Dərc edilib: 11-09-2017

https://www.nuh.az/12128-.html

Mehman Əliyev azadlıqda

11.09.2017 15:14:11

Mədəniyyət

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Yasamal rayon məhkəməsindən azadlığa buraxılıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, Vergilər Nazirliyinin təqdimatı əsasında azadlığa buraxılıb. Belə ki, istintaq orqanı təqdimatla, müstəntiq isə vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək M.Əliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər.

Məhkəmə təqdimatı və vəsatəti təmin edib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarətinə verilmək qətimkan tədbiri seçilib.

İttihama görə, M.Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib