Dərc edilib: 07-07-2017

https://www.nuh.az/11379-.html

Türkiyənin dünyanı vahiməyə salan silahı

07.07.2017 12:39:18

Region

Türkiyə milli raketdən müdafiə sistemləri yaratmağa başlayır. 


"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, yaxın illərdə Ankara raketdən müdafiə sistemlərinə olan ehtiyacını Rusiya istehsalı olan S-400 ilə ödəyəcək. 2020-ci ildə sonra isə milli raketdən müdafiə sisteminin yaradılması üçün işlərə start veriləcək. Bu məqsədlə EUROSAM ilə əməkdaşlıq ediləcək. Əməkdaşlıq çərçivəsində "Aster-30" sistemi inkişaf etdiriləcək.

Türkiyənin belə bir qərar verməsinə səbəb Çin ilə uzun müddət davam edən danışıqların nəticəsiz qalması olub. Həmçinin S-400-lərin NATO standartlarına cavab verməməsi də milli raketdən müdafiə sistemlərinin yaradılmasını zəruri edib. 

Türkiyə mediası xəbər verir ki, EUROSAM istifadədə olan "Aster-30" sistemi üzərində işlərini davam etdirməkdədir. 2023-cü ildə "Aster-30 Block 1 NT" adı verilən yeni sisteminin istifadəyə verilməsi planlaşdırılır. Türkiyə tam olaraq 2030-cü ilə qədər raketdən müdafiə sistemini tamamilə milliləşdirmək niyyətindədir. 

ABŞ istehsalı olan "Patriot"lardan fərqli olaraq "Aster- 30" sistemi təyyarə, vertolyot, insansız hava vasitələri, yaxın mənzilli raketlərə və 600 kilometr mənzilli ballistik raketlərə qarşı müdafiəni təşkil edir. İnkişaf etdirməkdə olan yeni sistemlər isə min kilometrdən daha çox məsafəyə gedə bilən ballistik raketlərin də qarşısını ala biləcək.

"Aster-30" rəqiblərindən fərqli olaraq 360 dərəcə izləməyə imkan verən radara və hədəfi dəqiq nişan almaq keyfiyyətinə sahibdir. Eyni anda 10 hədəfi məhv etmək potensialı var. "Aster - 30" taktiki ballistik raketlərin 10 kilometr hündürlükdə məhv edilməsi ilə kimyəvi və nüvə silahı təhdidini minimum səviyyəyə endirir. Sistemin dəniz platformaları üzərində də istifadə etmək mümkündür. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib