Fındıq dəllalları əhalidən məhsulu 2 manata alır
Neft bumunun başa çatdığı artıq heç kimə sirr deyil. Bunu nəzərə alan ölkə başçısı cənab İlhma Əliyev qeyri-neft sektorunun, aqrar sferanın inkişafını öz çıxışlarında dönə-dönə vurğulayır və aqrar sahənin inkişafına xüsusi önəm verir, fermerlərin fəaliyyətini dəstəkləyir.
Prezident avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində fındıqçılığın ölkə iqtisadiyyatı üçün xüsusi önəmi olduğunu bildirib: “ Fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, DÖVLƏT bu sahənin də inkişafını öz üzərinə götürüb.».
Dövlət başçısı öz çıxışında onu da qeyd edib ki, Azərbaycan 25 ölkəyə fındıq ixrac edir: “ Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib. Fındığın dünya üzrə qiyməti hazırda bizim pulla 10 manatdır».
Görəsən, bəzi tədarükçülər, daha doğrusu, fındıq dəllalları əhalinin zülmlə yetişdirdiyi fındığın kilosunu nə üçün onlardan 2 manata, ən yaxşı halda 2 manat 20 qəpiyə alırlar?
Axı, keçən il fındığı əhalidən 5 manata alıblar. Nə baş verib ki, dünyada kilosu 10 manat olan məhsulu 2 manata, yəni 5 dəfə ucuz qiymətə ahalidən alırlar?
NUH.az-a müraciət edən Balakən fındıqçıları ölkə başçısından xahiş edir ki, bu problemi diqqət mərkəzində saxlasın.
NUH.az