Dərc edilib: 17-04-2017

https://www.nuh.az/10401-.html

“Ştutqart” MMC-nin qurbanları prezidentə video-müraciət etdi

17.04.2017 15:01:00

Cəmiyyət

 

 Ötən yazılarımızda “Ştutqart” MMC-nin rəhbərliyinin faktlar qarşısında susmasını qeyd etmişdik. Hətta şirkətin əməkdaşı Orxan müəllim bütün yazılanların yanlış olduğunu bildirdi.

 Təbii ki, NUH.az olaraq qarşı tərəfin fikrinə və mövqeyinə hörmətlə yanaşırıq. Amma digər tərəfdən də nəzərə alırıq ki, 300 min manatlıq əmlakı əlindən alınan Fərhad Rəfiyev üzləşdiyi qanunsuzluqla bağlı iddiasından əl çəkmək fikrində deyil. Elə ona görə də, Fərhad Rəfiyevin valideynləri bu dəfə video-müraciət vasitəsilə ölkə başçısına müraciət ediblər. Video-müraciətlə bağlı aşağıda tanış ola bilərsiniz. Amma bildirək ki, “Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayevlə bağlı NUH.az olaraq bir neçə dəfə ciddi faklara əsaslanan məqalələr dərc etmişik. Həmin məqalələrdə faktlar sənədlərlə sübuta yetirilir. Hətta Əfqan Abdullayevin vətəndaşdan 300 000 (üç yüz min) manat aldığını təsdiqləyən sənədi də sonuncu məqaləmizdə yayımladıq. Bildirək ki, cəmiyyətdə “Ştutqart” mağazalar şəbəkəsinin millət vəkili Nəriman Əliyevə məxsus olduğunu bilməyən yoxdur. Sadəcə olaraq rəsmi sənədlərdə Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur. Əfqan Abdullayev isə Masallı rayon sakini, hazırda Bakı şəhərində yaşayan və uzun müddət “Ştutqart”da satıcı işləyən Fərhad Rəfiyevdən 300 000 manat dəyərində olan ev və maşınları hədə-qorxu ilə əlindən alıb. Səbəb isə onu göstərib ki, guya işlədiyi vaxt dükana ziyan vurub. Bunun üçün hüquqi yolla deyil, başqa vasitəyə əl ataraq vətəndaşın evini və maşınlarını əlindən alaraq öz adına keçirdib. Fərhad Rəfiyev isə başına gələnlərlə bağlı ölkə başçısına və digər dövlət qurumlarına müraciət edərək kömək istəyir.

 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib