Dərc edilib: 10-06-2018

https://www.nuh.az/16126-.html

Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

10.06.2018 14:45:42

Cəmiyyət

Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

 

07 iyun tarixli sayımızda Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin bir qrup keçmiş müəlliminin bu universitetdəki qanunsuzluq və özbaşnalıqlarla bağlı məhkəməyə müraciət etdiyi  və  nəhayət  4-cü Məhkəmə baxışında uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə   bağlı iddialarının  Səbail Məhkəməsi tərəfindən təmin olunmadığı  barədə  xəbər  vermişdik. Etibarlı mənbənin verdiyi məlumata görə, müəllimlər ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi (Qərb Universiteti) Universitetini cərimələmiş və şikayətçilərə  ədaləti bərpa etmək üçün məhkəməyə müraciət  etmək  hüquqlarının olması barədə məktub ünvanlayıb.

Müəllimlərin bildirdiyinə görə, Universitetin faktiki sahibi olan  keçmiş ekologiya  və təbii  sərvətlər naziri Hüseyinqulu Bağırov  sabiq  ƏƏSM  naziri  Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunması barədə yenidən guya qərar veriblər. Amma bu qərarla tərəfləri tanış etməyiblər. Müəllimlər bu nazirlikdə olanda  şöbə müdiri Elşən Tağıyev bildirib ki, Hüseyinqulu Bağırovun müdaxiləsindən sonra bacara bilmədik (?) Həm də bildirdi ki, müəllim  kimi sizin müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququnuz var. Qanun sizin tərəfinizdədir...  Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib. Müəllimlər isə hakim barəsində Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət ediblər. Xəbər saytımızda  dərc  olunandan sonra  Qərbi Kaspi Universitetinin yazılı cavabı saytımızın elektron poçtuna gəlib və  KİV haqqında qanuna uyğun olaraq biz  cavabı dərc  etmişik.

Müəllimlər  universitetin  yalanlar  üzərində qurulan təkzib  xarakterli  cavabını  oxuyan kimi saytımıza sanki od püskürdülər. Onlar  bildirib ki, biz saathesabı yox, əvəzçi müəllim işləmişik. Bizim Universitetlə bağladığımız müqavilə məhkəmə prosesinə gətirilə bilmədi. Yalnız kompüterdə saxta kompilyasiya edilmiş nüsxələrdə də bir neçə xətlə yazılmış əsası olmayan "yalançı" saxta sənəd verdilər. (Surətini təqdim etməyə və saxta olduğunu sübut etməyə həmişə hazır olduqlarını bildirdilər)  Müəllimlər oriqinal müqavilə tələb etdikdə Universitetin vəkili bildirib ki, Arxivlər İdarəsinə vermişik, onu əldə etməyə 2 həftə lazımdır. Lakin bu saxta sənəd (oriqinalı olmayan "müqavilə" ) nəhayət Məhkəmə prosesinə gətiriləndə 2017-ci ildə guya su kranının partlaması nəticəsində sənədlərin yarasız vəziyyətə  düşdüyü  bildirilib. Sual olunur: sənədin (müqavilənin)  oriqinalı xarab olubsa, bəs kserokopiya hardan əldə edilmişdir ?! Göründüyü kimi saxtakarlıq Qərb Universitetinin rəhbərlərinin  mahiyyətinə xasdır. Qaldı ki, Qərb Universitetindən uzaqlaşan müəllimlər rəhbərliyin (tələbələri kəsin, Universitetə xeyir verin ) haram, qeyri-qanuni tələblərini rədd elədikləri  üçün özləri uzaqlaşıblar. Müəllimlərin  fikrincə, universitetdə həmişə elmi dərəcəsi olmayan, saxta elmi adlarla dərs deyən müəllimlər daim işləyib.  Əslində bu Universitetin uzun illər rektoru olmuş Zemfira Məmmədova elmi dərəcəsi olmadan özünü dosent etmişdir. Xatırladaq ki, dosent elmi adını Azərbaycan Respublikasında Prezident yanında Ali Attestasiya Komissiyası verir.

Xatırladaq ki, Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin fəaliyyət  üçün lisenziyasının vaxtı bitib. Kluarlarda bu universitetin fəaliyyətinə xitam veriləcəyi barədə məlumatlar dolaşır.

Məlumat üçün  onu da qeyd edək ki, şikayətçi müəllimlər bugünədək məhkəmə qətnaməsini ala bilmirlər.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib