Vətəndaş Mərkəzi Klinikadan 16 min manatını tələb edir
Vətəndaş Mərkəzi Klinikadan 16 min manatını tələb edir
Bakı şəhər sakini, Qarabağ müharibəsi veteranı Məcid Yusifov Mərkəzi Klinik Xəstəxanada rastlaşdığı problemlə bağlı NUH.az saytına müraciət edib.
Vətəndaşın müraciətini olduğu kimi dərc edirik:
“Mən böyrəyimdəki problemlə bağlı Mərkəzi Klinik Xəstəxananın “Orqan və Toxumaların Transplantasiyası” şöbəsinin cərrahı Tariyel Nadirova müraciət etdim. O mənə böyrək köçürülməsinin vacibliyini bildirdi. Və donor tapılandan sonra mənim və donor şəxsin analizləri üçün 16 min manat pul ödədim. Analizlər başa çatandan sonra Tariyel Nadirov mənim və donor şəxsin böyrəyinin “panel”ini yoxlayandan sonra dedi ki, sizin “panel”iniz uyğun gəlmir. Mən soruşdum ki, əgər “panel” uyğun gəlmirdisə, niyə bunu mənə əvvəldən demədiniz və nə üçün mənim 16 min manat pulumu aldınız? Tariyel Nadirov mənə bildirdi ki, mən Türkiyədə oxumuşam, orda mənim xocam var, sən də, donor şəxs də gedin Türkiyəyə. Mən Türkiyəyə getdim orda da 8 min dollar xərcim çıxdı. Və məlum oldu ki, donorla mənim böyrəyim uyğun gəlmir, əgər böyrək köçürməsi əməliyyatı olarsa mən də, donor da həyatımızı itirə bilərik. Və biz geri qayıtmalı olduq. Mən Tariyel Nadirovdan pulumu geri tələb edəndə dedi ki, get hara istəyirsən şikayət elə”.
Şikayətçi bildirir ki, dəfələrlə xahiş, tələb etsəm də Tariyel Nadirov mənim pulumu qaytarmır və deyir ki, pul Mərkəzi Klinikanın hesabına daxil olubsa, geri qaytarıla bilməz.
NUH.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Tariyel Nadirovun özü ilə telefon əlaqəsi saxlayıb. Nadirov isə kobud formada müxbirimizə bildirib ki, məni narahat etməyin, qoy şikayətçi məhkəməyə müraciət etsin, bir də mənə zəng etməyin.
Biz redaksiya olaraq vətəndaşın şikayətini gündəmdə saxlamağa çalışacağıq. Qoy, müvafiq orqanlar özünü məşhur şəfa ocağı hesab edən klinikanın vətəndaşlara qarşı cəllad kimi davranması ilə bağlı düşünsünlər.
NUH.az