Dərc edilib: 21-06-2017

https://www.nuh.az/11158-.html

Aydın Bəşirova FHN-də vəzifə verilib: xəbər ictimaiyyətdən niyə gizlədilir?

21.06.2017 18:18:22

Maraqlı

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirova yeni vəzifə verilib. 


Bu barədə AFN-ə danışan məlumatlı mənbənin sözlərinə görə, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilib. 

"Artıq xeyli müddətdir ki, vəzifəsinin icrasına başlayıb. Amma maraqlıdır ki, məlumat ictimaiyyətə açıqlanmır” deyən mənbə qeyd edir ki, A.Bəşirovla K.Heydərov köhnənin dostudurlar: 

“Kəmaləddin müəllim həmişə olduğu kimi, yenə dostunu darda qoymayıb. Hətta FHN daxilində çoxları bilmir ki, Aydın Bəşirov nazirlikdə hansı vəzifəni tutur. Görünən odur ki, sabiq rəis bir müddətdən sonra nazir müavini təyinatı da ala bilər. Ən azı FHN-də idarə rəislərindən birini əvəzləməsi gözləniləndir”.

Sayt məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Oktay Bayramovla əlaqə saxlayıb. Qurum sözcüsü bildirib ki, onda belə bir məlumat yoxdur: “Məlumatım olsaydı sizinlə bölüşərdim”.

Mənbənin məlumatın dəqiqliyini israrla bildirməsi əlavə araşdırma aparmağa məcbur edib. Saytın əməkdaşı FHN-in 512-00-61 nömrəli növbətçi hissəsinə zəng edib Aydın Bəşirovla əlaqə saxlamaq istədiyini deyib. Bildirilib ki, A.Bəşirov bu gün işə gəlməyib. Sadə vətəndaş kimi zəng etdiyini deyən jurnalist Aydın müəllimin nazirlikdə hansı vəzifəni tutduğunu, nazirin köməkçisi olub-olmadığını soruşub. “Vallah, biz də bilmirik” cavabını alıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib