Dərc edilib: 20-04-2017

https://www.nuh.az/10454-.html

Qarabağ müharibəsi veteranı: “Əmlak komitəsi məndən 5 min manat rüşvət istəyir”

20.04.2017 19:28:55

İqtisadiyyat

Bu günlərdə Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov LEGİON-a müraciət edib:

 

“ Hüquqi yardım üçün Qafqaz Hüquq Mərkəzinə müraciət edən Qarabağ müharibəsi veteranı, Laçın rayonundan məcburi köçkün Zahid Novruzov neçə ildir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayır. Zahid Novruzov bütün müvafiq təşkilatların, Suraxanı icra hakimiyyətinin, bələdiyyənin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu”nun, “Azəriqaz”ın icazəsi ilə İlqar Əhlimanov 10/1 ünvanda yerləşən torpaq sahəsində mağaza kimi istifadə etmək üçün qeyri-yaşayış obyekti tikib”. Abbasovun sözlərinə görə, tikinti başa çatandan sonra Zahid Novruzov obyektə texniki pasport almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ( ƏMDK ) müraciət edib: “ Komitədən ona cavab verilib ki, həmin ərazi Dövlət Neft Şirkətinə ( SOCAR ) məxsusdur”.

 

Abbasov təəccüblə soruşdu ki: “ Yaşayış binalarının yerləşdiyi ərazi necə SOCAR-a məxsus ola bilər?”. İlqar Abbasov ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ( DƏDRX) Bakı Şəhər Ərazi İdarəsindən Zahid Novruzova verilən cavab məktubunu da bizə təqdim etdi.

 

Ərazi idarəsinin rəisi müavini Xəyalə Mərdanovanın imzası ilə 12 noyabr 2012-ci ildə ( N 123020643193 ) təqdim edilmiş cavab məktubunda qeyd edilir ki, ərizənizə Bakı Şəhər Ərazi İdarəsində baxılmışdır: “ Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür”. Həqiqətənmi, Zahid Novruzovun mağaza tikdiyi ərazi SOCAR-a məxsusdur..? Əgər həmin ərazi SOCAR-a məxsusdursa, Suraxanı icra hakimiyyəti, bələdiyyə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, “Azəriqaz” tikintiyə necə icazə verib..? Bizi maraqlandıran suallarla bağlı ƏMDK-nin mətbuat katibi Qulu Xəlilova müraciət etdik. O, bizə zəng edəcəyini desə də sonradan zəng etmədi. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin əməkdaşı bizə məsləhət bildi ki, 103 saylı Mənzil İstismar Sahəsinə ( MİS ) müraciət edək. 103 saylı MİS-in əməkdaşı Raya Şıxməmmədova LEGİON-a bildirdi ki, İlqar Əhlimanov küçəsi 10/1 ünvandakı ərazinin SOCAR-a heç bir aidiyyəti yoxdur: “ Bu ərazi icra hakimiyyətinə aiddir”. Əməkdaşımız Hövsan qəsəbə bələdiyyəsi ilə də əlaqə saxlayıb. Bələdiyyə sədrinin müavini Nərgiz Talıbova bizə bildirdi ki, İlqar Əhlimanov küçəsindəki ərazinin SOCAR-la heç bir əlaqəsi yoxdur. Sonda Zahid Novruzovun özü ilə əlaqə saxladıq. O, ƏMDK-nin texniki pasport verməkdən imtina etməsini belə izah etdi: “ Mənə müvafiq sənədlər vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi məndən 5 min manat rüşvət tələb etdi. Mən rüşvət verməkdən imtina etdim. Mən Qarabağda döyüşmüşəm, veteranam, mən niyə məmurlara rüşvət verməliyəm? Mən buna görə ermənilərlə vuruşmuşam?”. Rəşad Rüstəmov

 

  NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib