Dərc edilib: 30-05-2017

https://www.nuh.az/10921-.html

Elman Rüstəmovun manat açıqlamasını Qubad İbadoğlu şərh etdi

30.05.2017 14:51:09

Siyasət

Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın cari büdcə ilinin sonuna qədər möhkəmlənmə ehtimalının olduğunu bildirib. Proqnozun nə dərəcədə real olmasını Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Qaynarinfo”ya şərh edib. 


Ekspert ilin sonuna qədər manatın möhkəmlənməsi üçün iqtisadi amillərin əsas vermədiyi qənaətindədir: 

“Ölkədəki hazırkı marko maliyyə, makro iqtisadi mühit manatın zəifləməsi üçün əsaslar yaradır. Sadəcə olaraq Mərkəzi Bankın tənzimləmə vasitələri, buxovlayıcı monetar siyasəti, məhdudlaşdırıcı fiskal siyasəti, işçi qabiliyyətinin aşağı düşməsi, alıcılıq qabiliyyətinin azalması və digər amillər imkan verir ki, manatın məzənnəsində Mərkəzi Bank istədiyi səviyyəni müəyyən dövr üçün təyin eləsin. Amma düşünmürəm ki, bu cari büdcə ilinin sonuna kimi davam edəcək. Hesab edirəm ki, bir neçə aydan sonra, manatın məzənnəsinin ucuzlaşması ilə qarşılaşa bilərik. Ölkədə aparıcı iqtisadi kursun - qeyri-neft ixracatının stimullaşdırılması olduğunu nəzərə alsaq ucuzlaşma Azərbaycan iqtisadiyyatı üçün də müəyyən stimullar verə bilər”.

Manatın məzənnəsilə bağlı proqnozları qiymətləndirən Q.İbadoğlu məzənnənin kəskin düşməyəcəyini, sadəcə milli valyutanın indiki səviyyəsi ilə müqayisədə ucuzlaşmasının baş verəcəyini qeyd edib:

“Onsuz da manatın məzənnəsi avro ilə müqayisədə ucuzlaşmaqda davam edir, sadəcə olaraq dollarla müqayisədə möhkəmlənmə müşahidə edilir. Əslində bu dünya bazarında dollarla avro münasibətlərindən qaynaqlanır. Amma istənilən halda dollara nəzərən də manatın məzənnəsinin bir neçə aydan sonra kəskin yox, yumşaq səviyyədə ucuzlaşmasını müşahidə edə bilərik.”

Elman Rüstəmovun hər dəfə manatla bağlı açıqlamasından sonra məzənnədə ucuzlaşmanın qeydə alınması ilə bağlı sualımıza cavabında iqtisadçı-ekspert bunun baş verməsi ehtimalının çox aşağı səviyyədə olduğunu bildirdi: “İnanmıram, çünki artıq o dövr deyil. Hazırkı dövrdə Elman Rüstəmovun bu istiqamətdə proseslərə təsir imkanları əvvəlki illə müqayisədə daha çoxdur. Yəni indiki halda ona inanmaq olar. Mərkəzi Banka Dövlət Neft Nondundan 7.5 milyard manat köçürülüb. Mərkəzi Bankın bu baxımdan imkanları daha geniş görsənir. İndiki halda tənzimləmə vasitələrini işə salıb valyuta məzənnə bazarında tarazılıq formalaşdırmaq imkanları daha çoxdur".

Mərkəzi Bankın manatın məzənnəsinə müdaxilə etməməsi ilə bağlı baş bankirin dediklərinə münasibət bildirən Qubad İbadoğlu bunun heç də belə olmadığını dedi: “Deyilənlərlə baş verənlər arasında fərq var. Mərkəzi Bank prosesləri nəzarətdə saxlayır. Azərbaycanda liberal bank yoxdur. Demək olar ki, hökmran mövqeyə malik olan banklar var və onlar vasitəsilə müdaxilə imkanları əvvəlkindən daha rahatdır. Banklarda inhisarlaşma daha yüksəkdir”.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib