Dərc edilib: 10-07-2017

https://www.nuh.az/11429-.html

Hüseyn Abdullayev Kamandar Nəsibovu ifşa etdi

10.07.2017 15:13:32

Hadisə

Sabiq millət vəkili Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov Aznews.az saytına açıqlamasında bildirib ki, müvəkkilinin adından yayılan son bəyanat saxtadır, mətbuat bunu yalandan yayıb. Sitat: “Beynəlxalq axtarışa verilmiş Hüseyn Abdullayevin bir neçə gün əvvəl mətbuatda yayılan bəyanatı saxtadır və onun bu bəyanatdan xəbəri yoxdur”  


Vəkil deyib ki, qeyd olunan bəyanat yayıldıqdan sonra H.Abdullayevla əlaqə saxlayıb və keçmiş millət vəkili bunu inkar edib: “Bəyanatda elə şəxslərin adı çəkilib ki, Hüseyn Abdullayev onlarla bağlı heç bir fikir səsləndirməyib. Bu məsələnin prezidentlə, birinci xanımla nə əlaqəsi var? Problem var, mülki məsələdir və qanunla həll ediləcək. Maraqlıdır ki, kimsə Hüseyn Abdullayevin adını bilərəkdən müxalifətlə birgə hallandırmaq istəyir. Guya onun ailəsinə qarşı da cinayət işi açılıb, yaxud əlində ifşaedici materiallar var. Bunlar heç bir əsası olmayan məlumatlardır və Hüseyn Abdullayevin o bəyanatdan ümumiyyətlə, məlumatı yoxdur. Çünki mən ondan məsələ qanuni yolla həllini tapana qədər mətbuata heç bir açıqlama verməməsini istəmişdim. Birdən-birə belə bir bəyanatın ortaya atılması Hüseyn Abdullayevin ailəsini də qəzəbləndirib. Anası hazırda mənim yanımdadır və bəyanatı qətiyyətlə inkar edir. Onlar da Hüseyn Abdullayevlə əlaqə saxlayıblar. Sabiq millət vəkili ailəsinə də belə bir bəyanat vermədiyini bildirib”. 

Bu bəyanat saytda çıxandan az sonra Hüseyn Abdullayev Almaniyadan musavat.com-a zəng edib aşağıdakıları  bildirdi: “Artıq mənim Kamandar Nəsibov adlı vəkilim yoxdur. O adam hakimiyyətə satılıb, saxtakarlıq edir, mənim adımdan yalan məlumatlar yayır. Bəyan edirəm ki, son bəyanatı mən özüm mətbuata göndərmişəm və bəyanatın üstündə qalıram. Bəyanatda çəkdiyim adlardan da imtina etmirəm”.

Xatırladaq ki, ötən həftənin şənbə  günü H.Abdullayev müsavat.com-a yolladığı bəyanatda onun valideynlərinə qarşı cinayət işi açıldığını, onlara, həmçinin digər yaxınlarına qarşı hakimiyyətin ən yuxarısından təzyiqlər olduğunu demişdi. H.Abdullayev bu təzyiqlərin arxasında İlham Əliyevin, Mehriban Əliyevanın, Bəylər Əyyubovun, Ramiz Mehdiyevin, Kamaləddin Heydərovun və Fazil Məmmədovun dayandığını demişdi.

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib