Dərc edilib: 03-06-2017

https://www.nuh.az/10958-.html

DSMF-nin şöbələri ailə başçısını itirməyə görə pensiyanı düzgün hesablayırmı?

03.06.2017 12:22:41

İqtisadiyyat

 

Ailə  başçısını  itirməyə görə pensiyaların düzgün hesablanmaması barədə NUH İnformasiya Agentliyinə ( NUH.az ) tez-tez vətəndaşların müraciətləri daxil olur.

 

Məsələ aydınlıq gətirmək üçün tanınmış vəkil Balabəy Məlikova müraciət etdik. 

 

Vəkilin dediklərini olduğu kimi dərc edirik:

 “Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği” barədə “Əmək pensiyaları haqqında” AR Qanununda aşağıdakı norma mövcuddur:

        18.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır (bu maddə 2017-ci il iyulun 1-dək qüvvədədir).

        Qanunun bu norması ilə bir ailə üzvü olduqda və ya qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində pensiyanın hesablanması müəyyən olunur. Qanunun 14.1-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslərin dairəsi aşağıdakı kimi müəyyən olunmuşdur:

14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

14.1.1.1.       18 yaşına çatmamış;

14.1.1.2.       18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;

14.1.1.3.       təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

       14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Yuxarıda istinad etdiyim qanunun 18.1-ci maddəsinin mənasından görünür ki, hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya 14.1-ci maddəsində sadalanan pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi (110 manat) məbləğində pensiya hesablanır. Normanın “digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi (55 manat) məbləğində pensiyanın hesablanmasına dair imperativ norma müəyyən olunmuşdur. Qüvvədə olan normanın tələbləri yuxarıda qeyd etdiyim qaydada olmasına baxmayaraq, DSMF-nun yerli şöbələrindən birinin əməkdaşı inzibati məhkəmə baxışında “Əmək pensiyaları haqqında” qanunun 18.1-ci maddəsini aşağıdakı formada izah etdi. Təcrübədə sosial müdafiə fondu vəfat etmiş ailə başçısının əgər bir uşağı qalıbsa, ona pensiyasının baza hissəsinin 100 faizi hesablanır, əgər iki uşaq qalırsa, onda hər bir uşağa 50 faiz olmaqla iki uşağa cəmi pensiyanın baza hissəsinin 100 faizi məbləğində, yəni 110 manat pensiya hesablanır. Məmur əməkdaşın fikirlərindən aydın olur ki, bir qayda olaraq DSMF-nun mütəxəssisləri bu qəbildən olan, ailə başçısını itirməyə görə, yəni yetim qalmış iki uşaqdırsa, dövlət orqanı digər ailə üzvlərinin hər birinə təcrübədə 50 faiz pensiya hesablayır. DSMF-nun yerli şöbələri qanunun 18.1-ci maddəsindən irəli gələn məsələləri həqiqətənmi düzgün icra edir, “Yoxsa, bu orqan qanunu öz istədiyi kimi icra edir?”

Mən  bu məsələnin hüquq və qanun müstəvisində müzakirə edilməsini arzulayıram.

        Bəlli məsələdir ki, AR Konstitusiyasına görə qanunları şərh etmək Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. AR Əmək pensiyaları haqqında qanunun 18.1-ci maddəsi, normanın məzmunu baxımından hər bir hüquqşünasın fikirləri maraqlı olardı.

        Mən hesab edirəm ki, “Əmək pensiyaları haqqında” qanunun 18.1-ci maddəsinin tələbinə görə, şəxsin, yəni vəfat etmiş ailə başçısının bir uşağı qalıbsa, ona pensiyanın baza hissəsinin 100 faizi həddində, digər ailə üzvlərinin hər biri üçün isə əmək pensiyasının baza hissəsinin 50 faizi həddində pensiya hesablanmalıdır. Məsələn, vəfat etmiş ailə başçısı Məmmədin iki uşağı pensiya almaq hüququna malikdirsə, onda uşağın birinə münasibətdə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, yəni 110 manat, digər uşağa isə əmək pensiyasının baza hissəsinin 50 faizi, yəni  55 manat məbləğində hesablanmaqla, sonda iki uşağa görə bu şəxslərə cəmi (110+55) 165 manat pensiya hesablanmalıdır. Digər tərəfdən pensiyanın sığorta hissəsi üzrə hesablanma isə hər uşağa görə deyil, bir qayda olaraq sığorta məbləği həmin pensiyanın baza hissəsi üzərinə əlavə edilməlidir. Lakin DSMF-nun mütəxəssislərinin dedikləri kimi məsələ icra olunduğu halda digər uşaqların təminatı və qanun pozulmuş olur”.

 

Vəkil sonda müxbirimizə bildirib ki, bu məsələ barədə digər hüquqşünasların və mütəxəssislərin mövqeyini  bilmək  maraqlı və faydalı olardı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib