Dərc edilib: 21-04-2017

https://www.nuh.az/10462-.html

Sabiq nazir Mərkəzi Bankı günahlandırdı

21.04.2017 14:33:48

İqtisadiyyat

“Bank sistemində yaranmış indiki acınacaqlı durum ölkənin Mərkəzi Bankı tərəfindən zaman-zaman həyata keçirilən yanlış pul-kredit siyasətinin məhsuludur”.
"Qaynar" xəbər verir ki, bunu sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, manatın yersiz mökkəmləndirilməsinə yönəlik siyasət illərlə ixrac potensialının formalaşmasına ciddi zərbə vurmaqla maliyyə sistemində dollarlaşmanı son həddə qədər yüksəltdi:
“Bu vəziyyətdə Mərkəzi Bankın milli valyutanın iki dəfə ucuzlaşmasına səbəb olan iki kəskin devalvasiyaya getməsi isə onun tam səriştəsiz bir pul-kredit siyasəti apardığını bir daha ortaya qoydu. Keçən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub” deyən dövlət başçısı çox haqlı olaraq bankların fəaliyyətinə qeyri-kafi qiymət verdi. Təəssüf ki, bu sferada mövcud olan problemləri həll etmək üçün yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının da fəaliyyətində vəziyyəti normallaşdıra biləcək ciddi heç bir addım gözə dəymir. Bank bağlamaq islahat deyil, bu, heç bank sistemini sağlamlaşdırmaq da demək deyil”.
İqtisadçı onu da qeyd edib ki, bu gün iqtisadiyyat üzünü banklara tutub onlardan dəstək diləyir: “Banklar isə elə bir duruma düşüb ki, onların özünə dəstək verən gərəkdir. Bu vəziyyətdə xarici bankları bazara buraxıb onlardan öyrənmək və öyrənə-öyrənə bank sisteminin sağlamlaşmasına nail olmaq vəziyyətdən çıxışın bir yoludur. Digər yol isə özümüzün koordinal addımlar atmaqla bank sistemində sağlamlaşmağa nail ola bilməyimizdir. Təəssüf ki, bu gün bank sistemində islahat adı altında aparılan işlər vəziyyəti düzəltmək əvəzinə onu bir qədər də ağırlaşdırır”.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib