Dərc edilib: 15-04-2017

https://www.nuh.az/10386-.html

Elnur Nağızadənin adı hallanan cinayət işinin təfərrüatı

15.04.2017 15:46:54

Hadisə


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Vəkillər Kollegiyasının üzvü Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 teleqraf.com   xəbər verir ki, Lətif Ağayev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda olduqda) və 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə təqsirli bilinir.
İttihama görə, hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. Mehdi Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat verib.
Məlum olub ki, Mehdi Süleymanov 31 min manatın 17 min manatını Lətif Ağayevə verib. Lətif Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.
Məlumat üçün bildirək ki, Sabrina Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. Elnur Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. Sabrina Alxasova 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Şəbiyev şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb Tahir Şəbiyevin Sabrina Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub.
Zərərçəkmiş Mehdi Süleymanov bildirib ki, həyat yoldaşı barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarıldıqdan sonra Tahir Şəbiyevlə tanış olub: “Bakı Apelyasiya Məhkəməsində Sabrinanın barəsində çıxarılan hökmün azaldılması məqsədi ilə məndən 35 min manat istədi. Dedim ki, imkanım çatmır, əvvəlcə 26 min manat verdim. Daha sonra isə 2200 manat düzlətdim, həmin pulu da Tahirə verdim. Ancaq Tahir məhkəməyə gəlmədi, heç bir kömək də etmədi. Sonra telefon zənglərimə də cavab vermədi.
Uzun müddət keçəndən sonra Tahirlə telefon vasitəsi ilə danışdım. Mənə Lətif Ağayevlə əlaqə saxlamağı məsləhət gördü. Bildirdi ki, bu işi Lətif görəcək”.
Şahid qismində ifadə verən Sabrina Alxasova bildirib ki, Ədliyyə Nazirliyinin böyük inspektoru olan Tahirlə danışıb: “Mənə dedi ki, işimin azldılmasına kömək edə bilər. Mən də bunu həyat yoldaşıma dedim. Ancaq pulu alsalar da heç bir kömək etmədilər”.
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib