Slovakiya Azərbaycana azərbaycanlı diplomat Elçin Qasımovu səfir təyin edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin üzvü Mircəlil Qasımlı özünün facebook səhifəsində yazıb. Qeyd edək ki, Elçin Cəlal oğlu Qasımov Mircəlil Qasımovun əmisi oğludur.
Mircəlil Qasımlı öz paylaşımında yeni səfir təyin olunan əmisi oğlunu təbrik edib və onun diplomat kimi fəaliyyətindən yazıb: “Dəyərli əmim oğlu Elçin Qasımovu bu məsuliyyətli diplomatik vəzifəyə layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Elçin Qasımov uzun illər Slovakiya dövlətinin mühüm dövlət qurumlarında, xüsusilə də diplomatiya sahəsində yüksək peşəkarlıqla fəaliyyət göstərmiş, qazandığı dərin hüquqi və beynəlxalq təcrübələri ilə seçilib. O, Azərbaycanın adını və dövlətini hər zaman qlobal miqyasda böyük məsuliyyət və ləyaqətlə təmsil edərək, Vətənimizin nüfuzunun daha da artmasına ciddi töhfələr vermişdir. Qeyd etmək istərdim ki, Slovakiya–Azərbaycan diplomatik münasibətlərinin qurulmasında və dostluq əlaqələrinin formalaşmasında əmim Cəlal Qasımovun əvəzsiz rolu olmuşdur. İnanıram ki, yüksək hüquqi biliklərə, diplomatik uzaqgörənliyə və zəngin təcrübəyə malik olan səfir Elçin Qasımovun fəaliyyəti dövründə bu əlaqələr daha da inkişaf edəcək və iki ölkə arasında əməkdaşlıq ən yüksək zirvəyə çatacaq”.
Qeyd edək ki, gənc səfir Elçin Qasımov əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir, Bakı şəhərində doğulub. Atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyada fəxri konsuludur.