Dərc edilib: 13-05-2017

https://www.nuh.az/10740-.html

Abdin Fərzəliyev 50 sot torpaq sahəsinin özəlləşdirilməsinə 100 min istəyib- MTN GENERALININ İTTİHAM AKTINDAN

13.05.2017 16:55:55

Siyasət

Ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyevin və Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş şəxslər ilginc açıqlama veriblər.

 

Gununsesi.info ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyev və Azər Mehdiyevin ittiham aktına istinadən xəbər verir ki, Bakı şəhəri, Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğlu 27 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edərək 2011-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Xəzər Rayon İdarəsinin əməkdaşı Heydər İslamovun ondan 50 sot torpaq sahəsi alıb pulun yarısını, yəni 50.000 manatı vermədiyini, 2013-cü ildə isə MTN-nin Xəzər Rayon İdarəsinin rəisi Rafiq Səfərovun bibisi oğlu Rövşən adlı şəxsin ondan 25 sot torpaq alıb 30.000 manat versə də, sonradan həmin torpaq sahəsinin sənədlərinin saxta olmasına görə onun general Elçin Quliyev tərəfindən həbs ediləcəyi hədə-qorxusu ilə vermiş olduğu pulun 5000 manatını geri alıb əlavə olaraq ondan pulsuz 25 sot da torpaq sahəsi aldığını, bununla da adları çəkilən MTN əməkdaşlarının hədə-qorxu gəlmə yolu ilə ona 74.000 manat məbləğində maddi ziyan vurduqlarını göstərib müvafiq tədbir görülməsini xahiş edib.

Əliyev Əliəsgər Ağababa oğlu şahid və zərərçəkmiş şəxs qismində istintaqa verdiyi ifadələrində 2005-ci ildə Bağlar İdarəsindən atası Ağababa Əliyev, qardaşı Fərhad Əliyev, bacısı Yavərova Nailə Ağababa qızı və dostu Allahverdiyev Aydın Arif oğlunun adına hər biri 25 sot olan 4 ədəd bağ sahəsi aldığını, torpaq sahələrinin Mərdəkan qəsəbəsində Abşeron sanatoriyasının aşağı hissəsində yerləşdiyini, 2011-ci ildə qardaşı Fərhad Əliyevin adına aldıqları torpaq sahəsini satmaq qərarına gəldiklərini, torpaq sahəsini satmaq istəməsi barədə Xəzər Rayon İcra Hakimiyyətində işləyən Ələkbər adlı tanışına məlumat verib.

Ələkbərin Heydər adlı bir şəxslə gəlib torpaq sahəsinə baxdıqlarını, torpaq sahəsinin hər sotunu 2000 manata olmaqla cəmi 50.000 manata satmağı razılaşdıqlarını, bir neçə gün sonra Heydərin 50.000 manat pul gətirdiyini, qardaşının öz adından Heydərin bildirdiyi şəxsə etibarnamə verdiyini, bu hadisədən bir neçə gün sonra Heydərin istifadəsində olan nömrəsinə zəng edərək əlavə 25 sot da torpaq sahəsinin lazım olduğunu, lakin hazırda əlində nağd pulunun olmadığını, pulu 5-10 günə verəcəyini bildirdiyini, ikinci 25 sot torpaq sahəsini yenə də 50000 manata satmağı razılaşdıqlarını deyib.

Onun sözünə inanıb dostu Aydın Allahverdiyevin adına olan torpaq sahəsini ona satmağı ilə bağlı Aydının adından Heydərin bildirdiyi şəxsə etibarnamə verildiyini, Heydərin MTN-nin Xəzər Rayon İdarəsində işlədiyini, birinci torpaq sahəsini idarə rəisi Rafiq Səfərov üçün aldığını, ikinci torpaq sahəsini isə Antiterror mərkəzinin rəisi, general Elçin Quliyev üçün aldığını bildirib.

Həmin hadisədən təxminən, 10-15 gün sonra pulunu almaq üçün Heydərə zəng vurduğunu, onun isə müxtəlif bəhanələr gətirərək, yəni torpaq sahəsinin Bağlar İdarəsinə aid torpaq olmadığını, sənədin saxta olduğunu bəhanə kimi gətirərək pulunu verməyəcəyini bildirdiyini, ona şikayət edəcəyini bildirdikdə həbs edəcəyi ilə hədələdiyini, hətta şikayət etsə general Elçin Quliyevin vasitəsi ilə başına oyun açacağını qeyd edib.

Həmin torpaq sahəsinə görə Heydərin ona 50.000 manat pulu vermədiyini, onların vəzifə sahibi olaraq ona pislik edə biləcəklərini düşünüb, onlardan pulunu istəməyi dayandırdığını və hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, təxminən 2013-cü ildə atasının adına olan 25 sot torpaq sahəsini satmaq qərarına gəldiyini, bu barədə Xəzər Rayon İcra Hakimiyyətində işləyən İmran və ya İman adlı şəxslə əlaqə saxlayıb 25 sot torpaq sahəsini cəmi 37500 manata satmağı planlaşdırdığını bildirdiyini, İmranın da 30000 manata müştərisinin olduğunu və razılaşdığını, atasının adından İmranın bildirdiyi şəxsin adına etibarnamə verdiklərini, həmin gün axşam icra hakimiyyətinin inzibati binasında görüşüb etibarnaməni İmranın yanında olan bir nəfər şəxsə verdiyini deyib.

O bildirib ki, sonradan adının Rövşən olduğunu bildiyi həmin şəxsin 30000 manatı ona verdiyini, Rövşənin MTN-nin Xəzər Rayon İdarəsinin rəisi Rafiq Səfərovun bibisi oğlu olduğunu, bir gün sonra Rövşənin ona zəng vurub Bağlar İdarəsindən torpaq üçün verilən sənədin saxta olduğunu bildirdiyini, görüşməyi təklif etdiyini, Rövşənin görüş zamanı torpaq sahəsinə aid sənədin saxta olduğunu bildirərək, verdiyi 30000 manat puldan 5000 manatını qaytarmaqla, əlavə olaraq bacısı Nailənin adına olan 25 sot torpaq üçün də onun adına etibarnamə verməli olduğunu bildirdiyini, Rövşənin onunla danışa-danışa tez-tez Rafiqlə telefonla əlaqə saxladığını, hər dəfə danışandan sonra onun təklifi ilə razılaşmağını, yoxsa Rafiqin əsəbləşərək onu həbs edə biləcəyini bildirdiyini, onların MTN-də işləməsini bilib daxilən özünə və ya yaxın qohumlarına şərləyib nə isə edə bilmələrindən qorxduğunu deyib.

Rövşənlə uzun söhbətdən sonra onun dediyi ilə razılaşdığını, yəni 5000 manatı qaytarmaqla bacısı Nailə Yavərovanın adından şəxsən Rövşənin adına etibarnamə verdiyini, bu torpağı da 30000 manata satmağı planlaşdırdığı halda, əllərindən pulsuz alındığını, beləliklə Rafiq Səfərovun onlara 74.000 manat pul verməli olduqlarını, torpaqlarının əlindən alınmasının ləğv olunmuş MTN-nin sabiq vəzifəli şəxslərinin əvvəldən qurulmuş ssenari əsasında həyata keçirildiyini başa düşdüyünü, həmin dövrlərdə şikayət edəcəyi təqdirdə özünə problem yaradacağını, Elçin Quliyev və Rafiq Səfərovun ona və ya yaxın qohumlarına pislik edəcəyini düşünüb heç yerə şikayət etmədiyini göstərib.

Əliyev Əliəsgər Ağababa oğlu istintaqa verdiyi əlavə ifadəsində 2011-ci ildə hər biri 25 sot olan 2 torpaq sahəsinin alınması prosesində danışıqları MTN-nin Xəzər Rayon İdarəsinin əməkdaşı Heydər adlı şəxsin apardığını, Rövşəni ilk dəfə 2013-cü ildən sonra gördüyünü, 2011-ci ildə qardaşı Fərhad Əliyev və dostu Aydın Allahverdiyevin adına olan torpaqların satılması zamanı bütün danışıqları onunla Heydərin apardığını, birinci 50000 manatı da ona Heydərin Ələkbər vasitəsilə verdiyini, atası Ağababanın 2013-cü ildə adına olan 25 sot torpaq sahəsinin satılmasına dair etibarnamə verdiyini, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Vaqif adlı şəxsi tanıdığını, 2011-2012-ci illərdə ona 12500 manata torpaq sənədi satdığını, həmin ərazidə ona hər biri 25 sot olan 5 torpaq sahəsi məxsus olduğunu, cəmi torpaq sahələrinin 125 sot təşkil etdiyini, 13 sot torpağın da sahələri arasındakı yollar üçün nəzərdə tutulduğunu, həmin torpaq sahələrindən 4 ədədini və 13 sotu, yəni cəmi 113 sotu Heydər və Rövşən vasitəsi ilə Rafiq Səfərov və digər MTN əməkdaşlarına satdığını, Rafiq Səfərovun ümumilikdə 113 sot torpaq sahəsini aldığını, hasarlayıb digər MTN əməkdaşları ilə birlikdə 3 yerə böldüyünü, yerdə qalan 25 sot torpağın sənədini isə Vaqif müəllimə satdığını, həmin 25 sot torpaq sahəsində hazırda məcburi köçkünlərin məskunlaşdığını, Vaqif müəllimə satılmış sənədin Rafiq Səfərova satılmış torpaq sahələrinə heç bir aidiyyəti olmadığını, Rafiq Səfərovgilin ondan aldıqları 113 sot torpaq üçün cəmi 75000 manat verdiklərini, torpağın ümumi razılaşdırılmış dəyərinin isə 160000 manat təşkil etdiyini, ona ödənilməli olan 74.000 manat torpağın pulunu hələ də qaytarmadıqlarını, Rafiqgilə 3 deyil hər biri 25 sot olan 4 torpaq sahəsi satdığını göstərib.

19 fevral 2016-cı il tarixdə Əliəsgər Əliyev Baş Prokurorluğa teleqram vuraraq Rafiq Səfərov və Heydər İslamovdan olan şikayətini anlaşılmazlıq səbəbindən əsəbi vəziyyətdə yazdığını, əslində onun özünün həmin torpaq sahələrinə aidiyyətinin olmadığını, torpaq sahələrinin onun atası, bacısı, qardaşı və dostuna aid olduğunu, hazırda şikayət etdiyi şəxslərlə barışdığını və onlardan şikayətçi olmadığını göstərib.

Həmin teleqramla əlaqədar əlavə dindirilmiş Əliyev Əliəsgər Ağababa oğlu ifadəsində 18 fevral 2016-cı il tarixdə Rafiq Səfərovun qohumu Rövşən Abbasovun xahişi əsasında görüşdüklərini, görüş zamanı uşaqlıq dostu olan Roma adlı şəxsin də onun yanında olduğunu gördüyünü, Rövşən Abbasovun Rafiq Səfərov və Heydər İslamovun cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı danışıq apardıqlarını, işlərinin tam həll olunması üçün onun da şikayət ərizəsindən imtina etməyini xahiş etdiyini, eyni zamanda ərizəsində tələb etdiyi pulları hissə-hissə ona qaytarmağı söz verdiyini, dostu Romanın da Rövşəngilin pulları qaytarmalarına zamin duraraq onun xahişlərini yerinə yetirməsini bildirdiyini, söhbət zamanı Rafiqgilin ona 50000 ABŞ dolları və 35000 manat borclarının olduğunu bildirdiyini, ümumi puldan 10000 manat güzəşt etməyinə dair razılaşdıqlarını, eyni zamanda 20 mart 2016-cı il tarixədək 25000 manat, 20 mart 2016-cı il tarixdən sonra 3 ay müddətində isə 50000 ABŞ dolları məbləğində pul verəcəkləri barədə razılaşdıqlarını, həmçinin ilkin mərhələdə şikayət ərizəsindən imtina etməyi üçün ona Dübəndi qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi verməyi söz verdiyini, 20 mart 2016-cı il tarixədək razılaşdıqları 25000 manat pulu verdikdən sonra həmin torpaq sahəsini geri qaytarmağını razılaşdıqlarını, qeyd edilən torpaq sahəsinin ona təminat kimi verildiyini, 19 fevral 2016-cı il tarixdə Bakıxanov qəsəbəsində yerləşən notariat kontorunda Dübəndi qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi ilə bağlı Rövşənin adından Romanın adına etibarnamə verildiyini, bundan sonra isə Rövşən və Roma ilə birlikdə poçta gedib Rafiq Səfərov və Heydər İslamovdan hər hansı şikayətinin olmaması, guya onun Rövşənə əsəbləşərək ərizəyə Rafiq və Heydərin adını səhvən yazması barədə teleqram vurduğunu, vurulmuş teleqramın mətnini Rövşən Abbasovun diktəsi ilə yazdığını, Rövşənin Rafiqlə Heydərin işlərini həll etmək üçün həmin məzmunda teleqramın yazılmasının vacib olduğunu bildirdiyini, ancaq ərizəsində və istintaqa verdiyi ifadələrində göstərdiklərinin tam həqiqət olduğunu, onların Elçin Quliyev, Rafiq Səfərov, Heydər İsalmovun təzyiqləri nəticəsində öz torpaqlarına aid verilməli olan pullardan imtina etdiklərini, sadəcə olaraq Rövşənin tələb etdiyi pulları qaytaracağına söz verdiyi üçün, etibar etdiyi dostu Roma zamin durduğu üçün Rövşənin təklifi ilə razılaşıb həqiqətə uyğun olmayan teleqram yazdığını, Romanın gül satışı ilə məşğul olduğunu göstərib.

Bundan başqa, 7 saylı Notariat Kontorundan daxil olan məktubda Əliəsgər Əliyevin atası Ağababa Əliəsgər oğlunun adına heç bir notariat hərəkətinin aparılmaması göstərdilyinə görə həmin xüsusatla əlaqədar Əliəsgər Əliyev əlavə dindirilmiş və o, dindirmə zamanı əvvəlki ifadələrini təsdiq etməklə 7 saylı Notariat Kontorundan daxil olmuş məktubda atası Ağababa Əliəsgər oğlunun adına heç bir notariat hərəkətinin aparılmaması barədə göstərilən xüsusatın doğru olmadığını, 2013-cü ildə Rövşən Abbasova satdığı 0.25 sot torpağın faktiki olaraq onun atasının adına olduğu üçün atasını həmin notariat kontoruna apararaq zəruri sənədlərə imza etdirdiyini göstərib.

İş üzrə şahid qismində dindirilmiş Abbasov Rövşən Rəhim oğlu ifadəsində briqada şəklində cəlb etdiyi ustalar vasitəsilə Bakı şəhərinin müxtəlif yerlərində fərdi yaşayış sahələrinin, ticarət obyektlərinin tikilib satışı ilə məşğul olduğunu, 2015-ci ilin əvvəlinə kimi MTN-nin Xəzər Rayon İdarəsinin rəisi vəzifəsində işləmiş, hazırda MTN-nin Binqədi Rayon İdarəsinin rəisi Səfərov Rafiq Şirzad oğlunun bibisi oğlu olduğunu, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin Rafiq Səfərovun qayını olduğunu, təxminən 2011-ci ildə Rafiq Səfərov onu çağıraraq MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin ona zəng vuraraq Mərdəkan qəsəbəsində böyük torpaq sahəsinin lazım olmasını bildirdiyini, ona görə də Mərdəkan qəsəbəsində nisbətən ərazisi böyük olan torpaq sahəsi axtarmağını ona tapşırdığını, onun da Xəzər Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyən Ələkbər və Mərdəkan qəsəbəsinin adını xatırlamadığı bələdiyyə sədri ilə əlaqə saxlayıb görüşdüyünü, Ələkbərin bir nəfər Mərdəkan qəsəbəsi sakininin böyük torpaq sahələrinin olduğunu bildirdiyini, Ələkbər və bələdiyyə sədri ilə birlikdə gedib Əncirlik adlanan ərazidə torpaq sahəsinə baxdıqlarını, torğaın sahibi olan Əliəsgər adlı şəxsin də oraya çağırıldığını, torpaq sahəsinin təxminən 50 sot olduğunu, bu barədə Rafiq Səfərova məlumat verdikdən sonra sotu 2000 manatdan olmaqla cəmi 100000 manata torpağı almağı razılaşdırdıqlarını, torpaq özəlləşdirilmiş olmadı üçün pulun yarısının özəlləşmədən sonra veriləcəyi barədə torpaq sahibi ilə razılıq əldə etdiklərini, daha sonra Rafiq Səfərovdan 50000 manat alıb Ələkbərin yanında Əliəsgərə veridiyini, Əliəsgərin də qardaşı Fərhad Əliyev və tanışları Aydın Allahverdiyevin adından onun xalası oğlu Əsgərov Elman Telman oğlunun adına etibarnamə verdiyini, ərazidə məskunlaşmış məcburi köçkünlərin  köçürülməsi məsələsini də Əliəsgərin öz öhdəsinə götürdüyünü, ərazini hasarlamağa başlayanda isə məcburi köçkünlərin etirazı ilə qarşılaşaraq hasarlaya bilmədiyini, Əliəsgərin də bu məsələni özlərinin həll etməsini bildirdiyini, daha sonra özəlləşdirmə üçün qeyd edilən torpağa aid sənədləri Əmlak Məsələləri üzrə Komissiyaya göndərəndə Əliəsgərdən aldıqları torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq olması səbəbindən özəlləşdirilməsinin mümkün olmadığının bildirildiyini, bundan sonra Əliəsgərə verdiyimiz pulu geri tələb edəndə pulunun olmadığını bildirməsini, verəcəyimiz qalan pulu verməyimizi və özəlləşməni özünün həyata keçirəcəyini bildirdiyini, daha sonra Rafiq Səfərovun işçisi olan Heydər adlı şəxsin Əliəsgərlə görüşərək pulu qaytarması üçün ona hədə qorxu gəldiyini, onu həbs edəcəyi ilə hədələdiyini, həmin torpaq sahəsinin general Elçin Quliyevə alınmasını bildirərək sonuncunun onu həbs etdirə bilməsini bildirdiyini, torpaq sahəsinin ona məxsus olmadığını bilə-bilə satması ilə dələduzluq etdiyini ona izah elədiklərini, ancaq Əliəsgərin yenə də pulu qaytarmadığını, daha sonra Elçin Quliyevin kimə isə xahiş edib torpaq sahəsini özəlləşdirdiyini, məcburi köçkünlərin köçürülməsi məsələsini də yenə də Elçin Quliyevin Qaçqınların və Məcburi köçkünlərin işi üzrə komissiyanın rəhbəri Əli Həsənovla danışıb onlara yeni ev verilməklə həll etdiyini, Əliəsgərdən alınan həmin 50 sot torpaq sahəsinin üç yerə bölünərək həmin ərazidə Elçin Quliyevin, İlqar Əliyevin və Rafiq Səfərovun ev tikdiklərini, bu hadisədən təxminən 2 il sonra, yəni 2013-cü ildə Rafiq Səfərovun həmin torpaq sahəsinin ətrafında olan Əliəsgərə məxsus əlavə 25 sot torpağın alınmasını tapşırdığını, onun da Əliəsgərlə görüşüb həmin 25 sot torpağı almaq istədiyini bildirdiyini, qiymətini 25 sot üçün 25 000 manata razılaşdıqlarını, eyni zamanda torpağın özəlləşdirilməsinin alınmayacağı təqdirdə sənədi geri qaytarıb pulunu geri alacağı barədə şərt kəsib.

Əliəgərin də onunla razılaşdığını, daha sonra Əliəsgərin bacısı Yavərova Nailə Ağababa qızının onun adına etibarnamə verdiyini, daha sonra həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Elçin Quliyevin yenə də kimdənsə xahiş etdiyini və torpaq sahəsini özəlləşdirdiklərini, bu hadisədən bir neçə ay keçdikdən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Vaqif müəllimin onu yanına çağıraraq Mərdəkan qəsəbəsində, “Dalğa Beach” otelin yanında sənədsiz torpaq sahəsi aldığını, həmin torpaq sahəsi üçün 25 sotluq torpaq sənədinin lazım olduğunu, sənəd tapılmasına ona köməklik etməyini, onun da Əliəsgər adlı şəxsdə bağ səhələrinin icarəsi ilə bağlı müqavilənin olduğunu bildirdiyini, daha sonra icra hakimiyyətinin şöbə müdiri İmran adlı şəxsin onunla əlaqə saxlayaraq Vaqif müəllimin dediyi ərazini onun adına rəsmiləşdirəcəklərini, Əliəsgərlə görüşüb 25 sotluq torpaq üçün sənədi 20 000 manata almağı razılaşdırdığını, bir neçə gün sonra Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında İmranın yanında 20 000 manat Əliəsgərə verdib sonuncunun  adından qəbz yazdırdığını, 2011-ci ildə Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşı Ələkbər adlı şəxs və bələdiyyə sədri ilə Əliəsgər Əliyevin satdığı torpaq sahəsinə ilkin baxış keçirilən zaman birincilərin həmin ərazinin dövlət mülkiyyətində olan torpaq olmasını bildirmədiklərini, əksinə Əliəsgəri tanıdıqlarını və torpaqların da Əliəsgərin dədə-baba torpağı olmasını bildirdiklərini, MTN-nin Xəzər Rayon İdarəsinin əməkdaşı olmuş Heydər adlı şəxsi tanıdığını, Heydərin hazırda Binəqədi rayonunda Rafiq Səfərovun müavini vəzifəsində işlədiyini, Əliəsgərlə ilkin danışıqları onun özünün apardığını, həmin danışıqlarda Heydərin iştirak etmədiyini, ancaq Əliəsgərin satdığı torpaqların özəlləşdirilməsi ilə bağlı problem yarananda Rafiq müəllim Əliəsgərlə söhbət etməsi, başa salması üçün Heydərə də tapşırıq verdiyini, Heydərin də Əliəsgərlə bir neçə dəfə görüşüb verilən pulu qaytarmaq üçün sonuncuya hədə qorxu gəldiyini, yəni onu həbs edəcəyi, başına oyun açacağı ilə bağlı hədələdiyini, Heydərin Əliəsgəri təhqir edib hədələdiyi üçün onun Heydərdən də şikayət etdiyini, onun özünün də Əliəsgəri həbs edəcəyi, başına oyun açacağı ilə hədələdiyini, Əliəsgər Əliyevdən ümumilikdə hər biri 25 sot olmaqla, 4 torpaq sahəsi, cəmi 100 sot torpaq sahəsi alındığını, həmin ərazilərin 3-nün Rafiq müəllim üçün alındığını, daha sonra həmin ərazilər Rafiq Səfərov, Elçin Quliyev və İlqar Əliyev arasında bölünməklə ərazidə bağ evləri tikildiyini, digər 25 sot olan torpaq sahəsinin isə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Vaqif müəllim üçün alındığını, qeyd edilən 3 torpaq sahəsi üçün 50 000 manat və 25 000 manat olmaqla cəmi 75 000 manat pul verildiyini, Vaqif müəllim üçün alınan torpaq sahəsi üçün isə 20 000 manat pul verildiyini, 4 torpaq sahəsi üçün Əliəsgərə cəmi 95 000 manat pul verildiyini, Əliəsgərin onun torpaqlarının satılmasında vasitəçilik etdiyi üçün 3-cü torpaq sahəsini alanda 1000 manat, 4-cü torpaq sahəsini alanda 500 manat ona pul verdiyini göstərib.

İş üzrə şahid qismində dindirilmiş Səfərov Rafiq Şirzad oğlu ifadəsində göstərmişdir ki, 2004-cü ildən 2007-ci ilədək Antiterror mərkəzində, 2011-ci ildən 2015-ci ilin yanvar ayınadək MTN-nin Xəzər Rayon İdarəsinin rəisi, 2015-ci ilin yanvar ayından MTN-nin Binəqədi Rayon İdarəsinin rəisi vəzifəsində işləyib.  2011-ci ildə ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev onu yanına çağıraraq İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisində bağ evi tikmək istədiklərini deyərək onlar üçün ucuz qiymətə bağ sahəsi tapmağınıı tapşırıb.

O da Xəzər rayonuna yeni təyin olunduğu üçün rayonda çox adamı tanımadığından həmin tapşırığın icrasını işçisi Heydər İslamova həvalə edib. Heydər də Xəzər Rayon İcra Hakimiyyətində işləyən Ələkbər Aslanov adlı qohumu vasitəsilə 50 sot torpaq sahəsi tapdığını, ümumi qiymətin 100000 ABŞ dolları olduğunu bildirmiş, o da bu barədə Elçin Quliyevə məlumat vermişdir. Bir neçə gündən sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Mərdəkan qəsəbəsinə gələrək torpaq sahəsinə baxaraq razılıqlarını bildirib gediblər. Bir müddət sonra İlqar özü Mərdəkana gələrək torpaq üçün 50.000 ABŞ dolları verib pulun qalan hissəsini isə alqı-satqıdan sonra verəcəklərini bildirib.

O özü torpaq sahibi ilə görüşməyib və danışıq aparmayıb, bütün danışıqları Heydər özü və ya qohumu Ələkbər Aslanov vasitəsi ilə aparıb. İlkin danışıqlar zamanı torpağın bütün sənədlərinin yerində olduğu, alqı-satqı üçün heç bir problemin olmadığı bildirilmiş, İlqar Əliyev 50.000 ABŞ dolları verdikdən sonra o, Elman Əsgərovun şəxsiyyət vəsiqəsini Rövşən Abbasova verərək onun adına etibarnamə vermələrini tapşırmış, pulun qalan hissəsini alqı-satqıdan sonra verəcəyini söyləyib. Torpaq sahəsi ilə bağlı danışıqları Əliəsgər Əliyev adlı şəxs aparsa da, torpaq sahəsi onun qardaşı, atası, bacısı və dostunun adına olmuş, Əliəsgərgil adlarına olan torpaqların çıxarışını çıxartmağa başlamış, bu müddət ərzində onlar torpaq sahəsinə yeni hasar tikməyi danışmışlar. Hasarın tikintisinə başlayanda torpaq sahəsində məskunlaşmış 3 məcburi köçkün ailəsi tikintiyə icazə verməmiş və onlarla qarşıdurma yaranıb. Ancaq torpaq sahəsinin satılması ilə bağlı danışıqlar aparılanda məcburi köçkünlərin oradan çıxarılmasını Əliəsgər öz üzərinə götürüb, məcburi köçkünlər narazılıq edəndə Əlisgərlə əlaqə saxlamalarını bildirib, sonuncu da Rövşənə onların bir qədər gözləmələrini, sənəd düzəldəndən sonra tikintiyə başlamalarını deyib.

Təxminən, 5 ay ərzində Əliəsgərgil torpaq sahələri üçün çıxarışlar ala bilməyib, Elçin Quliyev də onunla mütəmadi əlaqə saxlayıb bağ sahəsi ilə maraqlanıb, o isə hər dəfə sənədlərin düzəlmək üzrə olduğunu bildirərək vaxtı uzadıb. 2011-ci ilin payız ayında məlum olub ki, Əliəsgərgil çıxarış üçün Əmlak Komitəsinə müraciət edərək rədd cavabı alıb, həmin ərazinin dövlət mülkiyyətində olan torpaq olması göstərilib. Belə olan halda o da Elçin Quliyevin yanında rüsvay olub və Heydərə Əliəsgəri tapıb pulu geri almasını tapşırıb. Heydər də Əliəsgərin ağsaqqalları olan Elman, Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba və dostu Aydınla görüşüb aydınlaşdıracağını demiş və onlarla görüşüb məsələni müzakirə etmişlər. Danışıq zamanı Əliəsgər Heydərdən vaxt verilməsini xahiş edib, başqa kanal vasitəsi ilə çıxarış alacağını bildirib.

Onlar da Əliəsgərə yenidən 2-3 ay vaxt verib, amma Əliəsgərgil yenə də çıxarış ala bilməyiblər. Bundan sonra o, Elçin Quliyevə məlumat verib, torpaq sahəsinin sənədi ilə problemin olduğunu demiş və pulu geri almaq istədiyini söyləyib.

Elçin Quliyev də buna razılıq verib, daha sonra o, bələdiyyə sədri Mirbaba ilə görüşüb, sonuncu isə Əliəsgərin ailə üzvləri ilə probleminin olduğunu, Qəbələ şəhərində yaşadığını, pulu da artıq xərclədiyini deyib. O, Mirbabaya bu torpaq sahəsini özü üçün yox, general üçün aldığını söyləyib.

Bundan sonra Rövşən Əliəsgərin telefonunu tapıb danışaraq pulu qaytarmasını bildirmiş, Əliəsgər də pulunun olmadığını, ona veriləcək əlavə pulu istəmədiyini deyərək, bu problemləri həll etmələrini xahiş edib. Bundan sonra o bu barədə Elçin Quliyevə məruzə edərək torpaq sahibinin pulu qaytara bilmədiyini söyləyib torpaqlara onların özünün çıxarış almalı olacağını bildirmiş, Elçin Quliyev də sabiq nazirə məruzə etdikdən sonra onu yanına çağıraraq ona nazir Eldar Mahmudovun torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün onun qaynı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etməsini tapşırıb. Bir müddət sonra onun iş yerinə Asif adlı şəxs gələrək onun adına etibarnamə verməyini, torpaq sahələrinin özəlləşdirilməsi ilə onun məşğul olacağını bildirib.

O da Elmanın adından Asifə etibarnamə verilməsini tapşırıb, Həmin ərəfədə torpaq sahəsinin özəlləşdirilməsi üçün Elçin Quliyev ona 25 000 ABŞ dolları məbləğində pul vermiş və o da həmin pulu Asifə təqdim edib. Lakin özəlləşmə üçün xərc 25000 ABŞ dollarından çox çıxmış, dəqiq olaraq nə qədər pul xərcləndiyini bilməyib və həmin pulu Abdin Fərzəliyev verib. Abdin Fərzəliyev ona bir sot torpaq sahəsinin özəlləşdirilməsi üçün 2000, 50 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün isə 100.000 manat pul lazım olduğunu deyib.

O da özü 25.000 manat pul verə biləcəyini deyərək həmin pulu Asif adlı şəxs vasitəsilə Abidin Fərzəliyevə göndərib və qalan xərcləri isə sonuncu özü çəkib. Həmin torpaq sahələrinə dair sənədlərin hazırkı əraziyə otuzdurulması, yəni plan sxem çəkilməsinə görə Əmlak Komitəsinin Xəzər rayon üzrə nümayəndəsi Hacı adlı şəxs işdən çıxarılmış, nəhayət 2012-ci ildə Aydın Allahverdiyev və Əliəsgərin qardaşı Fərhad Əliyevin adına olan torpaq sahələri özəlləşdirilərək çıxarışlar alınmış, torpaq sahəsi özəlləşdiriləndən sonra özəlləşmə prosesində qaynı Abdin Fərzəliyev də köməklik göstərdiyi üçün 50 sot olan torpaq sahəsinin 3 yerə bölünərək orada ona da torpaq sahəsi ayrılaraq bağ evi tikilməsinə dair Elçin Quliyevdən razılıq alıb.

2012-ci ildə torpaq sahələri Fərhad və Aydının adından onun adına alqı-satqı olunmuş, ərazidə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı Elçin Quliyev kimdənsə xahiş etmiş və onlara dövlət hesabına ev verilərək köçürülmüşlər. Daha sonra torpaq sahələri 3 yerə bölünərək İlqara məxsus ərazi onun adından həyat yoldaşı Nahidə Əliyevanın, Elçin Quliyevə məxsus ərazi isə sonuncunun həyat yoldaşı Kəmalə Axundovanın adına alqı-satqı olunub. Bundan sonra həmin ərazidə bağ evlərinin tikintisinə başlanılıb.

Bu ərəfədə Əliəsgər sabiq nazirin hansısa sürücüsünə şikayət edərək guya aldadıldığını demiş, nazirliyin inspeksiya idarəsinin rəisi Qədir Əkbərov ona zəng vurub məsələ ilə maraqlanmış, o da baş verənləri ətraflı şəkildə ona izah edib. Bundan sonra bu barədə hər hansı mübahisə, danışıq olmayıb, o öz ərazisində bağ evi tikdikdən sonra 2012-ci ilin payız ayından etibarən eyni proyekt üzrə Elçin Quiyev və İlqar Əliyev üçün də ev tikilməyə başlanıb. İlqar və Elçin Quliyevin bağ evlərinin tikintisi onun bağını tikən ustalar tərəfindən həyata keçirilsə də, bütün xərclər onların özləri tərəfindən ödənilib.

Tikintiyə Rövşən Abbasov nəzarət edib. Tikinti ilə əlaqədar pul vəsaiti ATM-in işçisi Seymur Mansurov, işçisi Nemət Mikayılov və onun vasitəsilə Rövşən Abbasova verilmişdir. 2013-cü ildə Elçin Quliyevin xahişi ilə o öz torpaq sahəsinin bir hissəsini sonuncuya verib, Rövşənə də tapşırıb ki, onunla hasar qonşusu olan məcburi köçkünlərlə danışıq apararaq onların ərazisinin bir hissəsini həyətinə birləşdirsin. Rövşən məcburi köçkünlərlə danışıq apararaq tələblərini icra edildikdən, yəni tövlə tikilməsi, yardımçı tikilinin tikintisi və təxminən 5000 manat pul verildikdən sonra 25 sot boşaldılaraq ərazi 3 nəfər, yəni Elçin Quliyev, İlqar Əliyev və onun arasında bölünüb, həmin ərazinin sənədləşdirilməsi üçünsə Əliəsgərdən torpaq icarəsi ilə bağlı sənəd almağı Rövşənə tapşırıb.

Rövşən də Əliəsgərlə görüşərək sonuncunun bacısı Nailə Yavərovanın adına olan sənədin alınması ilə bağlı Əliəsgərə Elçin Quliyevin verdiyi 25 000 manat pulu vermiş, özəlləşməni də Elçin Quliyev Kərəm Həsənovdan şəxsən xahiş edərək çıxarış almış, torpaq sahəsi Nailə Yavərovanın adından Rövşən Abbasovun adına alqı-satqı olunmuşdur. Bu hadisələrdən sonra Rövşən Abbasov ona Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif  Həsənovun xahişi ilə Əliəsgərdən torpaq sahəsi aldığını, Vaqifin həmin sənədi hansısa başqa əraziyə otuzdurduğunu, buna görə Vaqif müəllimin Əliəsgərə 20 000 manat pul ödədiyini, Əliəsgərdən ümumilikdə 75 sot torpaq aldığını və bunun müqabilində 50 000 ABŞ dolları və 25000 manat pul ödənildiyini bildirib.

17 oktyabr 2015-ci il tarixdən sonra Əliəsgər Rövşənlə əlaqə saxlayaraq onların barəsində şikayət etməməsi üçün guya 2011 və 2013-cü ildə ona ödəməli olduqları pulları qaytarmalı olduqlarını bildirib və Rövşənə ümumilikdə ona 30 000 manat pul verilməli olduğunu söyləyib. Bundan sonra o, bu barədə Elçin Quliyevə məlumat verib.

Sonuncu da heç kimə hər hansı məbləğdə pul verməyəcəyini, şikayətçinin hara istəyirsə şikayət etməsini bildirib, ona görə də o, Əliəsgərə hər hansı məbləğdə pul verməyib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib