Dərc edilib: 25-07-2017

https://www.nuh.az/11679-.html

Milli Mətbuat(ın) gününə - Yetimin papağı

25.07.2017 14:23:00

Siyasət

AZADLIQ  Partiyasının sədri  Əhməd Oruc   

 

 

1997-ci ilin sonları idi, ölkədə hakimiyyətin nəzarətində olmayan xeyli qəzetlər var idi, ənənəvi müxalifətin liderləri hər gün bir neçə qəzetdə demokratiya, insan haqları barədə, dünyanın demokratik camiəsinin Azərbaycana mütləq dəstək verəcəyi haqda müsahibələr verirdi. Qərbin bir sıra fondları hələ ki, müxtəlif adlarla ADİF, MDF kimi qurumlar vasitəsilə demokratları, demokratik mətbuatı "dəstəkləyirdi."


Demkonqresin iclasında ölkədə müstəqil mətbuat problemi barədə məsələ qaldırdım və məsələnin məğzini təqribən bu şəkildə qoydum- Hakimiyyət tədricən məhkəmələr, iqtisadi sanksiyalar, həbslər vasitəsilə ona tabe olmayan mətbuatı ya məhv edir, ya da satın alır. Kənar ölkələr və fondlarən  maliyyələşdirdiyi mətbuat da öz sahiblərinin marağından kənara çıxa bilməz. Və tədricən milli maraqlardan çıxış edən, müstəqil mətbuat sıradan çıxacaq. Ona görə ölkədə müstəqil mətbuatın fəaliyyət göstərə bilməsi üçün strateyi bir proqram hazırlanmalı, həm öz təzyiqlərimizlə, həm də Demokratik təsisatların vasitəsilə bu problemin həllinə çalışmalıyıq.

O vaxt AXCP və Musavatın nəzarətində olan xeyli qəzet var idi. Və bu partiyalardan birinin müavini - "Bizim heç bir mətbuat problemimiz yoxdur, Əhməd Oruc, sizin probleminiz varsa, özünüz də həll edin"- deyə münasibət bildirdi və əsas liderlər də məsələni aktual hesab etmədilər. Məsələnin mahiyyətininin dərk edilmədiyini, bu cür vəziyyətdə müzakirələrin heç bir nəticə verməyəcəyini başa düşdüyümdən israr etmədim.

Bu xatırlatmanı ona görə elədim ki, bu günkü mətbuatın vəziyyətini bu günkü yurnalistlərin üzərinə yükləmək yanlış olardı. Bu günkü vəziyyət azad mətbuat təfəkkürünə müharibə elan etmiş, onu heç cür qəbul etməyən, 24 ildi hakimiyyətdə olan feodalların sistemli basqıları, ölkədə demokratik cəmiyyətdən danışanların belə demokratik cəmiyyətin əsasları haqda yetərli təsəvvürünün olmaması nəticəsində yaranıb.

Bu hakimiyyətin milli maraqlara zidd, korrupsiyaçı, rüşvətxor, yalançı, ədalətsiz mahiyyətinin ortaya qoyulması, gerçək milli maraqların içtimai rəyə təqdim olunması yolunda fədakarlıq göstərmiş və göstərən, bu yolda təzyiqlərə, təqiblərə, həbslərə, mərhumiyyətlərə, ölümlərə məruz qalan mətbuat nümayəndələrinin hər biri gerçək bir qəhramandır və onlara bir daha sayqı və sevgimi bildirirəm. Onların hər biri azərbaycan cəmiyyətinin gerçək sivil cəmiyyətə çevrilməsində bir işıq, bir örnəkdilər və onlar ömürlərini ən dəyərli bir işə-üstün, insanın təməl azadlıqlarının təmin olunduğu bir cəmiyyət quruculuğuna, bu yolun aydınlanmasına fəda ediblər.

Jurnalistlərə ev verilməsi məsələsinə münsibəim birmənalı deyil. Düşünəndə ki, ölkənin milyardlarla gəliri bir ovuc hakimiyyət bandası tərəfindən talan edilir, yalnız bir dövlət bankından 12 milyard hakimiyyət tərəfindən oğurlanıb, bu hakimiyyət sivil görünmək üçün Avropada qəbristanlıqlarının təmirinə milyonlar xərcləyir, Rusiya kimi nəhəng, dünyaya meydan oxuyan nüvə dövlətində məktəb, yetimxana tikir və ölkədə minlərlə, on minlərlə ailə evsizlikdən, catışmazlıqlardan əziyyət çəkir, bu günkü şərtlər daxilində yurnalistlərin əməkhaqqı ilə ev almaları imkansızdır, onda 255 aztəminatlı ailənin də bir ciddi problemdən qurtulmasına etiraz etməyə çətinlik çəkirsən. Həm də nəzərə alsaq ki, ev alanların bir qismi milli mücadilədə zəhməti olan, mərhumiyyətlər görmüş yurnalistlərdir, normal bir ölkə olsa onlar daha yaxşı yaşamalı idilər, məsələ daha da qəlizləşir.

Fikirləşəndəki, bu ölkədə şəhid ailələri illərdir şəhidlərin qanpulunu ala bilmir, neçə yurnalist yazdıqlarına görə həbsdədir, sürgündədir, hakimiyyət bu evvermə ilə yurnalistləri öz cinayətlərinə ortaq etməyi, susdurmağı düşünür, bu evlərin hər biri azad mətbuatın məhvinə bir simvoldur, bu işə xeyir-dua verə bilmirsən.

Bütün bu problemlərin həlli ölkədə normal cəmiyyətin , sivil cəmiyyət təfəkkürlülərin hakimiyyətinin qurulmasıdır.

Əlbəttə, normal ölkədə hər bir sənət sahibinin, o cümlədən yurnalistlərin heç kimə ehtiyacı olmadan yaşamasına imkan, şərait olur.

Analoqu olmayan, indiki halda anormal hakimiyyət nəticəsində ölkədə tədricən hər şey anormal vəziyyət almağa başlayır. Ev alan yurnalistlərin bir qismi evi "prezidentin hədiyyəsi" adlandırırlar. Prezident institutu qanunlar çərçivəsində fəaliyyət göstərən bir qurumdur. Prezidentin ehtiyat fondundan yurnalistlər üçün mənzil tikintisinə ayırdığı pul büdcə vəsaitidir, şəxsi pulu deyil və prezidentin dövlət büdcəsini kiməsə bağışlamaq, hədiyyə etmək səlahiyyəti yoxdu. Yurnalistlərin əksəriyyəti bunu bilir, amma hesab edirlər ki, belə yazmaq məqsədəuyğundur.

Bu ölkədə vətəndaşların təqaüd, əmək haqlarının indeksləşdirilməsi haqda qanun hələ də işləmir. Əvəzində hakimiyyət çox eybəcər bir şəkildə prezident təqaüdü, gənc şairlərə təqaüd, yurnalistlərə ev və s. şəkildə cəmiyyətin danışa bilən bir kəsimini də özündən asılı edir.

Və nə qədər qəribə olsa da ölkə mətbuatına bir dəfə müsahibə verməmiş, bir dəfə mətbut konfransı keçirməmiş  prezident mətbuatın dostu seçilir. Bu fakt mətbuatımızın nə gündə olmasının göstəricisidir.

Sonda bir məsələni də vurğulamaq istəyirəm ki, mənzil almış yurnalistlər hakimiyyətə borcluluq kompleksinə düşməməlidir. Bu məsələ ən yaxşı halada hakimiyyətin "yetimin papağını özünə qaytarmasıdı".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib