Dərc edilib: 01-05-2017

https://www.nuh.az/10621-.html

“Qızıl Kəlmə” ədəbi mükafatının təqdimat mərasimi keçirildi

01.05.2017 21:01:24

Siyasət

 

 Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2017-ci il üzrə qaliblərinin təltif olunma mərasimi keçirilib.


Tədbirdə öncə əvvəlki illərdə mükafatın təqdimat mərasimlərini əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qızıl Kəlmə” ədəbi mükafatının cəmiyyətdə özünə layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, mükafatın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən iki ildən bir keçirilir: “Ənənəvi müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir. Bu müsabiqə çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanlarının əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Bu il Mükafat komissiyasına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və cari il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib. Bütün əsərlər Mükafat komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirilib. Komissiyanın yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, fərqlənən daha iki əsərə “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb”.

Dövlətin mədəniyyət siyasətinin hədəflərindən danışan Əbülfəs Qarayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işləri xüsusi vurğulayıb: “Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin rəğbətlə qarşılanması, qiymətləndirilməsi ölkəmizdə mədəniyyətin, ədəbiyyatın daha da inkişaf etməsinin göstəricisidir. Nazirlik tərəfindən Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Yazarlarımızın əsərləri müxtəlif dillərə tərcümə olunaraq xarici ölkələrdə nəşr olunur. Ədəbiyyat xadimlərimizin əsərləri beynəlxalq müsabiqələrdə müxtəlif ədəbi mükafatalara layiq görülür. İnanıram ki, bundan sonra da ölkəmizdə daha güclü ədəbi nümunələr yaracanaq”.

Əbülfəs Qarayev sonda qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra beş nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edilib.

 

Nəsr əsərləri nominasiyası üzrə “İşığa gedən yol” kitabına görə Sona Vəliyeva,

 

“Sənsizlik, mənsizlik, onsuzluq” romanına görə Vaqif Nəsib və “Talelər kəsişəndə” kitabına görə Əkrəm Qaflanoğlu mükafata layiq görülüb.

 

Poeziya nominasiyası üzrə “Seçilmiş əsərlər” kitabına görə Firuzə Məmmədli və “Hər iki dünyanın ən gözəli” silsilə şeirlərinə görə Vaqif Bayatlı Odər,

 

ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə “İkinci mətn” kitabına görə Bəsti Əlibəyli və “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabına görə Nərgiz Cabbarlı təltif olunub.

 

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanını tərcümə etdiyinə görə Əyyub Qiyas və Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsərinin tərcüməsinə görə Fərid Hüseyn qalib olub. Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Zahid Xəlil (“Ağ leyləklər” kitabı) və Qəşəm Nəcəfzadə (“Çiçəkli xalça”) mükafata layiq görülüb.

“Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü isə Mirmehdi Ağaoğlu (“Alman malı”) və Şəhriyar del Geraniyə (“Darıxmağın adı”) verilib.

Qaliblərə diplom, pul mükafatı və plaket təqdim edilib. Mükafata layiq görülən müəlliflər çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.

 

  NUH.az  bütün qalibləri və dostumuz Bəsti Əlibəylini təbrik edir. 

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib