Dərc edilib: 30-05-2017

https://www.nuh.az/10916-.html

Mikayıl Müşfiq, Rafiq Tağı, Mövlud Mövlud... ölüm müstəvisində

30.05.2017 11:43:58

Cəmiyyət

    Rasət  Pirisoyu 

 

           (esse)    

 

        Təqribən  iki ay qabağa qədər  Azərbaycanda yazıb oxumağı  bacaran  adamların bəlkə də  çoxu Mövlud Möludu tanımırdı. Amma indi elə bilirəm  Mövlud Mövludu tanımayan yoxdu.

Mövlud Mövlud intihar etmiş  Azərbaycan yazıçısıdır. Səhv etmirəmsə,  27 yaşı vardı. 1937-ci ildə qətlə yetirilmiş Mikayıl Müşfiqlə yaşıdıydı. Elə yazdıqları da Mikayl Müşfiqin yazdıqlarını  xatırladırdı. Mövlud Mövlud da yazılarında  gənciydi;  gənc, kövrək, duyğulu...


Mən  son vaxtlar Mövlud Mövludla bağlı gedən söhbətləri, keçirilən tədbirləri, çəkilən ahları  bacardıqca  izləməyə çalışıram.

Və bu o zaman  baş verir ki,  keçən əsrin sonlarında, bu əsrin əvvəllərində meydana çıxan yazıçı hərəkatı artıq küncə sıxışdırılıb.

Nəfəsi kəsilib.

Bir çoxları isə bu hərəkatdan  nümayişkaranə  şəkildə  imtina edib.

Yazıçı işi öz  ictimai dəyərini itirməyə başlayıb.

Keçən əsrin sonlarında,  bu əsrin əvvəllərində Azərbaycanda çox maraqlı yazıçı hərəkatı meydana  çıxmışdı.

Bu hərəkat  Rafiq Tağının böyük yazıçı  səyiylə, Həmid Herisçinin ideoloqluğu, başçılığı, «ey bisavadlar!»  xitabıyla,   Rasim Qaracanın ədəbi prodüserliyiylə, 19-cu əsr təbiri ilə desəm, intişar tapmışdı.

Bu hərəkatın fəalları, Azərbaycan üçün ənənəvi olan bir çox mövzuları,  o cümlədən   ölkədəki  ictimai, dini, siyasi və ədəbi  əxlaqı  yazıçı  tədqiqinə cəlb etmişdilər.

İndi Rafiq Tağı qətlə yetirilib.

İndi  Həmid Herisçi ədəbi isterika içərisindədir.

İndi Rasim Qaraca öz ədəbi prodüserliyini davam etdirir. Həmişə olduğu kimi, yenə də, Azərbaycan ədəbiyyatının  inkişafı üçün yuxarılara, xüsusən də Azərbaycan  mədəniyyət və  turizm naziri Əbülfəs Qarayeva məktublar yazır.

Kövrəlir.

Heyran olur.

Kədərlənir.

Halbuki ədəbi prodüser Rasim Qaracanın görmək istədiyi o BÖYÜK işi bu gün kulis.az, sim-sim.az  artkaspi. az saytları böyük uğurla həyata keçirirlər.

Artıq yazıçılıq ictimai hadisə deyil.

Bizdə yaradıcılıq  artıq peşə  məsələsidir.

Azərbaycanda  yaradıcı peşələrin ictimai hadisə olması bilmərrə  təhlükəlidir.

Azərbaycan yazıçısının  özünəməsus  peşə xüsusiyyətləri var.  O xüsusiyyətlərdən  bir  nümunə: «... get, yalvar, ayaqlara düş, heyran ol, ayağa qalxıb dizlərini çırp, yaşarımış  gözlərini sil, sonra istənilən meymunu, tutuquşunu, kirpini sənə bağışlasınlar.  İstəyirsən apar evində saxla, istəyirsən qəfəsə sal, ya da  ürəyin  istəsə,  görkəminə baxıb  millətə hırıldamağı öyrət!!»

Elə buna görə də indi  Azərbaycan ədəbiyyatında hansısa yazıçını öldürmək üçün  qatil axtarmağa  daha ehtiyac yoxdur.

Artıq yazıçılar özləri özlərini qətlə yetirirlər.

Azərbaycan postmodernizminin banisi postmodernist isterikaya  tutulmasına  baxmayaraq,  artıq ədəbiyyatımızda  postmodernizm  tam və qəti qələbə çalıb.

İndi biz inkişaf etmiş postmodernizm dövrünü yaşayırıq. 

Tezliklə postinsan kommunizmi quruculuğuna başlayacağıq. 

İndi  məmləkətdə Rasim Qaraca da istənilən qədərdir.

İntihar edənlərimizi də, şükür allaha,  çox böyük təmtəraqla yad edirik. Gecələr yuxuda görürük, səhərlər durub bu barədə sosial şəbəkələrdə aləmə car çəkirik.

Kitablarını nəşr etdiririk.

Hətta arada  gözlərimiz də yaşarır.

Allah bazar versin!

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib