Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12559-.html

“Burnu uzundur, onunla necə yaşamaq olar?”

03.10.2017 10:04:54

Mədəniyyət

Deputat Fazil Mustafa dinlədiyi reklamla bağlı maraqlı status yazıb.

"Qafqazinfo" xəbər verir ki, o qeyd edib ki, dünən şəhərdə ənənəvi tıxacda əsəbiləşməmək üçün radioda bir reklam diqqətini çəkib:

"Belə reklama Qrelandiyada, Namibiyada rast gəlməzsiniz. Məhz Azərbaycanda düşünülə biləcək, məhz bizim brendimiz sayılacaq reklamdır. Deməli, evlənmək vaxtı çatan oğluna ana deyir ki, qonşunun qızı Fəridəni al! Oğlu da arqument gətirir ki, onun burnunun uzunluğunu görmürsən, onunla necə yaşamaq olar? Bu sözlərdən sonra oğlan üç aylığa xaricə gedir. Dönüşdə qonşuda bir qız görür və anasına deyir ki, o qızın gözəlliyinə vurulmuşam, bəs onu mənə almalısan! Anası da izah edir ki, bu həmin qonşunun qızıdır, sadəcə sən tanımamısan, filan klinikada burnunu kəsdirib gözəlləşib. Oğlu deyir ki, bəs o Fəridədən yana ürəyi gedir, dərhal elçiliyə get! Anası da daha maraqlı bir yeniliyi oğluna çatdırır: Artıq qızın adı Fəridə deyil, Firadır! Allah-allah, reklam fantaziyasına bax ha... Burada üç məntiqi nəticə hasil olur. Birincisi, belə anlaşılır ki, sən demə klinikada qızın yalnız bir azca burnundan deyil, adından da kəsib götürüblər. İkincisi də, evlənmək üçün əxlaq, təhsil, dünyagörüş önəmli deyil, əsas olan burunun ürəyəyatımlılığıdır. Üçüncüsü də, belə reklamın ancaq daxili bazar üçün nəzərdə tutulmasıdır. Bunu hansı ölkəyə daşıyıb aparsan, adamın burnunu estetika ilə deyil, sadə xalq qaydasında yumruqla düzəldərlər. Azərbaycan bazarına tam uyğun bir maldır, ən azı mən də daxil olmaqla tıxacdan zərərçəkənlərin əsəb əvəzinə gülümsəməyinə yarayan bir vəsilə oldu".

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib