Dərc edilib: 03-10-2017

https://www.nuh.az/12578-.html

Nazir bağ qonşusunu baş həkim təyin edib ?

03.10.2017 18:40:46

Cəmiyyət

Bir neçə gün əvvəl səhiyyə naziri cənab Oqtay Şirəliyev Quba rayon xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevi Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim, baş direktorun birinci müavini təyin etdi.

 

 Bu təyinat cənab nazirin müstəsna səlahiyyətində olduğu üçün müzakirə mövzusu ola bilməz. Ancaq hansısa rayonun baş həkiminin ölkənin az-çox nüfuzlu səhiyyə ocaqlarından biri olan Mərkəzi Neftçilər Xəstəxanasına rəhbər təyin olunması marağımıza səbəb oldu.

 

Axı, Mərkəzi Neftçilər Xəstəxanasında kifayət qədər savadlı və təcrübəli mütəxəssislər olduğu halda, görəsən İsmayıl Mirzəliyev hansı keyfiyyətlərinə və xidmətlərinə görə, belə bir yüksək təyinata layiq görülüb?

 

NUH.az-ın apardığı araşdırma zamanı bəlli oldu ki, İsmayıl Mirzəliyev Qubanın məşhur Qəçrəş kəndindəndir. Və yeni baş həkimin qardaşı Faiq Mirzəliyev Qəçrəş bələdiyyəsinin sədridir. Məlumat üçün qeyd edək ki, Qəçrəş-Qımıl-Dəhnə istirahət zonası olduğundan burada nazirlərin, biznesmenlərin bağ evləri, villaları var. Qubanın uzun müddət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kuratsiyasında olması da heç kimə sirr deyil. Məlumata görə, İsmayıl Mirzəliyevin bir neçə il əvvəl Quba xəstəxanasına baş həkim təyin olunması da Ziya Məmmədovun xidmətidir. Mənbənin məlumatına görə, İsmayıl Mirzəliyevin Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin olunmasında isə əsas meyar Qəçrəşdə səhiyyə naziri Oqtay Şirəliyevlə villa qonşu olması olub. Bu qədər sadə...

 

Əlbəttə, biz cənab nazirin verdiyi sərəncamı  müzakirə  etmək  fikrindən uzağıq. Arzuladığımız odur ki, “xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsən” axsaq səhiyyəmiz heç olmasa bir addım irəli getsin.

 

     NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib