Dərc edilib: 09-04-2017

https://www.nuh.az/10290-.html

Deputat oğlu direktoru şagirdlərin gözü önündə vəhşicəsinə döydü

09.04.2017 13:35:28

Cəmiyyət

 

Aprelin 6-da Bakıdakı uşaq tədris mərkəzlərinin birində xoşagəlməz hadisə yaşanıb. 
 
 
Xural.com-un xəbərinə görə bu haqda mərkəzdə məşğul olan uşaqlardan birinin valideyni məlumat verib. Bildirilir ki, mərkəzə gələn İlmir İsmayılov adlı şəxs sözügedən mərkəzin rəhbəri, iki uşaq anası olan həyat yoldaşını hamının gözü qarşısında təhqir edərək döyüb. 
Bu azmış kimi Mərkəzin işçilərini də hədə-qorxu gələrək təhqir edib. Başından ağır zərbələr alan qadın dərhal Təcili Tibbi Yardımın vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
 Qeyd edək ki, bu haqda sosial şəbəkədə də məlumatlar verilib. Valideynlərdən birinin sosial şəbəkədə yazdıqlarına görə, övladını götürməyə gələn Ə.İ. adlı qadın və övladı bundan sarsıntı keçirib. Belə ki, İ.İsmayılovun bağırtısından mərkəzdə dərs keçən digər uşaqların qorxduğunu və bir müddət vahimə içərisində qaldıqlarını yazan qadın hadisədən özünün də şok keçirdiyini yazıb: "Elə bil ki, Tədris Mərkəsində yox, hansısa serialdaydıq. İ.İsmayılov həyat yoldaşı olan direktoru uşaqların gözü önündə təpikləyir, saçlarını yolur, başına yumruqlar vurur və etik çərçivələrə sığmayan ifadələrlə təhqir edirdi. Buna təpki göstərən valideynləri də təhqir etdi. Ürəyi soyumadı, valideynlərin hadisə yerinə çağırdığı sahə müvəkkilini də saya salmadı. Sahə müvəkkili belə İ.İsmayılovu sakitləşdirə bilmədi. Elə polisin yanındaca hədə-qorxularını, təhqir və söyüşlərini davam etdirdi. Elə hey deyirdi ki, mənim kim olduğumu biləcəksiniz. Gör başınıza nə oyun açacam”.
Valideynlərin verdiyi məlumata görə, bu hadisə mərkəzdə dəfələrlə baş versə də, döyülən mərkəz direktoru uşaqlarına görə şikayətçi olmayıb. 
Mərəzdə azyaşlı uşaqların gözü qarşısında qoçuluq edib, at oynadan İ.İsmayılov millət vəkili İmamverdi İsmayılovun oğludur. Millət vəkilinin gəlini ailəsində uzun müddət həyat yoldaşı tərəfindən şiddət gördüyü üçün hələ 2 ay əvvəl uşaqları ilə bərabər ata evinə köçüb. Bundan əsəbiləşən İ.İsmayılov isə dəfələrlə həyat yoldaşına onu məhv edəcəyi barədə sms-lər göndərərək təhdid edib. 
Hadisə ilə bağlı araşdırma aparılır. Ötən gün millət vəkili ilə telefon əlaqəsi yaratsaq da, zəngimizə cavab verən olmadı. 
Qeyd edək ki, hazırda Təcili Tibbi Yardım Xidmətinin müraciəti əsasında Nəsimi rayonu Polis İdarəsinin 20-ci bölməsində təhqiqat aparılır.      
 
BakPost.az xatırladır ki, İlkin İsmayılov ötən ilin yanvarında Qubada yerləşən "Retro" istirahət mərkəzində baş vermiş səs-küylü qətl işiylə bağlı gündəmə gəlmişdi. Həmin vaxt mətbuat öldürülən Könül Zalovanın deputat oğluyla əlaqələrindən yazır, qətildə onun adı hallanırırdı.       
      NUH.az
             

NUH informasiya agentliyi səhifəsindən çap edilib