Dərc edilib: 11-04-2017

https://www.nuh.az/10319-.html

“Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsullar ixrac edir” - Yavər Camalov

11.04.2017 00:41:35

İqtisadiyyat

"Hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb".

 Report   xəbər verir ki, bu barədə Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Nazir deyib: "Ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində Sizə göstərilən “Tufan” milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Onu da qeyd edim ki, zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.

Sizin verdiyiniz tapşırığa uyğun olaraq, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.

Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq.

Ümumilikdə, 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

Bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək".

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib