Dərc edilib: 07-06-2018

https://www.nuh.az/16090-.html

Qərb universiteti müəllimlərin ittihamına cavab verdi

07.06.2018 15:17:59

Cəmiyyət

Qərb Universiteti  ilə bağlı  şikayəti  Səbail Məhkəməsi təmin etmədi

 

Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin bir qrup keçmiş müəllimi bu universitetdəki qanunsuzluq və özbaşnalıqlarla bağlı məhkəməyə müraciət ediblər. Belə ki, uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilməyən müəllimlər bu qanunsuzluqlarla bağlı Səbail Məhkəməsinə üz tutublar. Etibarlı mənbənin verdiyi məlumata görə, müəllimlər ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi (Qərb Universiteti) Universitetini cərimələmiş və şikayətçilərə Məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlayıb. Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib. Müəllimlər isə hakim barəsində Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət ediblər.

Məlumat üçün bildirək ki,  Qərb universiteti  keçmiş ekologiya və  təbii sərvətlər naziri  Hüseynqulu Bağırova məxsusdur.  NUH.az 

 

Yazı dərc olunandan sonra universitetin yazılı münasibəti  saytımızın elektron poçtuna daxil olub. Universitetin mövqeyini  olduğu kimi dərc edirik. 

 

 

Qərbi Kaspi Universitetinin bir neçə müəlliminin şikayəti ilə bağlı bəzi saytlar tərəfindən yayılan məlumatlar həqiqəti əks etdirmir. Həmin müəllimlərin  məhkəmədə universitetə qarşı qaldırdığı iddianı məhkəmə əsassız hesab edərək təmin etməyib.

Yazıda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şikayətçi müəllimlərin əmək haqqı və məzuniyyət pullarına görə universiteti cərimələyib. Qeyd edək ki, Nazirlik araşdırma apardıqdan sonra hələ məhkəmə prosesindən əvvəl həmin qərarı ləğv edib. Qərarın sürəti tərəflərə göndərilib, sonuncu məhkəmə prosesində də bir daha təqdim edilib.

İkinci məsələ ondan ibarətdir ki, müəllimlər saathesabı işləyiblər və onlarla müqavilə bu hala müvafiq olaraq 10 aylıq bağlanıb. Onların iddia etdiyi kimi 12 aylıq yox. Özləri də bu müqaviləri doldurub, imzalayıblar.

Müəllimlərin daha bir iddiası dosentliyə görə əlavə ödənişlə bağlıdır. Nazirlər Kabinetinin 2010-cu il qərarına əsasən yalnız dövlət və Bələdiyyə büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olan dosent və professor elmi adına malik olan şəxslərə görə əlavə ödəniş nəzərdə tutulur. Özəl ali təhsil müəssisələrinin qarşısında belə bir öhdəlik yoxdur.

Qərbi Kaspi Universiteti son dövlər tədrisin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir, peşəkar müəllimləri cəlb edir. Öz əsas iş yerində 300 manat, Qərbi Kaspi Universitetində 800-900 manat əmək haqqı aldığı halda istənilən keyfiyyəti təmin etməyən müəllimlərlə əməkdaşlıq dayandırılır, əvəzinə öz sahəsinin mütəxəssisi olan, əsasən xaricdə təhsil alan kadrlar, müəllimlər dəvət edilir.

Vüsal Məmmədov
Qərbi Kaspi Universitetinin ictimaiyyətlə əlaqələr üzrə meneceri

NUH informasiya agentliyi səhifəsindən çap edilib