Dərc edilib: 19-05-2017

https://www.nuh.az/10791-.html

Nuray Bayramzadənin vəkili Balabəy Məlikov KİV-ə geniş açıqlama verdi

19.05.2017 13:08:22

Cəmiyyət

Sual: Kütləvi informasiya vasitələrində yayılmış videodan görünür ki, Quba Rayon İcra Şöbəsi məhkəmənin 06.01.2012-ci il tarixli qətnaməsini icra etmək istəyərkən, Nuray Bayramzadəni atasına vermək – uşağın iradəsi baxımından mümkün olmamışdır. Lakin icra şöbəsi sonradan tələbkardan ərizə alıb icra işini məhkəməyə qaytarmışıdır. Sizin bu məsələyə münasibətiniz..


Cavab: Quba Rayon Məhkəməsinin 2(027)-42/2012 saylı, 06.01.2012-ci il tarixli qətnaməsi ilə Nuray Bayramzadənin xalası Eldarova Mehriban Mustafa qızından və nənəsi Xudaverdiyeva Firəngiz Dadaş qızından alınaraq Əvəz Bayramova verilməsi qət edilsə də, hazırki vaxta qədər uşağın atasına verilməsi mümkün olmamışdır. Belə ki, icra məmurları hər dəfə qətnamənin icrası zamanı  uşağın güclü maneələri ilə rastlaşmışlar. Qətnamə Azərbaycan Respublikasının qanunlarına uyğun qəbul edilmdişdir.

07.12.2016-cı il tarixdə icra sənədinin icrası ilə bağlı Quba Rayon İcra Şöbəsində növbəti icra prosesi zamanı, icra məmurları 10 yaşlı Nuray Bayramzadənin etirazına və yalvarışlarına məhəl qoymayaraq,  azyaşlı uşağı zorla xalasından alaraq, uşağa fiziki güc və zor tətbiq etmişlər. Bu səbəbdən də hal-hazırda uşaq həkim nevropotoluqun nəzarəti altında müalicə alır.

        07.12.2017-cı il tarixli icra prosesi zamanı icra məmurları azyaşlı Nuray Bayramzadəyə zor tətbiq etməklə kifayətlənməmiş, uşağı anasının (uşağın danışıqlarından görünür ki, uşaq M.Eldarovanı ana bilir)  həbs ediləcəyi ilə təhdid etmişlər. Həmin icra prosesi zamanı icra məmurları və Nurayın atası Əvəz Bayramov  ilə Nuray Bayramzadə arasındakı dialoqu sizə təqdim edirəm (video görüntülərdəki icra hərəkətləri zamanı icra məmuru ilə icrada iştirak edən tərəflər arasında  danışıqlar olduğu kimi).

 

-       Gəl bir ata ilə görüş də (məmur)

-       İstəmirəm (uşaq)

-       Gəl yaxına. Görüş də (məmur uşağın atası Əvəz Bayramova)

-       İstəmirəm (uşaq)

-       Ataya bax (icra məmuru)

-       Yox, istəmirəm. Mən mamanı istəyirəm. (uşaq)

-       Sənin maman o deyil (Əvəz Bayramov)

-       Mamamdı (uşaq)

-       Qışqırma, qışqırma (Əvəz Bayramov)

-       Yaxınlaş, sığalla (məmur Əvəz Bayramova)

-       İstəmirəm, isətmirəm (uşaq)

-       Neyniyirsiz ala, belə uşaq apararlar (qəyyumluğun inspektoru)

-       Mama, mama (uşaq qışıqırır)

-       Yazıqdı, ay kişi . Aaa belə şey olar, aaa.... (qəyyumluğun inspektorunun etirazı)

-       İstəmirəm (uşaq)

-       Bu nədi belə, aaa belə şey olar, uşaq yazıqdı... (qəyyumluğun inspektoru)

-       Tutun, tutun!!! (icra məmuru)

-       Sakit dayan, ay müəllim (icra məmuru qəyyumluğun  inspektoruna cavabı).

-       Bu uşağı mən müdafiə eləməliyəm (qəyyumluğun inspektoru). 

-       Nolar, yalvarıram sizə, anamı istəyirəm. Mama, apar məni. Xahiş eliyirəm, apar. (uşaq)

-       A kişi, mənə ağıl öyrədirsən, keç otur yerində. Sən rəy yazmağa gəlmisən? Vse, rəyini də yazıb verərsən. Müdafiə eləmirsən?  Yazıb verərsən də. (icra məmurunun qəyyumluğun inspektoruna dediyi sözlər)

Mən gözümlə gördüyümü yazacam (qəyyumluğun inspektoru)

Bəs atan yazıq deyil, o səni istəmir? Ağlama, ağlama. Yazıq neçə illərdir məhkəmələrdədi. Ağlama da, söhbət eləyirik. Səni heç kim almır. İstəmirsən gətirib qaytararıq (icra məmuru)

-       Səni buraxacam gəlib görərsən (atası Əvəz Bayramov)

-       Yox! İsətmirəm, mən anamı istəyirəm. Xahiş eləyirəm sizdən, kim istəyər uşağı başqasına versinlər. (uşaq)

-       Bu da sənin atandı da.(icra məmuru)

-       Sizi tanımadığınız bir nəfərə versələr yaxşı olar? (uşaq)

-       Tanıyarsan da, xoşuva gəlməsə... (icra məmuru)

-       Mən mamamı istəyirəm. (uşaq)

-       Mamanı istəyirsən, lap yaxşı mamanda qalarsan. (icra məmuru)

-       Yox, nolar xahiş eliyirəm. Anam... (uşaq)

-       Yenə də mamanda qalarsan. (icra məmuru)

-       Uşağın ürəyi xarab oldu (Mehriban)

-       Narahat olma, səni heç kim almır. Gedirsən atanın yanına 2 günlük. (icra məmuru)

-       Yox, istəmirəm. (uşaq)

-       1 günlük. (icra məmuru)

-       Su verin bu uşağa (Mehriban Eldarova)

-       Məhkəmə qərarı var. Bizlik bir şey yoxdu. Sən bizə kömək eləmirsən, biz də məcbur alırıq. Sən elə eləyirsən ki, maman – xalan maneçilik törədir, mamanı indi məsuliyyətə cəlb eliyə bilərik. Həbsə getsin maman? (icra məmuru)

-       Siz istəyərsiz? Eləməyin nolar... (uşaq)

-       Onda get 1 günlük atana. (icra məmuru)

-       Yox, getmirəm mən. Mənim qərarım qətidir. (uşaq)

-       Sənin qərarın qətidir? Onda anan tutulacaq (icra məmuru)!!!

-       Yox, nolar eləməyin. İstəmirəm  su–zad. (uşaq)

-       1 saatlıq gedirsən ataya. (icra məmuru)

-       Yox. (uşaq)

-       Yaxşı maman da gedir sənlə. (icra məmuru)

-       Yox. Mən anamla öz evimizdə qalmaq istəyirəm. (uşaq)

-       Get bir gün də atangildə qal da. Bəs atan yazıq deyil? (icra məmuru)

-       Yox. (uşaq)

-       O sənin anan deyil. (Əvəz Bayramov qışqırır)

-       Anamdı. (uşaq)

-       1 dəqiqə söz deyirəm. (Əvəz Bayramov)

-       Mama, yox. Nolar eləmə də mənə (Nuray Əvəz Bayarmova deyir)

-       Heç nə eləmirəm. Ay qız, bu yana bax, eşidirsən məni? Söhbət eləyirəm sənlə heç nə eləmirəm (atası Əvəz Bayramov)

-       Uşaq sözünü dedi, öldürək? (Mehriban)

-       Öldürün məni, amma anamdan ayırmayın. Heç bir saat da olsa. (uşaq)

-       Qardaş, məhkəmə qətnaməsi var. Sənə aydın deyil?? (icra məmuru)

-       Uşaq getmirsə, necə eliyək, öldürək? (qəyyumluğun inspektoru)

-       Məhkəmə qətnaməsi çıxarılmamışdan qabaq məsələ qaldırılmalı idi!!! Məhkəmə qətnaməsi AR-da məcburidir. (icra məmuru)

-       Məcburidir?? Tut qollarınan uşağın bağla apar (qəyyumluğun inspektoru ironiya ilə)

-       Mənim vəzifəmdi, sən mənə göstəriş vermə. Sən öz işinlə məşğlu ol (icra məmuru qəyyumluğun  inspektoruna)

-       Mən öz işimlə məşğul oluram, uşağı müdafiə eləyirəm (qəyyumluğun inspektoru)

-       Elə dəə... Müdafiəni elə. Bacardığın çərçivədə elə. O çərçivədən qırağa çıxma (icra məmuru qəyyumluğun inspektoruna)

-       Mən səndən şikayət eliyəcəm (qəyyumluğun inspektoru)

-       Kimdən? (icra məmuru)

-       Səndən (qəyyumluğun inspektoru icra məmuruna)

-       Hara, nə vaxt istəyirsən yaza blərsən. Öz vəzifəni yerinə yetirmirsən (icra məmuru  inspektora)

-       Uçastkovyu zad deyil (başqa icra  məmuru)

-       Uşaq inspektorudur uşağı müdafiə eləməlidi də (qəyyumluğun əməkdaşı).

-       Uşaq danışır da. (icra məmuru)

 

Əvəz icra məmurlarının köməkliyi ilə uşağı yerdə sürüyərək  qaçırdır.

 

AR Konstitusiyasının 7-ci maddəsinin II bəndində yazılır:

Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

“İcra haqqında” AR Qanunun 70.4-cü maddəsində yazılır:

70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

AR Ailə Məcəlləsinin 52-ci maddəsində deyilir:

Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.

 “Uşaq hüquqları bəyannaməsi”nin (BMT-in Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XIV) nömrəli qətnaməsi ilə elan edilmişdir) 2 nömrəli prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

         «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

AR Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrində qanunun və hüququn analogiyası aşağıdakı kimi qeyd olunmuşdur:

11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

Hüququn və qanunun analogiyası baxımından bu məsələyə münasibətdə icra məmurları uşağın mənafeyini əsas götürərək, Ali Məhkəmənin 52-ci maddəsinin tələblərini əsas götürə bilərdilər.

Hesab edirəm ki, AR Konstitusiyasının 7-ci maddəsi birmənalı şəkildə daxili məsələlərin həllini yalnız hüquqla məhdudlaşdırır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində yazılır:

İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir.

Bu  o deməkdir ki, icra məmurları istədikləri kimi deyil, qanunvericiliyin müəyyən etdiyi qaydada icra hərəkətlərini icra etməlidirlər. Kütləvi informasiya vasitələri tərəfindən ictimailəşdirilmiş Quba Rayon İcra Şöbəsinin 07 dekabr 2017-ci il tarixdə Nuray Bayramzadənin icra qaydasında alınaraq tələbkar Əvəz Bayramova verilməsinə dair icra işindən görünür ki, 10 yaşı tamam olmuş Nuray Bayramzadə onu tanımadığı adama verməməyi icra məmurundan yalvarışla, həm də qəti olaraq tələb edir. Qanun bu halda uşağın mənafeyini hər şeydən üstün tutur. Qətnamənin mövcudluğu icra məmuru tərəfindən, yaxud tələbkar tərəfindən uşağa zor tətbiq etməyə heç bir əsas vermir. Tam fəaliyyət qabiliyyəti olmayan körpənin mənafeyi dövlət tərəfindən qorunduğu üçün, icra məmuru dövlətin qanunla müəyyən etdiyi daxili hüquq əsasında hərəkət etməlidir. Lakin görünən odur ki, icra məmuru “İcra haqqında” qanunun 70.4-cü maddəsinin müəyyən etdiyi normadan irəli gələn tələblərə əməl etmək istəməmişdir. Bu baxımdan, uşağın mənafeyi və qanunun bu normasını rəhbər tutaraq, icra məmuru Quba Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədinin icrası mümkün olmadığı üçün icra sənədini məhkəməyə qaytarmalı idi. Buna baxmayaraq, Quba Rayon icra şöbəsinin 13.03.2017-ci il tarixli qərarından görünür ki, 10.03.2017-ci il tarixdə tələbkar Ə.Bayramov ərizə təqdim etdiyi səbəbindən, “İcra haqqında” qanunun 23.1.1-ci maddəsinə əsasən icra işi məhkəməyə geri qaytarılmışdır. İcra məmurları nədənsə, “İcra haqqında” qanunun 70.4-cü maddəsinə uyğun formada, yəni icra sənədinin icrası mümkün olmadıqda qanunun onlara verdiyi səlahiyyətdən istifadə etmirlər, yaxud   bu normanı icra prosesində tətbiq etmək istəmirlər. Baxmayaraq ki, qanun icra məmuruna bu səlahiyyəti verir. Lakin belə başa düşürəm ki, icra məmurları hesab edirlər ki, icra prosesində mümkün olmayan heç nə yoxdur. Əgər belə olmasaydı, yəqin qanunun bu norması ölü normaya çevrilməzdi. Əslində oxşar işlərdə, hətta 5 yaşlı uşağın atası ilə ünsiyyətini təşkil etmək mümkün olmadığı səbəbindən icra işi məhkəmələrə qaytarılması təcrübəsi mövcuddur. Nədənsə Nuray Bayramzadəyə münasibətdə bu norma tətbiq olunmamışdır.

Hesab edirəm ki, Quba Rayon İcra Şöbəsi “İcra haqqında” qanunun 70.4-cü maddəsini tətbiq etməklə, icra sənədini məhkəməyə qaytarmalı idi. Buna baxmayaraq, icrası mümkün olmayan  icra işinə dair sonradan tələbkardan ərizə alıb “İcra haqqında” qanunun 23.1.1-ci madəsi əsasında icra işinin məhkəməyə qaytarılması işin faktiki halları baxımından və qanunvericlik baxımından düzgün olmamışdır. Çünki icra hərəkətləri 07.12.2016-cı il tarixdə həyata keçirilərkən, uşağın ataya alınıb verilməsi mümkün olmamışdır. Məhz icra mümkün olmadığı səbəbindən icra sənədi məhkəməyə qaytarılmalı idi.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib