Dərc edilib: 09-06-2018

https://www.nuh.az/16121-.html

Rektor 12 illik təhsilə keçid istəyir: "Qərb standartlarına tam uyğunlaşmalıyıq"

09.06.2018 23:07:48

İqtisadiyyat

Bir çox Qərb ölkələrində orta təhsil 12 il olsa da, Azərbaycanda bu sistemə hələ də keçilməyib. Halbuki, bu, "Təhsil haqqında qanun”da yer alıb. Əksər mütəxəssislərin fikrincə, 12 illik təhsil sisteminə keçidlə təmayülləşmə prosesi də tamamlanacaq.

"Müasir təhsil sisteminin tələblərini tam əks etdirmək, onlara cavab vermək üçün bizdə bir məsələ var ki, ləngiyir. Və onun ləngiməsi bütövlükdə təhsil sisteminin məntiqli şəkildə səviyyələrinin bir-birinə bağlanmasını da müəyyən qədər ləngidir”. Qaynarinfo xəbər verir ki, bu sözləri azedu.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib. Onun sözlərinə görə, bu ləngimə tam orta təhsilin 12 ilə keçməməsi ilə bağlıdır: "Baxmayaraq ki, bu təhsil haqqında qanunda da öz əksini tapıb. Təəssüflər olsun ki, bu proses ləngiyir. Biz qərb bakalavr, magistr sistemini qəbul etmişik və 5 illik ali təhsili 4 ilə endirərək bununla kifayətlənirik. Onda orta məktəbin təhsil ilini artırıb, həmin qərb standartlarına tam uyğunlaşdırmalıyıq. Orta məktəbi bitirib universitetə gələn gənc son 11-12-ci sinifləri bir qədər ixtisaslaşmış təhsil almalıdır. Və universitet təhsilinə hazırlaşmalıdır. Universitet 3 il yarımdır, yarım il isə təcrübədir. O zaman tələbə bu müddətdə yalnız və yalnız ixtisasına yönələr. Həmçinin ali təhsil müəssisləri də ümumi ali təhsil deyil, ixtisas təhsili verməyə istiqamətlənər. Düşünürəm ki, 12 illik orta təhsil haqqında daha ciddi qərarlar qəbul edilməsinin vaxtı gəlib çatıb”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib