibliyini vurğulamışdır.
Bir çox şərhçilərin fikrincə, İbn Xəldunun bəzi düşüncələri bioloji təkamül nəzəriyyəsini qabaqlayır. O, Darvindən əvvəl, insanların "meymunlar aləmi"ndən yarandığını və bu prosesdə "növlərin daha da çoxaldığı" fikrini irəli sürmüşdür.
İbn Xəldunun zəngin irsi dövrünün sosial, fəlsəfi və siyasi problemlərin dərk olunması və həllində böyük əhəmiyyət kəsb etmişdir. Onun ideyaları insan hüquqları, azadlıq və humanizm prinsipləri üzərində qurulan cəmiyyətlərin inkişafı üçün əvəzolunmaz töhfələr vermişdir.
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 2025 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
9 dekabr 2025 21:06
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09 dekabr 20:20
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
09 dekabr 20:01
- Namizəd Səfərov saxlanıldı
09 dekabr 19:52
- AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstan AÇIQLAMA YAYDI
09 dekabr 15:06
- Dekabrın 10-da Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
09 dekabr 14:17
