Dərc edilib: 11-07-2018

https://www.nuh.az/16474-.html

Azadlıq Partiyası hakimiyyətdən açıqlama tələb edir

11.07.2018 18:02:12

Cəmiyyət

Azadlıq Partiyası Mərkəzi İcraiyyə komitəsi ölkədə nə baş  verdiyi barədə hakimiyyətdən açıqlama tələb edib: Ölkədə nələr baş verdiyi barədə hakimiyyətin açıqlama verməsinə ehtiyac yaranıb. 


   Ölkənin ikinci  böyük şəhərində əvvəlcə icra başçısı  güllələnir və bəlli olur ki, bu ikinci cəhddir və bir neçə ay əvvəl həmin şəxs polisin əlindən silah alıb...

   Qətl hadisəsindən sonra, ən azı bir həftə əvvəldən Gəncədə aksiya təyin olunur, aksiya günü xəncərlə, armaturla silahlanmış bir qrup şəxs şəhərin mərkəzində iki polis zabitini qətlə yetirir, digər polislər  ərazidən qovulur, qətlə yetirilənlər silahsız, mülki formada olur, qətli törədənlər sakitcə aradan çıxıb gedirlər.

  Hansısa kiçik  kəndə belə bir hücum olsa belə bu cür hazırlıqsız hadisələr yaşanmazdı. İndi 21-ci əsrdir, sosial mediada çağırışlar ortada, polis hadisə yerində niyə silahsız olub, niyə mülki formada olub,  icra başçısına hücumdan sonra xüsusi xidmət orqanları məsələyə niyə bu cür səviyyəsiz, səhlənkar yanaşıb. Müxalifətin dinc aksiyasına aksiyaçılardan bir neçə dəfə artıq qüvvə cəlb edən, daxili qoşunları hadisə yerində hazır tutan hakimiyyət bu məsləyə nədən bu qədər etinasız yanaşıb?

 Bu  hadisələrdə kənar qüvvələrin əli olması istisna deyil, ola bilər hansısa ölkə hakimiyyətə "açıq mesay" verir. Amma xüsusi xidmət orqanlarının belə qeyri-peşəkar yanaşması, bu məsələni hakimiyyət daxilində, klanlar arasında  qanlı savaşın başlanmasına daha çox oxşadır.

 Polis zabitlərimizə tanrıdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Hadisənin gercək səbəbləri araşdırılmalı, cinayətkarlar tapılıb mühakimə olunmalıdır.

Amma bir məsələ də qeyd edilməlidir ki, uzun illərdir ki, hakimiyyət bütün  qanunsuz əməllərini polisin arxasında gizlənərək törədib. Bütün saxtakarlıqlara, rüşvətə, korrupsiyaya, milli sərvətlərin talanmasına haqlı etirazlar polis zorakılığı ilə qarşılanıb. Bir növ polis hakimiyyətlə xalqın arasında baryerə çevrilib. Polisin qanunda nəzərdə tutulan funksiyaları ilə həyata keçirdiyi funksiyalar ciddi şəkildə fərqlənir.

 Hakimiyyət  öz xalqı ilə zor dili ilə danışmağa davam etdikcə, millətin iradəsini saxtalaşdırmağa, ədalətsizliyə, oğurluğa davam etdikcə, ölkədə daha kəskin, daha böyük olayların baş verəcəyi  şübhəsizdir. Heç bir qüvvə millətlə zor gücündə danışa bilməz.

 Xalqla hakimiyyətin birliyi olmayan, hakimiyyətin öz xalqına güvənmədiyi ölkə güclü ola bilməz

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib