Dərc edilib: 07-09-2017

https://www.nuh.az/12095-.html

Cənab Prezident, mən evlənmək, ailə sahibi olmaq istəyirəm

07.09.2017 17:38:06

Hadisə

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, ev 28 ünvanda yaşayan Həsənov Qabil Mahmud oğlunun ölkə başçısı İlham Əliyev cənablarına ünvanlanmış  müraciəti NUH.az-a daxil olub. Müraciəti olduğu kimi dərc edirik.

 

Cənab Prezident!

 

Mənim atam Mahmud  Əbdülhəsənoğlu (familyası olmayıb) uzun müddət Nərimanov Neft Qazçıxarma İdarəsində işləyib.

Qaradağ  icra Komitəsinin  30.11. 1993-cü il  tarixli  1736  saylı qərarı ilə atamın  5 nəfərlik ailə üzvlərinə  Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki  1594-cü məhəllədə, 32-ci binada,  3-cü blok, 1-ci mərtəbədə 4 otaqlı ( sahəsi 52, 64 kv.m ) mənzil verilib.

1994-cü ilin 18 aprelində  bizim ailəyə 041135   saylı order təqdim olunub.

Cənab Prezident!

Laçın rayonundan olan məcburi köçkün Allahverdiyev  Mehman Səməd oğlunun ( Laçın şəhəri, H. Abdullayev küç, ev 4 ) ailə üzvləri  bizim evimizi  zəbt etdikləri üçün bugünədək öz  qanuni  və halal evimizə köçə bilmirik.

Hörmətli Prezident!

Həmin dövrlərdə ölkəmizdəki çətinlikləri, problemləri, məcburi köçkünlərin vəziyyətini nəzərə alaraq çox çətinliklərə dözmüşük, amma dövlətimizi düşünmüşük.

Ancaq  son illər, cənab Prezident, Sizin sayənizdə dövlətimiz  məcburi köçkünlər üçün  rahat mənzillər tikib.

Bunun  üçün çox sağ olun.

Cənab Prezident! Atam dünyasını dəyişib. Hazırda bacımla  9 kv.m-lik  şəraiti olmayan mənzildə  yaşayırıq. Yaşım keçir, evlənmək, ailə sahibi olmaq  istəyirəm.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim vəziyyətimizi nəzərə alasınız və qaçqınlar üçün tikilmiş mənzillərdən birini Allahverdiyev  Mehmanın  ailəsinə verəsiniz. Və biz də bacımla  öz halal mənzilimizə köçək. Mənim yaşım keçir, mən də evlənmək, ailə sahibi olmaq istəyirəm. Nə qədər  dözmək olar ? Onu da qeyd edim ki, Mehman  Allahverdiyevin ailəsi də buna razıdır.

Cənab Prezident!  Bizim ailəmiz  25 ildir dözüb. Sizdən xahiş edirik ki, bu məsələ ilə bağlı Qaçqınkoma, Laçın RİH-ə  qəti tapşırıq  verəsiniz. Və biz öz evimizə köçək. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib