Ukrayna Ali Radasının deputatı Aleksey Gonçarenko ABŞ-ın Rusiya ilə birlikdə hazırladığı 28 maddədən ibarət sülh planını açıqlayıb.
Musavat.com xəbər verir ki, deputat sənədin Amerika administrasiyasının Qəzza üzrə planını xatırlatdığını və Vaşinqtonun Ukrayna münaqişəsinin dayandırılması üçün təklif etdiyi çərçivəni əks etdirdiyini bildirib
Həmin sənədi bənd-bənd təqdim edirik:
Ukraynanın suverenliyi təsdiqlənəcək.
Rusiya, Ukrayna və Avropa arasında hücuma yol verilməməsi barədə tam və hərtərəfli saziş imzalanacaq. Son 30 ilin bütün qeyri-müəyyənlikləri həll olunmuş hesab ediləcək.
Gözlənilir ki, Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə daha da genişlənməyəcək.
ABŞ-ın vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizliklə bağlı bütün məsələlərin həlli və de-eskalasiyaya şərait yaradılması məqsədilə dialoq aparılacaq ki, bu da qlobal təhlükəsizliyi təmin etməli və qarşılıqlı əməkdaşlıqla gələcək iqtisadi inkişaf imkanlarını artırmalıdır.
Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq.
Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 600 000 nəfərlə məhdudlaşdırılacaq.
Ukrayna öz konstitusiyasında NATO-ya qoşulmayacağını rəsmən təsbit etməyə razılaşır, NATO isə öz nizamnamələrində Ukraynanı gələcəkdə heç bir halda üzv qəbul etməyəcəyini göstərən müddəanı qəbul etməyə razılaşır.
NATO Ukrayna ərazisində qoşun yerləşdirməməyə razılaşır.
Avropa qırıcı təyyarələri Polşada yerləşdiriləcək.
ABŞ zəmanəti:
a) ABŞ bu zəmanətə görə kompensasiya alacaq.
b) Əgər Ukrayna Rusiyaya müdaxilə edərsə, bu zəmanəti itirəcək.
c) Əgər Rusiya Ukraynaya hücum edərsə, qəti və koordinasiyalı hərbi cavabla yanaşı, bütün qlobal sanksiyalar bərpa olunacaq, yeni ərazilərin tanınması və bu sazişdən irəli gələn bütün digər üstünlüklər ləğv ediləcək.
d) Əgər Ukrayna Moskva və ya Sankt-Peterburqa səbəbsiz yerə raket atarsa, təhlükəsizlik zəmanəti etibarsız sayılacaq.
Ukrayna Avropa İttifaqına üzvlük hüququna malik olacaq və bu məsələ müzakirə olunan müddətdə Avropa bazarına qısamüddətli, üstün şərtlərlə çıxış əldə edəcək.
Ukraynanın bərpası üzrə güclü qlobal tədbirlər paketi nəzərdə tutulur; bu paket aşağıdakılarla məhdudlaşmır, lakin bunları ehtiva edir:
a) Yüksək artım potensialına malik sahələrə – o cümlədən texnologiyalar, məlumat emalı mərkəzləri və süni intellektə – investisiya yatırılması üçün Ukraynanın İnkişaf Fondu yaradılacaq.
b) Amerika Birləşmiş Ştatları Ukrayna ilə birlikdə ölkənin qaz infrastrukturunun – kəmərlər və anbarlar da daxil olmaqla – bərpası, inkişafı, modernləşdirilməsi və istismarı üzrə əməkdaşlıq edəcək.
c) Müharibədən zərər çəkmiş ərazilərin bərpası, şəhərlərin və yaşayış rayonlarının yenidən qurulması və modernləşdirilməsi üçün birgə səylər göstəriləcək.
d) İnfrastrukturun inkişafı həyata keçiriləcək.
e) Faydalı qazıntıların və təbii resursların hasilatı inkişaf etdiriləcək.
f) Dünya Bankı bu səyləri sürətləndirmək üçün xüsusi maliyyə paketi hazırlayacaq.
Rusiya dünya iqtisadiyyatına yenidən inteqrasiya olunacaq
a) Sanksiyaların aradan qaldırılması mərhələli qaydada və fərdi əsasda müzakirə ediləcək və razılaşdırılacaq.
b) Amerika Birləşmiş Ştatları enerji, təbii resurslar, infrastruktur, süni intellekt, məlumat emalı mərkəzləri, Arktikada nadir torpaq metalları hasilatı layihələri və digər qarşılıqlı faydalı korporativ imkanlar sahələrində qarşılıqlı inkişaf məqsədilə Rusiya ilə uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi bağlayacaq.
c) Rusiya G8-ə qayıtmaq üçün dəvət olunacaq.
Dondurulmuş vəsaitlər aşağıdakı qaydada istifadə olunacaq:
-100 milyard dollar həcmində dondurulmuş Rusiya vəsaiti ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın bərpası və ora investisiya proqramlarına yönəldiləcək. ABŞ bu layihədən əldə olunan mənfəətin 50 faizini alacaq. Avropa Ukraynanın bərpasına ayrılan investisiyaları artırmaq üçün əlavə 100 milyard dollar ayıracaq.
Qalan dondurulmuş rus vəsaitləri müəyyən ediləcək sahələrdə birgə Amerika–Rusiya layihələrini həyata keçirəcək ayrıca Amerika–Rusiya investisiya alətinə yönləndiriləcək. Bu fond münasibətləri möhkəmləndirməyə və ortaq maraqları artırmağa xidmət edəcək ki, tərəflərin münaqişəyə qayıtmaq üçün güclü motivasiyası qalmasın.
Bu sazişin bütün müddəalarının yerinə yetirilməsinə yardım və nəzarət üçün təhlükəsizlik məsələləri üzrə birgə Amerika–Rusiya işçi qrupu yaradılacaq.
Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini qanunvericilik səviyyəsində rəsmiləşdirəcək.
ABŞ və Rusiya nüvə silahının yayılmaması və ona nəzarət barədə müqavilələrin, o cümlədən SNV-1 müqaviləsinin qüvvəsinin davam etdirilməsi barədə razılığa gəlirlər.
Ukrayna Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq qeyri-nüvə dövləti olmağa razılaşır.
Zaporojye Atom Elektrik Stansiyası MAQATE-nin nəzarəti altında işə salınacaq və istehsal olunan elektrik enerjisi Rusiya ilə Ukrayna arasında bərabər – 50:50 nisbətində bölüşdürüləcək.
Hər iki ölkə məktəblərdə və ümumiyyətlə, cəmiyyətdə müxtəlif mədəniyyətlərə anlayış və dözümlülüyü artırmağa, irqçiliyi və qərəzləri aradan qaldırmağa yönəlmiş təhsil proqramları həyata keçirməyi öhdəsinə götürür:
a) Ukrayna dini dözümlülük və dil azlıqlarının müdafiəsi üzrə Aİ qaydalarını qəbul edəcək.
b) Hər iki ölkə bütün diskriminasiyaedici tədbirləri ləğv etməyə və ukrayna və rus KİV-lərinin, həmçinin təhsilinin hüquqlarını təmin etməyə razılaşır.
c) Bütün nasist ideologiyası və fəaliyyəti ifşa olunmalı və qadağan edilməlidir.
Ərazilər:
a) Krım, Luqansk və Donetsk, o cümlədən ABŞ tərəfindən, de-fakto Rusiya əraziləri kimi tanınacaq.
b) Xerson və Zaporojye təmas xətti üzrə “dondurulmuş” olacaq ki, bu da faktiki olaraq həmin təmas xəttinin tanınması deməkdir.
c) Rusiya beş regionun hüdudlarından kənarda nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edir.
g) Ukrayna qüvvələri hazırda nəzarət etdikləri Donetsk vilayətinin bir hissəsindən çıxarılacaq və bu zona neytral, demilitarizasiya olunmuş bufer zona hesab ediləcək; bu zona beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınacaq. Rusiya qüvvələri həmin demilitarizasiya olunmuş zonaya daxil olmayacaq.
Gələcək ərazi razılaşmaları razılaşdırıldıqdan sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc tətbiq etməklə dəyişməmək öhdəliyi götürür. Bu öhdəlik pozularsa, hər hansı təhlükəsizlik zəmanətləri tətbiq olunmayacaq.
Rusiya Ukraynanın Dnepr çayından kommersiya fəaliyyətləri üçün istifadəsinə mane olmayacaq və Qara dəniz vasitəsilə taxılın sərbəst daşınması barədə razılıq əldə olunacaq.
Açıq məsələlərin həlli üçün humanitar komitə yaradılacaq:
a) Bütün əsirlər və cəsədlər “hamı hamıya qarşı” prinsipi ilə dəyişdiriləcək.
b) Bütün mülki saxlanılan şəxslər və girovlar, o cümlədən uşaqlar geri qaytarılacaq.
c) Ailələrin birləşdirilməsi proqramı həyata keçiriləcək.
d) Münaqişə qurbanlarının əzablarını azaltmaq üçün əlavə tədbirlər görüləcək.
Ukrayna 100 gün ərzində seçkilər keçirəcək.
Münaqişədə iştirak etmiş bütün tərəflər müharibə dövründəki hərəkətlərinə görə tam amnistiya alacaq və tərəflər razılaşır ki, bu fəaliyyətlərlə əlaqədar heç bir iddia və şikayət irəli sürülməsin və sonradan araşdırılmasın.
Bu razılaşma hüquqi cəhətdən məcburi olacaq. Onun yerinə yetirilməsi Donald Trampın rəhbərlik etdiyi Sülh Şurası tərəfindən təmin olunacaq və nəzarətdə saxlanılacaq. Pozuntulara görə sanksiyalar nəzərdə tutulur.
Tərəflər bu memorandum üzrə razılığa gəldikdən sonra, atəşkəs dərhal qüvvəyə minəcək və tərəflər razılaşdırılmış bəndlərin icrasına başlamaq üçün əvvəlcədən müəyyən olunmuş mövqelərə çəkiləcəklər.
