Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12562-.html

220 ailəyə pul atılmasında Şahmar İbadovun rolu nə olub?

03.10.2017 10:52:02

Reportaj

Mənimsənilən milyonların izi RİH başçısının müavininə aparır?..

Rəşad Səlimli: “Şahmar İbadov bizi yanına çağırıb dedi ki, üç qəpiklik hörmətim vardı, onu da heç etdiniz… Dedi rüşvət alanın balası ölsün, amma balası ölmədi, adam öldürdü”

Mübariz Hacıyev: “Məndə məlumat var ki, binada mənzil almağa tərəddüd 30-40 ailə məhz Şahmar İbadovla məsləhətləşəndən sonra, gətirib pulu Məzahir Məmmədova veriblər”

Bu günlərdə Nərimanov RİH başçısının müavini Şahmar İbadovun oğlunun azadlığa çıxması, habelə, Ş.İbadovunQafqaz Xəbər Agentliyinə təhqir və təhdidlərlə hücum çəkməsi barədə oxuculara xəbər vermişdik.

Belə ki, Ş.İbadov onun oğlu barədə dərc olunan məqalədən sonra, Qafqaz Xəbər Agentliyinin rəhbərliyinə zəng edərək, “şərəf dərsləri” verməyə cəhd etmiş, “sabahdan işimi-gücümü atıb sizinlə məşğul olacam” demişdi.

 

Əlbəttə, oxucularda da sual yarana bilər ki, indiyədək, illərlə Nərimanov rayonunun əsas vəzifəli şəxslərindən olan Şahmar İbadovun işinin-gücünün adı nə olub? Nəyə görə, birdən-birə, RİH başçısının müavini bütün işini-gücünü atıb jurnalistlərlə “məşğul olmağa” qərar verib?

Bu suallara cavab tapmaq üçün, yaxın keçmişə nəzər salmaq lazımdır.

Belə ki, Nərimanov rayonunda 156 ailənin 8 milyona yaxın pulunun mənimsənilməsi barədə qalmaqal bir çox oxucuya tanışdır.

Söhbət sadəcə mənimsənilmədən yox, “gözdən əlillər binası”nda sağlam adamlara əlillik vəsiqəsi düzəldib, onlara mənzil satılmasından gedir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən əsas fiqurant kimi tanınan Məzahir Məmmədov hazırda Almaniyadadır və o, bu işi Nərimanov RİH rəhbərliyinin, habelə, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin birbaşa iştirakı və himayəsi ilə görüldüyünü deyib.

Şikayətçi vətəndaş Mübariz Hacıyevin sözlərinə görə, M.Məmmədov internet vasitəsilə verdiyi açıqlamasında xüsusilə qeyd etmişdi ki, onun “gözdən əlillər binası”nda mənzil almağı təklif etdiyi 30-40 ailə məhz Şahmar İbadovla məsləhətləşəndən sonra, gəlib ona pul veriblər.

“İş hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsindədir. Bizə bir çox sənədləri göstərmirlər. Lakin danışdığımız müxtəlif şəxslərin, habelə prokurorluq işçilərinin də sözlərindən belə anladıq ki, bu işlərdə Şahmar İbadovun müstəsna rolu olub”, – deyə M.Hacıyev bildirdi.

 

Onun sözlərinə görə, hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsində 220 ailənin pulunun mənimsənilməsi faktı var: “Belə qənaətə gəlmək olar ki, sözügedən binada mənimsənilən milyonların həcmi 10 milyon manata yaxındır”.

Dəfələrlə növbə dəyişdirilməsinə görə mənzil almaqdan məhrum olduğunu deyən şikayətçi, gözdən əlil Rəşad Səlimli də vurğuladı ki, Şahmar İbadov rayonun Mənzil Komissiyasının sədri kimi, birbaşa məsuliyyət daşıyır. “O, illərdir bizi aldadır və hər dəfə də növbəmizin dəyişdirilməsinə, saxtakarlıqlara müxtəlif don geydirir. Mən avqust ayında BMT-nin Tiflisdəki ofisi qarşısında anamla birlikdə etiraz aksiyası keçirdim. Orda Şahmar İbadovun da adının plakatda yazılması onu bərk qəzəbləndirmişdi. Bizi yanına çağırıb dedi ki, üç qəpiklik hörmətim vardı, onu da heç etdiniz. Dedi rüşvət alanın balası ölsün, amma balası ölmədi, adam öldürdü. O, tez-tez bizə minnət vururdu ki, öz cibimdən sizə ayda 150 manat pul verirəm. Buna görə də, biz o 150 manatdan imtina etdik”, – deyə R.Səlimli vurğuladı.

 

Gözdən əlil vətəndaş vurğuladı ki, əlil ailəsinin yaşayışının təmin edilməsi RİH-in birbaşa vəzifəsidir. “Ona görə də, RİH başçısının bizə minnət vurması, bunu öz təşəbbüsü kimi dəyərləndirməsi anlaşılan deyil.

Əgər belə xeyirxahdırsa, onda rəhbərlik etdiyi komissiyanın fəaliyyətini düzgün qursun”, – deyə R.Səlimli qeyd etdi.

Rüfət Əhmədzadə

QAFQAZXEBER.AZ

NUH informasiya agentliyi səhifəsindən çap edilib