Dərc edilib: 26-07-2017

https://www.nuh.az/11701-.html

Şairin heykəlini götürdülər

26.07.2017 19:02:27

Hadisə

İcra başçısının məşhur şairin adına olan parkı iş adamına satdığı bildirilir

 
      Bir neçə gün öncə şair Əli Kərimin həyat yoldaşının Prezidentə müraciət etməsi ilə bağlı ölkənin bir çox saytlarında informasiya getmişdi. Müraciətdə Əli Kərimin Göyçay Şəhərində parkının dağıdılmasına etiraz edilirdi. Məktub müəllifi şair Əli Kərimin 1969-cu ildə doğulduğu Göyçayda, Boz dağın ətəyində dəfn edilərkən qanqallıqdan ibarət olan ərazidə Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə park salındığı və abadlaşdırıldığı bildirilir. Qeyd edilir ki, məhz Ulu Öndərin rəhbərliyi dönəmində onun qəbrinin üstü götürülmüş, qəbrin ətrafında park salınmış və həmin parka şairin adı verilmişdir. Daha sonra müraciətdə deyilir: “Qısa müddətdə orada ağaclar əkildi, abadlıq işləri aparıldı. Parkın girişində Əli Kərimə abidə qoyuldu”. 
          Məktub müəllifi Elza Kərimova sonrakı illərdə Göyçay Rayon İcra hakimlərinin  Əli Kərimin xatirəsinə hörmətsizlik etdiyini bildirir. Müəllif yazır: “Göyçay Rayonunun hazırki İcra hakiminin hərəkətlərini diqqətinizə çatdırmaq istəyirəm. İcra hakimi parkda istirahət mərkəzi, attraksion yaratmaq məqsədilə  Əli Kərimin qəbrinin yerini dəyişdirmək fikrinə düşüb. Ailəmizin qəti etirazlarından sonra icra hakimi məqsədinə nail olmaq üçün dörd tərəfdən, hündür daş hasar çəkdirərək Əli Kərimin qəbrini parkdan ayırıb. Bununla da kifayətlənməyib,  Əli Kərimin parkın girəcəyində yerləşən heykəlinin yerini dəyişdirərək onu qəbrin arxasına, parkın ən ucqarına aparıb qoyub. Görəsən, icra hakimi nə cəsarətlə Azərbaycan poeziyasının, Göyçayın fəxri Əli Kərimin xatirəsinə belə hörmətsizlik edir?”
          Məktub müəllifi daha sonra ölkənin hər yerində tikinti-abadlıq işlərinin getdiyini, parklar salındığını vurğulayır və əlavə edir: “Nə səbəbə istənilən yerdə istirahət yerləri, attraksionlar tikmək mümkün olduğu halda Göyçay Rayon İcra hakimi Əli Kərim parkına üz tutub, Əli Kərimin xatirəsinə qarşı belə hörmətsizlik etmək qərarına gəlmişdir. Əli Kərimin heykəlinin günahı nə idi və kimə  mane olurdu? Nə üçün şairin qəbri hasarla parkdan təcrid edilib? Ağla gələn ilk fikir budur ki, Əli Kərimin qəbrini kənar yerə keçirmək istəyənlər yavaş-yavaş onu parkın ərazisindən çıxarmaq, Əli Kərim parkının da adını dəyişmək məqsədi güdürlər”. 
        Şairin həyat yoldaşı məktubunu bu sözlərlə bitirir: “Çox hörmətli cənab Prezident! Son ümid yeri kimi Sizə müraciət edir, Göyçaydakı Əli Kərim parkında baş verənlərə son qoymağı xahiş edirəm”. 
        Müraciətdən sonra hadisələrin hansı istiqamətdə getməsi ilə bağlı sualla şairin oğlu, fil.ü.e.d. Paşa Kərimova müraciət etdik. P.Kərimov başçının öz niyyətindən əl çəkmədiyini, Əli Kərimi küncə sıxmaqda davam etdiyini bildirdi.    

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib