Dərc edilib: 30-06-2017

https://www.nuh.az/11279-.html

“Qardaşım öldürməməsi üçün ona yalvarıb” - Müəmmalı qətl

30.06.2017 19:55:12

Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə, dələduzluqda, soyğunçuluqda və əmlakı qəsdən məhv etməkdə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin icraatında olan prosesdə qətlə yetirilən Firudun Hüseynovun qardaşı Fazil Hüseynov ifadə verərək işin içində müəmmalı məsələlər olduğunu deyib: “Mən hadisədən sonra evə getmişdim. Stolun, şkafın altı, evin içində hər yer qan idi. Qardaşım öldürməməsi üçün ona yalvarıb. Stolun, şkafın altına girib ki, özünü qorusun. Amma bu adam qardaşımı amansızlıqla, qəddarcasına öldürüb. O, qardaşımı tamah məqsədi ilə öldürüb, evdə 20 min pul var idi, amma cəmi 2500 dollar çıxdı.

Həm də Zakir evdə tək olmayıb, çünki qətli o törədibsə, əlində qan olmalı idi və evdən çıxanda qapının qulpunda qan izi qalmalı idi. Evdən başqa qan nümunələri və 14 nəfərin əl izi çıxıb, amma istintaq buna fikir verməyib”. 

Təqsirləndirilən Zakir Məmmədov mərhumun qardaşının dediklərini yalan adlandırıb: “Mən onu qəddarcasına öldürməmişəm. Sadəcə başının arxasında bir zərbə vurmuşam. Bir, ya da 7 zərbə olsun, mən bu qətli törətmişəm. Amma 7 zərbə vursaydım, elə də deyərdim. Mən vurdum, o yıxıldı. Sonra kimin onu şkafın, ya stolun altına sürüməsini bilmirəm.

Mərhumu tamah niyyəti ilə öldürməmişəm. Evdə 2500 yox, 3500 dollar var idi, özü mənə demişdi. Elə hadisə günü də mübahisəmiz pul üstündə olub, ondan əvvəl mənə borca pul vermişdi. Tamah məqsədi ilə öldürsəydim, 3500 dolları da aparardım. 

Evdə də bizim ikimizdən başqa heç kim olmayıb. Özümü yaxşı müdafiə etməyi bacarıram, çünki Fransada hüquq təhsili almışam”.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, qətli törədən 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransanın Strasburq şəhərində ali təhsil alıb. Onun bir övladı var.

Qətl hadisəsi 2017-ci il fevralın 5-də 64 yaşlı Firuddin Hüseynovun Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində baş verib.

Z.Məmmədov əvvəllər dələduzluq etdiyi üçün axtarışda olub.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib