Dərc edilib: 21-07-2017

https://www.nuh.az/11595-.html

Mirzə Ələkbər Sabirin ölümündən on beş gün əvvəl yazdığı vəsiyyət məktubu

21.07.2017 13:14:01

Mədəniyyət

Mirzə Ələkbər Sabirin bu məktubunu oxuyanda təsirlənməmək mümkün deyil. Tiflisdə olarkən bir həkimin verdiyi dərmanlardan sonra səhhətinin daha da ağırlaşdığını deyən şair yazır ki: “Özüm öz bədəxtliyimə bais oldum”. M.Ə.Sabir bu məktubu Abbas Səhhətə yazaraq səhhətinin günü-gündən pisləşdiyini və əlinin qələm tutmadığını qeyd edir. Sanki bir növ ailəsini və yaxınlarını Abbas Səhhətə və güvəndiyi insanlara vəsiyyət edir. Beləliklə, Enter.News Mirzə Ələkbər Sabirin 1911-ci il iyunun 27-də Tiflisdən Abbas Səhhətə yazdığı məktubu təqdim edir:


"Qardaşım Səhhət!

Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf oldu.

Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaxşıraq idi; özüm öz bədbəxtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə xanım cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdiyimə görə çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da xəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov adlı doktor var, – İran konsulunun məxsusi həkimidir, Rusiyada və Yevropada təhsil etmişdir, Osmanlı türkcəsilə də gözəlcə danışır, – getdim onun yanına. Məni müayinə etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim:

- Doktor Kasparyansdan.

Dedi:

- Kasparyans iyi bir doktordur, lakin bir qədər ixtiyarlaşmış.

Doğrusu, onun bu ibarəsi gayətdə mənim xoşuma getdi. Türklərə məhəbbətimin kəsrətindən xəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır.

Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı.

Dedi ki:

- Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir xörək qaşığı içərsən. Bir az vəqtdə bütünbütünə səhhətyab olarsan, şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən.

Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş aldım. Çünki bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir danə həb atdım. O qədər məni ishala apardı ki, daha taqətim qalmamışdır. Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram. Yenə də doktor Kasparyansa ricu etmişəmsə də, lakin həyatımdan bilkülliyyə qəti-ümidəm. Axır nəfəslərim olduğun dərk edib də, bu məktubla sənə əhvalımı xəbər verirəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmudbəyə səlam et. Mehdibəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli əyalımı sizə, sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təbə etdirərsiniz. Baqi vəssəlam.

Qardaşın Ə.Sabir”

Təqdim etdi: Rəşad Sahil

NUH informasiya agentliyi səhifəsindən çap edilib