Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
Reportaj6 dekabr 2025 21:33
Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4892 metr) fəth edən Azərbaycan alpinisti Elmira Aslanova "Report"a müsahibə verib. İdmançı dünyanın ən soyuq yerlərdən birini seçməsinin səbəblərindən, yol boyu qarşılaşdığı çətinliklərdən danışıb. O, növbəti arzularını da bölüşüb.
- Əvvəlcə seçiminiz haqqında danışardınız. Niyə məhz dünyanın ən soyuq bölgələrinin birində yerləşən zirvəni seçdiniz? Hava şəraiti sizi qorxutmadı?
- Vinson dağı "7 Zirvə" layihəsinə daxildir. Proqramda iştirak etmək arzum idi və bu yolda irəliləyirəm. Əlbəttə, Antarktidadakı ən çətin amillərdən birinin hava şəraiti olduğunu bilirdim. Burada hazırda yay olmasına və günəşin sutkada 24 saat batmamasına, yəni sadəcə dairə üzrə hərəkət etməsinə baxmayaraq, havanın temperaturu -25 dərəcədir. Vinsonun zirvəsində isə temperatur -40 dərəcəyə qədər düşür və bütün bunlar soyuq küləklə daha da güclənir. Başa düşürdüm ki, geyimə xüsusi diqqət yetirməliyəm. İsti əlcəklərim olmasına baxmayaraq, təşkilatçının siyahısında göstərilən əlavə əl geyimi də aldım. Alpinistlərin belə bir sözü var: "Pis hava yoxdur, düzgün seçilməmiş geyim var".

- Yolçuluğunuz necə keçdi? Dırmanma zamanı hansı çətinliklərlə üzləşdiniz?
- Yolçuluq zamanı çətinlik elə yerdə ortaya çıxdı ki, ümumiyyətlə bunu gözləmirdim. Adətən zirvəyə çıxış orta hesabla 7 saat çəkir. Hədəfə təxminən 1,5 saat qalmış eynəyimin kənarı qopub düşdü. Onu düzəltmək üçün əsas isti əlcəklərimi çıxardım. Əlavə nazik əlcəklər geyinməyimə baxmayaraq, bunu edərkən əllərim dərhal donmağa başladı. Bunu görən bələdçim dərhal əlcəkləri yenidən geyinməyi əmr etdi və barmaqlarım donarsa, məni aşağı göndərəcəyini dedi. Buna inana bilmirdim. Növbəti dəfə eynəyimin donmuş şüşəsini təmizləmək üçün əlcəyimi çıxartdım. O, tez rabitə ilə nəzarətçilərə xəbər verdi ki, məni aşağı endirsinlər. Şokda idim! Zirvəyə cəmi 1,5 saat qalmış aşağı endirilirdim... Nə qədər çalışsam da, bələdçi davam etməyimə icazə vermədi. O, "Elmira, zirvə ən vacib olan deyil. İnan mənə, istəmirəm ki, barmaqların donsun" dedi. Mən isə "aşağı bir şərtlə düşərəm ki, sabah yenidən şans verəcəksiniz" söylədim. Bələdçi variantlar ola bilcəyini bildirdi. Beləcə, məni nəzarətçi ilə birlikdə aşağı göndərdilər. İnana bilmirdim ki, bu qədər yol gəlmişəm, amma zirvəyə çata bilməmişəm. Düşərgəyə qayıdanda növbəti gün yenidən zirvəyə dırmanmaq istəyimi bildirdim. Nəzarətçilər bunun mümkün olmadığını, təcrübələrində ilk dəfə belə bir hal yaşandığını söylədilər. Çünki ertəsi gün yola çıxmağa gücüm olmayacağını düşünürdülər. İsrar etməyə və yalvarmağa başladım. Sonda rəhbərliklə danışmalı olduqlarını və bundan sonra cavab verəcəklərini dedilər. Həmin gecə heç yata bilmədim. Bir tərəfdən anlayırdım ki, güc toplamaq üçün yatmaq lazımdır, amma ikinci şans ala bilməmək fikri yuxumu tamam qaçırırdı. Səhər isə mənə Tom adlı bələdçi, həmçinin nəzarətçi ilə birlikdə zirvəyə çıxmağımı təklif etdilər. Onların məqsədi yolda olan göstəriciləri yeniləmək idi. Bu şansa çox sevindim. Tom məni dəstəklədi və zirvəyə çatacağıma inandığını söylədi. Arzum reallaşdı və zirvəyə qalxa bildiyim üçün çox xoşbəxtəm.
- Zirvəyə çata biləcəyinizə nə dərəcədə inanırdınız? Sizi motivasiya edən nə idi?
- Həmişə deyirəm, bütün şübhələr yola çıxmamışdan əvvəl olmalıdır. Yolçuluğa başladığım andan bütün şübhələri kənara qoyuram. Bunu isə həmişə dualarla edirəm. Mən Allaha çox inanıram və bilirəm ki, yolumu davam etdirməkdə mənə yalnız o kömək edə bilər. Bəzən elə bilirəm ki, artıq gücüm qalmayıb. Amma haradansa yenidən güc tapıram və buna özüm də təəccüblənirəm. Bunu Allahın köməyi hesab edirəm. Ona görə də ikinci gün zirvəyə qalxa bildim. Halbuki əvvəlki gün çox yorğun idim və düşərgədə bir çoxları buna təəccüblənirdi.

- Bunun üçün necə, hansı şəraitdə hazırlıq keçmişdiniz?
- Sizi təəccübləndirəcəyəm, son 3 ayda idmanla məşğul olmamışam. Sağlamlıq vəziyyətim buna imkan vermirdi. Səfərdən əvvəl idmana qayıtmağa çalışdım, amma soyuqdəymə oldu və diqqətimi sadəcə sağalmağa yönəltdim. Buna görə deyirəm ki, dağlara Allahın köməyi ilə gedirəm.
- Daha əvvəl dünyanın ən hündür zirvəsi olan Everesti fəth etməyiniz təcrübə baxımından sizə kömək göstərdimi?
- Əlbəttə, hər bir dağa çıxış təcrübədir və bu mənə kömək edir. Artıq bilirəm ki, bədənim soyuğa və çətinliklərə necə reaksiya verir. Necə düzgün gəzmək və nəfəs almaq lazımdır. Nələrə diqqət etməli olduğumu bilirəm. Bütün bunlar təcrübədir. Əslində alpinizmdə xeyli detal var. Məsələn, yüksəklikdə qəfil dayanmaqla dağ xəstəliyi başlaya bilər. Hər bir insanın orqanizmi yüksəklik, çətinlik və soyuğa fərqli reaksiya verir. Özünü tanımaq vacibdir və bu yalnız təcrübə ilə gəlir.
- Sonrakı planlarınız necədir? Növbəti səfəriniz hara olacaq?
- Növbəti səfərim may-iyun aylarında Alyaskadakı Denali dağına olacaq. Əslində ora getməyi bu il planlaşdırmışdım, amma təəssüf ki, alınmadı. İnanıram ki, gələn il uğur qazanacağam. Amma bu səfərə ciddi hazırlaşacağam. Çünki kifayət qədər çətindir. Bir çoxları deyir ki, Denali Everestdən də çətindir. Denalidə hava şəraiti çox sərtdir və Everestdən fərqli olaraq bələdçi yoxdur. Hər şeyi - geyimləri, avadanlıqları, çadırları, bir neçə günlük yeməkləri özün daşımalısan. Bu isə orta hesabla 50 kq edir. Elə buna görə də Denali "dürüst dağ" adlanır. Sənə heç kim kömək etmir.

- Dünyanın ən hündür zirvəsini fəth etmiş və haqqında film çəkilmiş ilk azərbaycanlı qadın alpinist kimi karyeranızla bağlı daha nəyi arzulayırsınız?
- Həyatımda çox vaxt bir şeyi intuisiya ilə edirəm. Səbəbini deyə bilmirəm, sadəcə hiss edirəm. İndi hiss edirəm ki, həyatımda baş verənlər - dağlar, səfərlər, özünü tanıma - doğru mərhələdir. Amma bilirəm ki, vaxt gələcək və başqa mərhələ olacaq. Məni xeyriyyə layihələri, uşaqlara kömək çox ilhamlandırır. Düşünürəm ki, vaxtı gələndə bu arzumu reallaşdıracağam.
Oxşar xəbərlər
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
