Dərc edilib: 15-04-2017

https://www.nuh.az/10388-.html

Azərbaycan meşələrində qiymətli ağaclar kəsilir - FOTO/VİDEO

15.04.2017 18:39:02

Cəmiyyət

 

Qusarın Aşağı Ləyər kəndinin bir qrup sakini yerli bələdiyyənin camaata məxsus örüş sahəsini satmasını, bu səbəbdən yaxınlıqdakı meşə ərazisinin də qırılmasını bildirirlər.
İstipress-ə ərazidən çəkilmiş ağac kəsimi kadrları ilə müraciət edən sakinlər bələdiyyə sədri Ərzuman Həsənovun onlarla hesablaşmadan belə hərəkət etməsini qanunsuz hesab edərək indi mal-qaralarını örüşə çıxarmaq üçün ərazidə yer qalmadığını deyirlər.

Aşağı Ləyərlilərin sözlərinə görə, bundan sonra kənddə heyvandarlığı inkişaf etdirə bilməyəcəklər, çünki, mal-qaranın örüş sahəsi camaatın əlindən alınıb. Üstəlik, satılan sahədə qiymətli ağacların qırılması da yerli əhalinin ürəyincə olmayıb, onlar təbiətin belə talan edilməsini yolverilməz hesab edirlər. Qaldırılan problemlə bağlı Aşağı Ləyər kənd bələdiyyəsinin sədri Ərzuman Həsənovla əlaqə saxladıq.
Bələdiyyə sədri camaatın narazılığı ilə müşayiət olunan mübahisəli ərazinin satılmadığını, Bakıda yaşayan Cəbrayıl rayonundan məcburi köçkün olan bir iş adamına 1 il müddətinə icarəyə verildiyini dedi. Telefon söhbəti zamanı icarəyə verilən sahənin kənarında traktor işlədiyini, ağacları məhv etdiyindən texnikanı dərhal sahədən çıxartdığını deyən Ərzuman Həsənov sonra dediklərini dandı, daha doğrusu, ağac kəsimi barədə danışmaq istəmədi. Sədrin sözlərinə görə, həmin sahə bələdiyyənin ehtiyat fonduna daxil olan torpaqdır və 17 hektar torpaq sahəsi qanunvericiliyə uyğun olaraq sahibkara icarəyə verilib. Amma bələdiyyə sədri - "bəs camaatın mal-qarası üçün örüş yeri qalmır, necə olacaq?" sualımızın müqabilində isə heç nə deyə bilmədi. Bələdiyyə sədri həmin sahəyə birgə baxış keçirməyimizə əvvəl razılaşsa da, sonra vaxtı olmadığını əsas gətirərək sözündən boyun qaçırdı.                        
Mübahisəli torpaq sahəsilə bağlı Aşağı Ləyər kəndi ərazisində 17 hektar sahəni icarəyə götürmüş Bakıda yaşayan cəbrayılllı sahibkar Adil Şərifov daha dolğun məlumat verdi. Bildirdi ki, həqiqətən həmin ərazidə bələdiyyənin ehtiyat fondundan 17 hektar sahəni icarəyə alıb. Dediyinə görə, həmin sahə 17 il idi ki, istifadəsiz idi, kol-kos basmışdı, torpaq daşlaşmışdı.
Prezident İlham Əliyevin istifadəsiz torpaqların becərilməsi barədə çağırışını, fındıqçılığın inkişafı haqda sərəncamını eşidəndən sonra Adil Şərifov Qusara üz tutduğunu, axtarıb bu kəndin ərazisində uzun müddətdir əkilməyən boş yer tapdığını dedi:
"Artıq Bakıda pul qazanıb Qusarda xərcləməyə başlamışam, əvvəlcə zir-zibil yuvası olan bu sahəni təmizlətdim, daşıtdırdım, şumlatdırdım, başladım burada qiymətli ağaclardan ibarət yeni bağ salmağa. Fındıq, qoz, gilas, badam, albalı və s".                        
Adil Şərifov bu rayonda işə başlayandan Aşağı Ləyər kəndindən 15 nəfəri işlə təmin etdiyini deyərək ərazinin mübahisəli olmasının bələdiyyə sədrinin sakinlərlə dil tapa bilməməsi səbəbindən yarandığını, bunu onların öz problemi olduğunu söylədi. Dedi ki, mən orada sahəni təmizlədərkən 1,2 sotuq sahəyə ziyan vermişəmsə, əvəzində gavalı, alma ağacı əkmişəm. Qaldı ki, sakinlərin burada ağacların məhv edilməsi barədə dedikləri əsassızdır. Ağacları mən yox, sakinlər özü qırıb. Mən sahəni təhvil alanda qırılmış ağac görmüşdüm, bu da şəkilləri".                        
Cəbrayıllı iş adamı Adil Şərifov bu rayona məhz  meyvəçiliyi, fındıqçılığı inkişaf etdirmək məqsədilə gəldiyini söylədi. Əlavə etdi ki, Aşağı Ləyər kənd sakinlərini birgə iş birliyinə dəvət edir. Sovet dövründə Cəbrayıl rayonunda komsomol komitəsinin 1-ci katibi işlədiyini deyən Adil Şərifov prezidentin aqrar sahənin inkişafı üçün həyata keçirdiyi bütün layihələri dəstəklədiyini, Bakıda qazandığı pulları Qusarda kənd təsərrüfatının müxtəlif sahələrinə sərf eləməyə hazır olduğunu vurğuladı. Belə, bu da sahibkarın mövqeyi.
Qusar meşə mühafizəsi və bərpası müəssisəsindən isə Aşağı Ləyər kəndindəki mübahisəli torpaq sahəsinin onların balansında olmadığını öyrəndik. Son olaraq sahibkara "bərəkətli olsun" deyir, bələdiyyə sədrindən örüş yerini icarəyə verdiyinə görə narazı qalan sakinlərə isə səbr arzulayırıq. Bəlkə, bələdiyyə sədri camaata heyvan saxlamamağı tövsiyə edir?
   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib