Dərc edilib: 04-09-2017

https://www.nuh.az/12042-.html

Mir Cəfər Bağırovla bağlı əfv ərizəsini kim yazmışdı?

04.09.2017 11:42:43

Cəmiyyət

Mir Cəfər Bağırovun əfv edilməsi ilə bağlı onun vəkili, həyat yoldaşı və oğlu 4 may 1956-cı il tarixdə SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilova xahişlə müraciət edirlər. Müraciətdə M.C.Bağırovun cəzasının yüngülləşdirilməsinə və qalan ömrünü öz günahlarını yumaqla məşğul olması xüsusilə vurğulanır. Ancaq ümumi nəticələr ortada olduğundan demək olar ki, əfv ərizəsinə məhəl qoyan olmayıb. Enter.News tədqiqatçı Adıgözəl Məmmədovun araşdırmalarından əldə etdiyimiz əfvlə bağlı həmin ərizəni təqdim edir:


“SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri 

Yoldaş K.Y.Voroşilova

Moskva, Frunzenskaya naberejnaya, ev №118, korpus “J“,  mənzil № 41-də yaşayan,  telefon № Г-5-02-38, vətəndaş Bağırova Yevgeniya  Mixaylovnadan

Əfv ərizəsi

26 aprel 1956-cı il tarixdə SSR İttifaqı Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mənim ərim Bağırov Mir Cəfər Abbasoviç ən yüksək cəzaya məhkum edilib.

Sizə həyat yoldaşımın əfvi ilə əlaqədar ərizə ilə müraciət edirəm və aşağıdakı səbəbə görə sizdən xahiş edirəm ki, ən yüksək cəzanı nisbətən yüngül cəza ilə əvəz edin.

Azərbaycan SSR yaranan gündən Bağırov respublikanın rəhbərlərindən biri olub və 20 il KP MK katibi vəzifəsində işləyərkən səhvlər edib və bunlarla yanaşı, sosializm quruculuğu uğrunda bütün xalq təsərrüfatı sahələrində və ictimai işlərdə fəal iştirak edib.

Böyük və gərgin əməyin nəticəsində Bağırov ağır qara ciyər xəstəliyinə, bağırsaq və əsəb xəstəliyinə tutulmuşdur. Bunlar iki illik istintaq və məhkəmədə nəzərə alınmayıb. 

Bağırovla 30 ilə yaxın yaşayaraq, mən onu təmiz, tamahsız bir sovet insanı kimi tanımışam, indi məlum olduğu kimi o, İ.V.Stalinin şəxsiyyətə pərəstiş dövründə  ağır səhvlər buraxıb.

Xahiş edirəm məhkum olunmuş Mir Cəfər Bağırovun həyatını hifz edin, ona imkan verin ki, ömrünün qalan hissəsində faydalı əməklə qismən də olsa öz günahını  yusun...

Bağırovun əfvi ilə bağlı ərizəmə baxarkən xahiş edirəm nəzərə alın ki, bizim oğlumuz Vladimir Bağırov sovet aviasiyasının qırıcı təyyarəçisi olub, Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşub, hava döyüşündə o, faşist “asını” taranla vuraraq öz cavan həyatını Vətənimizin azadlığı naminə qurban verib (əslində Vladimir - yəni Mir Cahangir bu qadının doğma oğlu deyildi. Ancaq Yevgeniya Mixaylovna ona öz doğma övladı kimi yanaşaraq həyat yoldaşını xilas etməyə çalışır –A.M.). Belə ağır hökm ilə atanın cəbhədə həlak olmuş oğlunun xatirəsinə kölgə salmaq olduqca yolverilməzdir.

Yoldaş Voroşilov, xahiş edirəm, məni şəxsən qəbul edin və Bağırovun əfvi ilə bağlı məni dinləyin.

İmza — Y.Bağırova

4 may 1956-cı il.”

Təqdim etdi: Rəşad Sahil

NUH informasiya agentliyi səhifəsindən çap edilib