Dərc edilib: 05-09-2017

https://www.nuh.az/12059-.html

Kimi aldadırsan, Arif Qasımov?

05.09.2017 13:25:59

Cəmiyyət

 

 Məlumdur ki, yay mövsümündə  Bakıdakı  metro çıxışları, yol qıraqları, yaşıllıqlar, parklar  açıq havada “gecəqondu” çayxanalar, kafelər, pivəxanalarla dolub-daşır.

Bir  gecənin içərisində  açıq havada  qanunsuz  olaraq  “palatka-ictimai iaşə obyektləri”  yağışdan sonra göbələklər kimi artıb çoxalır.

 

Əlbəttə, bu obyektlərin  icra başçılarının icazəsi və mənfəəti  olmadan fəaliyyət göstərməsi mümkün deyil. Bu proses  havalar soyuyanadək davam edir. Payızın axırına yaxın  bu  “gecəqondu obyektlər” yığışdırılır. Bir də havalar isinəndə, yəni aprel-may aylarında yenidən proses başlayır.

 

Ancaq bu gün NUH.az-ın əməkdaşı Nizami  rayonu ərazisində  gözlənilməz bir mənzərə ilə rastlaşıb.

Nizami rayonu ərazisindəki  gecəqondu-palatka obyektlər bütün rayon ərazisində yığışdırılıb.

 

NUH.az-ın əməkdaşı məsələni araşdırmaq qərarına gəlib.

Bəlli olub ki, bu gün, sentyabrın 5-də Prezident İlham Əliyevin Nizami rayonuna səfəri ilə bağlı dünən axşam rayonun icra başçısı Arif Qasımov qəti göstəriş verib ki, rayon ərazisindəki  bütün qanunsuz obyektlər yığışdırılsın və Prezidentin səfəri başa çatandan sonra bərpa olunsun. Və tapşırıq  bir neçə saata icra olunub. Buna azca şübhəsi olanlar Nizami rayonundakı Qara Qarayev metrosunun ətrafındakı  biabırçı mənzərənin şahidi ola bilərlər.

Bizim məqsədimiz  Arif Qasımovun biabırçı göstərişini ictimailəşdirmək deyil.

Axı, biz  nə vaxta qədər özümüzü və ölkə başçısını aldatmaqla məşğul olacağıq ?

Şair Məmməd İsmayıl demişkən, “ Kimi aldadırsan, ay zalım oğlu?”.

Cənab Arif Qasımov, siz kimi aldadısınız ? Prezidenti ?

Qarşı tərəfin mövqeyini  işıqlandırmağa hazırıq.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib