ABŞ-də BİRİNCİ seçilən azərbaycanlı (FOTO)
İnsan həyatını topa bənzədir. Deyir ki, top özü-özünə havaya qalxa bilmir, o yerə zərbə ilə vurulmalıdır ki, sıçraya bilsin. Yerə vurulmaq anı isə bizə verilən dərsdir. Hesab edir ki, ya dərs almalıyıq, ya qarşı çıxmalıyıq. Dərs aldıqda həyat sənə yaxşı davranır və top kimi üzü yuxarı hərəkət edirsən.
Müsahibimiz tanınmış sahibkar, süni intellekt modelləri vasitəsilə risklərin təhlili, fırıldaqçılığın aşkarlanması və məlumat məxfiliyinin qorunmasında bizneslərə həllər təqdim edən "Polygraf AI”nin baş icraçı direktoru, Azərbaycanı xaricdə ticarətçi deyil, texnologiya ölkəsi kimi tanıtmağı qarşısına məqsəd qoyan Yaqub Rəhimovdur.
Naxçıvanda anadan olub. Anası fizika müəllimi, atası fotoqrafdır. Dörd yaşında yazıb-oxumağı öyrənir, altı yaşında yuxarı siniflərlə riyazi bilikləri ilə rəqabət aparır. O qədər fərqlənir ki, hətta birinci sinif müəllimi Rəna xanım ona balaca filosof deyir.
Hansı ki, bu filosof gələcəkdə "Target Signals” şirkətini təsis edir, "Diversey Europe” şirkətində satınalma mütəxəssisi kimi çalışır, "IronFX”də biznesin inkişafı üzrə rəhbər olur. Onun fəaliyyəti dövründə şirkət Kiprdən başlayaraq 25-dən çox ölkəyə genişlənib və həcm baxımından dünyanın ikinci ən böyük pərakəndə FX brokeri olub. Həmçinin "7Marketz Group”un həmtəsisçisi olur, onu FX və blokçeyn sahəsində dünyanın ilk üç media qrupundan birinə çevirməyə nail olur. Hazırda isə həmsöhbətimiz ABŞ-də təsisçisi olduğu "Polygraf AI” ilə qlobal uğura imza atıb.

"13 yaşımda günə 150 dollar qazanırdım”
- Yaqub bəy, 12-13 yaşınızdan pul qazanmısınız. 13 yaşlı uşaq günə 150 dolları necə qazanırdı?
- Liseydə təhsil alır, yataqxanada qalırdım. Bir dəfə yataqxanadan evə qayıdarkən Möminə Xatun türbəsinin yanından keçəndə gördüm ki, ingilis turistlər türbə ilə maraqlanmaq istəyirlər. Əlimdə yüklə yaxınlaşdım ki, köməyə ehtiyacınız varsa, kömək edə bilərəm. Mənə təəccüblə baxıb soruşdular ki, bu, sənin işindir? Bu söz sanki mənə fürsət verdi. Dedim ki, işim deyil, amma bəyənsəniz ödəniş edə bilərsiniz. Həmin vaxtdan, hər həftə yataqxanadan çıxanda o türbənin yanına gedir, turistlərə bələdçilik edirdim. Bir günə 150-250 dollar qazanırdım.
- Yəqin ki, azyaşlı uşağın bu qədər pulunun olması valideynlərinizi narahat edib...
- Bəli. Yadımdadır, həmin il maddi sıxıntılarımız var idi və ailəm liseydə təhsil haqqımı ödəməkdə çətinlik çəkirdi. Yenə eyni qaydada dərsdən çıxdım, türbənin yanında 40-60 nəfər turist var idi. Həmin gün təxminən 400 dollar qazandım. Liseyə qayıtdım və təhsil haqqımı ödədim. Anam maaş alan kimi bütün gəlirini mənim təhsilim üçün verirdi. Ödəniş etmək istəyəndə, təhsil haqqının ödənildiyini bilib. Həmin il də şagirdlərdən biri oğurluğa görə məktəbdən qovulmuşdu. Anamın da ağlına dərhal o gəldi. Narahat oldu ki, uşaq bu qədər pulu haradan tapıb. Buna görə atamla ciddi mübahisəmiz olmuşdu.
"Pulun qiymətini öyrəndim”
- Bəs ABŞ ilə yolunuz necə kəsişdi?
- 10-cu sinifdə "Flex” proqramı ilə ABŞ-yə getdim. Evində yaşadığım ailə onlayn ticarətlə məşğul idi. Bank sahəsində işləyirdilər. Mən onlardan ticarəti öyrəndim. Evin sahibi ağlınıza gəlməyəcək dərəcədə pulgir idi. Hətta soyuducunun qapısına qıfıl qoymuşdu ki, gündə iki dəfə istifadə edilməlidir. Sonra bildim ki, o, çox möhtəşəm insandır və pulunu yığır, qənaət edirdi ki, başqalarına kömək olsun. Mən pulun qiymətini ondan öyrəndim. 2006-cı ildə Azərbaycana qayıtdım, ali təhsil üçün imtahan verdim. Ailəm uzağa getməyimi istəmədiyi üçün Naxçıvan Dövlət Universitetinə qəbul oldum. Səhərlər universitet, günortalar mobil operatorlardan birində müştəri xidməti, gecələr də yapon səhmlərinin ticarəti ilə məşğul olurdum. Həmin vaxt 17 yaşım var idi və maliyyə bazarlarında ticarətə yaşım uyğun olmadığı üçün atamın adını istifadə edirdim.

- Bələdçilik, müəllimlik, ticarət... Yaşınız az olsa da, iş həyatınızdan əskik olmayıb. Bəs, sizcə, həyatınızın dönüş nöqtəsi nə olub?
- 2007-ci ildə Gürcüstanda qatıldığım kurs həyatımın dönüş nöqtəsi oldu. Çünki o vaxta qədər həyatı həmişə iş üçün görürdüm. Hədəflərim yaxşı iş tapmaq, işləmək idi. Kursda azad iqtisadiyyata fokuslanan, tanınmış professor Ken Schoolland ilə tanış oldum. Onlar düşünürdülər ki, sənin dövlətdən və digərlərindən asılılığın olmamalı, heç nəyi başqasından gözləməməlisən. Bu, məndə dönüş nöqtəsi oldu. Məhz bundan sonra maliyyə bazarına daha ciddi baxmağa başladım və xarici bir investorun kiçik bir investisiyasını çox böyük bir məbləğə qaldıra bildim. Lakin sonra çox miqdarda itki də etdim.
- Eniş hansı səbəblərdən baş verdi?
- Burada həm şans, həm zamanın düzgün idarə olunması, həm də risk faktorunu düzgün seçmək rol oynayır. Ticarətdə müəyyən nöqtədən sonra insanın özünə inamı o qədər yuxarı qalxır ki, qeyri-düzgün risk faktorları götürməyə başlayırsan. Ondan sonra aşağı doğru enirsən.
"Platformanı dünyanın ən böyük brokerinə çevirdik”
- Fəaliyyətinizi burada saxlayıb, xaricdə təhsil almağa qərar verirsiniz. Lakin həyatın ən sərt üzü ilə məhz burada rastlaşırsınız. Bəs ən dibdən sonra yüksəlişiniz necə oldu?
- Bəli, 2008-ci ildə xaricdə təhsil üzrə dövlət proqramına qəbul oldum. 19 yaşımda o təqaüdü qazanan ilk iki qrupda idim və təhsil üçün Niiderlanda getdim. Lakin təqaüdüm hələ ödənilməmişdi. Mənə dedilər ki, sən get, ödəniş hesabına köçəcək. 1200 dollarla getdim, pulumun çox hissəsini yataqxanaya köçürdüm. Birinci həftənin sonunda ciblərim boşalmışdı. Həftəlik 1-2 avro ilə yaşamalı idim, bu da mümkün deyil. Çox böyük depressiyaya düşdüm. İkinci ay gəldi, təqaüdüm yenə ödənilmədi, mənə bildiriş gəldi ki, ödənişi etməsən, yataqxanadan çıxarılacaqsan. Bu müddətdə də anamın səhhətində ciddi problemlər yaşanırdı və çox böyük müalicə prosesindən keçməli idi. Müalicəni araşdırdım, kursun təqribi 300-400 min dollarlıq xərci var idi. Bunlar 19 yaşlı bir gənc üçün çətin sınaqlardır. O vəziyyətdə mənə yaxın duran da yox idi. Universitetdə yalnız bir nəfər tələbə yoldaşım problemimi görüb mənə kömək olmağa çalışdı. Həmin xanım hazırda həyat yoldaşımdır. Bu hadisələrin ardınca həyatım dəyişməyə başladı.

- "Dib”i yaşadıqdan sonra ilk işiniz nə oldu?
- İlk şirkətimiz "Target Signals”ı yaratdım. "Facebook”da böyük izləyici kütləm var idi. Onlara əsaslanıb, sosial ticarət platforması qurdum. 2010-cu ildə bunu rəsmi şirkətə çevirdim. Sonra dostumla platformanı qurduq. Üç ayda 10 min istifadəçi kütləsinə çatdıq. Bu müddətdə yenə də anamın sağlamlığı ilə bağlı problemlər davam edirdi. Xərcləri qarşılamaq üçün şirkəti satmaq qərarına gəldim. Şirkət satın alındı, universitetə davam etdim. Şirkətdə əsas fərqliliyimiz ondan ibarət idi ki, biz professional ticarətçiləri həvəskar ticarətçilərlə əlaqələndirib onların ticarətini həvəskar ticarətçilərin hesablarına kopyalayırdıq və eyni zamanda "Finans Affiliate” (satış ortaqlığı) strukturunu həyata keçirirdik. Qısa desək, mən sizə müştəri gətirirəm, 10 dollar qazanırsınız, müştərini mən gətirdiyim üçün bir dollar mənə ödəyirsiniz. Bu sistemi maliyyə bazarlarına təqdim etdim. Brokerlərdə sıçrayış yarandı. Universitet tezisimi də bu mövzuda yazdım. Bir çox brokerə satdım, universiteti bitirəndən sonra "İron FX” adlı bir broker məni biznes developer olaraq dəvət etdi. 18 ay ərzində biz bu platformanı dünyanın ən böyük brokerinə çevirdik. Sonra bu sahədə müəyyən problemləri gördüm və bu problemin həllini yaratmaq üçün işdən ayrılmaq qərarına gəldim.
- Məhz bu problemin həlli üçün "7Marketz”i yaratdınız?
- Bəli. Problemi görmək bir, bununla bağlı heç nə edə bilməmək ikinci hissədir. İşdən ayrıldım və bu problemin həllini özümdə gördüm. "7Marketz”də ilk işimiz tələbə yoldaşım Quyen Nong və yaxın dostum Dr. Yury Sofranaunun qurduğu AtoZForex.com platformasını satın almaq oldu. "AtoZForex”də üç dost birlikdə brokerlər üçün sertifikatlaşma prosesini yaratdıq. Hər bir brokerə özümüz investisiya edir, orada hesab açır, onlara dair hesabat hazırlayırdıq və cəmiyyətə açıq sertifikat verirdik. Mənfilikləri də özlərinə göndərir və izah edirdik. "7Marketz” bir neçə il ərzində genişləndi, fərqli ölkələrdən fərqli brendləri aldıq. Əsas fikrimiz bunu böyütmək idi. 2020-ci ildə şirkətin nümayəndəliyini açmaq üçün ABŞ-yə gəldim. Bildiyiniz kimi həmin il bütün dünyanın qapıları bağlandı və mən də ABŞ-də qaldım. Sevindirici o idi ki, yoldaşım və oğlum da yanımda idi, ailə parçalanmadı. Böhran vəziyyətində bir neçə aydan sonra "7Marketz” satıldı.

- Yenidən sıfıra qayıtdınız?
- Bəzən kiçik nüanslar böyük problemlər yaradır. Çox çətin prosesdən keçdik. ABŞ-də ev tapmaq, xüsusilə də pandemiya dövründə rahat deyildi. Yenə də həyatımın ən çətin dönəmlərindən biri idi. Bir dostum mənə yazdı ki, təzə fond qurmaq istəyirəm, kömək edə bilərsən? Razılaşdıq. Mən ona kömək etdim, o da məni yaşamaq üçün evlə təmin etdi. Hyustonda, Texasda 100 milyon dollarlıq fond qurduq. Lakin özümü investisiya sahəsində tapa bilmədim, bu, məni cəlb etmədi. Yeni fürsətlər axtarışında idim. 2021-ci ildə Texasda həyatımda görmədiyim təbiət hadisəsi ilə rastlaşdım. Fevralın 14-də qış fırtınasında avtomobilim sıradan çıxdı. Maşını satan şirkətə zəng etdim, dedilər ki, bu, fors-major haldır, xərcləri özünüz qarşılamalısınız. Bu mövzuda şirkət haqqında onlayn mənfi rəy yazdım. Bir neçə gün sonra gördüm ki, rəyim silinib. Platformaya yazdım ki, rəyim niyə silinib? Dedilər bizim botlara qarşı tolerantlığımız yoxdur. Sübut edə bilmədim ki, bot deyil, bu, mənim başıma gəlib. Bu zaman məndə ideya yarandı. Qısacası, botları müəyyənləşdirən bot yazdıq və platformaya yüklədik. Hətta "Fox News” bununla bağlı xəbər hazırladı. Bu xəbərdən sonra 10 minə yaxın istifadəçi, 300 biznes qeydiyyatdan keçdi. Bu verilişdən bir neçə həftə sonra "Beverly Hills Family Office Network” məni spiker olaraq bir tədbirə dəvət etmişdi. Tədbirdə dünyanın ən zəngin ailələrindən biri olan Quqqenheim ailəsinin nümayəndəsi ilə tanış olduq və o, mənə ideyamı biznesə çevirəcəyim təqdirdə investisiya etmək istədiyini bildirdi.
Bizneslərin üç problemi
- Hazırda qlobal yarışların qalibi olan "Poligraf Aİ” bu ideyanın üzərində yarandı?
- Bəli. 300-ə yaxın bizneslə müsahibələr apardıqdan sonra biz bizneslərin hazırda üç ən böyük probleminin olduğunu aşkar etdik. Bunlardan birincisi riskdir, özlərinin xəbəri olmadan rəqəmsal risklə qarşılaşırlar, ikincisi məxfilik, üçüncüsü fırıldaqçılıqdır. Fırıldaqçılıqla bağlı rəqəmlər həddindən artıq astronomikdir. Təsəvvür edin, 2023-cü ildə fırıldaqçılar ABŞ-də bizneslərdən 2,8 milyard dollarlıq oğurluq ediblər. 2024-cü ildə bu rəqəm 12 milyard dollara qalxıb. Biz də müsahibələrdə topladığımız məlumatları və ətrafımızdakı ekspertlərin fikirlərini nəzərə alaraq, özümüz üçün bu problemləri aşkarlayan süni intellekt proqramı yaratdıq. Təsəvvür edin, sizə zəng gəlir, gələn zəngi 5-15 saniyə ərzində fırıldaqçı, yaxud real insan olduğunu müəyyənləşdirirsiniz. Həmçinin, əgər siz zəngə aldanmısınızsa, sızmış məxfi datanın da qarşısı alınır. Proqram hətta süni intellekt tərəfindən yaradılan səsi də aşkarlayır. Biz bunu 5-15 saniyəyə edirik. İstər sosial şəbəkələrdə, istər mailinizdə yazıların süni intellekt, yoxsa insan tərəfindən yazıldığını və ya hansı süni intellekt alətindən istifadə olunduğunu dərhal görürsünüz. Üçüncüsü məxfilikdir. Əgər bilmədən məxfi məlumatları bölüşürsünüzsə, "Polygraf Aİ” bunu tapır və sizə göstərir. Bu baxımdan, bizim həllimiz dünyada liderdir. Hazırda iki patentimiz var. Həm dövlət, həm özəl sektorda səhiyyə və maliyyə sahələrində fəaliyyət göstəririk.
"700 şirkət arasında birinci seçildik”
- Təsadüfi deyil ki, qlobal uğura imza ataraq "SXSW 2025”də ən yaxşı texnologiya şirkəti mükafatını qazanmısınız...
- SXSW (South by Southwest) yarışmasında həm "Biznes, Smart data, FinTex və Gələcəyin İş Dünyası” kateqoriyasında birinci yeri tutduq, həm də ümumi kateqoriyalar üzrə bütün şirkətləri geridə qoyaraq "Best in Show Tech” (Tədbirin ən yaxşı texnologiyası) mükafatı ilə ikiqat qələbə qazandıq. Bu qələbə təkcə "Polygraf AI” üçün deyil, həm də Azərbaycan innovasiya ekosistemi üçün mühüm nailiyyətdir. Çünki bu tədbir dünyada bu sahə üzrə ən böyük 5-6 tədbirdən biridir. 700 şirkət arasında birinci seçildik. Mən hətta bunu gözləmirdim və tədbir bitmədən oradan ayrılımışdım. Çünki orada olan bizneslərin hər biri çox böyük vençur fondlar tərəfindən dəstəklənirdi.
- Bir azərbaycanlı olaraq ABŞ kimi nəhəng ölkədə texnologiya sahəsində seçilmək necə hissdir?
- Mənim üçün əhəmiyyətli olan arxamda qoyacağım izdir. Təbii ki, biznes sahəsində fəaliyyət göstəririk və gəlir əhəmiyyətlidir. Qiymət və dəyər eyni anlayış deyil. Bir məhsulun qiyməti 100 dollar ola bilər, amma o, əgər mənim bir milyonluq işimi həyata keçirməyə kömək olursa, dəyəri milyondur. O səbəbdən bizim üçün əhəmiyyətli olan ən vacib nöqtələrdən biri, arxamızda qoyduğumuz izdir. Mən azərbaycanlıyam, bunu həmişə, hər yerdə qabardıram. Bu səbəbdən də vətəndaşlığımı dəyişməmişəm. Fikrimcə, azərbaycanlı tərəfindən qurulan şirkətin belə nüfuzlu tədbirdə qalib olması, ölkəni tanıtmaq üçün xərclənən milyonluq reklamlardan qiymətlidir.
Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 2025 21:45
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur - 8 milyonluq cinayət
26 oktyabr 2025 13:17
- Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi
25 oktyabr 2025 21:41
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 2025 23:36
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 2025 12:45
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 2025 12:41
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 2025 11:24
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 2025 00:04
Xəbər lenti
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
- Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
27 oktyabr 13:57
- Putin hərbi paltarını geyindi ))
27 oktyabr 11:06
- XX əsrin ən gözəl oğlanı vəfat etdi
27 oktyabr 10:52
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 10:24
- Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur
27 oktyabr 02:03
- Putin Azərbaycan və Ermənistanla bağlı mənə dedi ki... - Tramp AÇIQLADI
26 oktyabr 22:33
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 21:35
- Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi
26 oktyabr 21:18
- Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur - 8 milyonluq cinayət
26 oktyabr 13:17
- İlham Əliyev avstriyalı həmkarını təbrik etdi
26 oktyabr 11:28
- İrlandiyanın yeni Prezidenti o oldu
26 oktyabr 11:15
- Fəzail Ağamalının oğlu DANIŞDI: Atamı və bacımı məhkəməyə verəcəyəm
25 oktyabr 23:47
- Macarıstanda 1956-cı il üsyanının ildönümü: Budapeştdə siyasi qarşıdurma yenidən qızışır
25 oktyabr 23:24
- Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi
25 oktyabr 21:41
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 16:25
- MEYİT-dən ilk dəfə QARACİYƏR köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum
25 oktyabr 13:11
- Zəfər Günü hamı bulvarda olacaq
25 oktyabr 12:42
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 12:19
- İlham Əliyev Tokayevi təbrik etdi
25 oktyabr 12:10
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 01:55
- Pezeşkian: Neftimiz, qazımız var, amma xalqımız acdır
25 oktyabr 01:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
