Dərc edilib: 04-05-2017

https://www.nuh.az/10653-.html

Mənə şair demə, qardaş Vaqif Qüdrət

04.05.2017 12:19:59

Cəmiyyət

Bəzən deyirlər ki, şeir  zamanı deyil. Amma ürək qanı ilə yazılmış şeir  az vaxtda insanların ürəyinə yol tapır.

VAQİF QÜDRƏT-in oxuculara təqdim etdiyimiz "Mənə şair demə, qardaş"  şeiri sosial şəbəkədə maraqla qarşılanıb.

Hətta hörmətli  professorumuz  Qulu Məhərərmli şeirlə  bağlı maraqlı şərh yazıb:

Özünə şair deyib baş girləyənlərin, şeiri çörək ağacına çevirib təmənnalı tərif yazanların, əlləri  ətəklərdə olanların, yaltaq çıxışları ilə sözü və şair adını urvatdan salanların Vaqif Qüdrətin "Mənə şair demə" şeirini oxuyub əzbərləmələrini məsləhət görərdim...


 

MƏNƏ ŞAİR DEMƏ,
QARDAŞ

 
Məmməd İsmayıla.

 

Mənə şair demə , qardaş,
Yalvarıram dönə-dönə.
Mənə şair demə, qardaş,
Qurban olum gözlərinə.

Şair olmaq,  bu dünyayla vuruş imiş,
Şair olmaq,
nəhəng, müdhiş dalğaların qarşısında
qaya kimi duruş imiş.
Şair olmaq, gözəllərin, qəzəllərin
xumarında yatmaq deyil,
Harınların, qarınların
tərifində batmaq deyil,
hər doğulanla doğulmaq,
hər ölənlə ölmək imiş.
Şair olmaq, insanlığı yavanlara,
günlərini qovanlara
ölməz Sabir gülüşüylə gülmək imiş.
Şair olmaq, 
ALLAH OLMAQ DEMƏK İMİŞ.

Mənə şair demə, qardaş,_
Mənə şair deməyinlə
şair adlı böyüklüyü kiçildirsən,
Nəsiminin yarasını incidirsən.
Şair olmaq,  kor gözlərə işıq olmaq,
zülmətlərə Günəş olmaq demək imiş,
Buz bağlamış duyğulara yanğı salmaq,
atəş olmaq demək imiş.
Mənə şair demə,qardaş_
şair olan bir əlində Misri qılınc,
bir əlində telli sazı
ömrü-günü at belində
ötüb keçən Koroğluymuş,
Şair olan, 
öz şerini tarixlərə öz qanıyla
yazıb gedən Babək imiş, 
el oğluymuş.
Şair olmaq, 
şəhidlərin sırasında olmaq imiş_
olammadım.
Vətən üçün ölmək imiş, 
öləmmədim.
Mənə şair demə,qardaş,
şair deyil hələ hər bir şeir yazan,
söz toxuyan.
Vaqif çoxdur bu dünyada,
yaxşı deyib babalar da:
"Molla Pənah Vaqif olmur
hər oxuyan".

"Mən şairəm" deyən kəsdə
Şimşəkləri qırıb tökən qeyrət gərək.
"Mən şairəm" deyən kəsdə
özü şair olan xalqa
mübarizə yollarında
ürəyini bayraq edən,
öndə gedən cürət gərək!
Şair olmaq, 
ürəklərdə arzu olmaq,inam olmaq,
sabah olmaq demək imiş,
Şair olmaq_
ALLAH OLMAQ DEMƏK İMİŞ.

Mənə şair demə,qardaş,
Yalvarıram dönə-dönə.
Mənə şair demə,qardaş,
Qurban olum gözlərinə.

NUH informasiya agentliyi səhifəsindən çap edilib