Dərc edilib: 12-07-2018

https://www.nuh.az/16481-.html

Azərbaycanda 240 mindən çox it quduzluğa qarşı peyvənd olunub

12.07.2018 11:11:48

Reportaj

Bu il yanvarın əvvəllərindən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.


"Qafqazinfo" xəbər verir ki, bu ilin 6 ayı ərzində quduzluq xəstəliyinə qarşı 240644 baş it (o cümlədən 1900 baş sahibsiz it) peyvənd olunub. Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini artıq başa çatdırıb.

Qeyd edək ki, quduzluq xəstəliyi bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.

Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər. 

Heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi mövcud deyildir. Xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilir.

İnsanlar isə quduzluğa yoluxmuş heyvanın hücumu nəticəsində yoluxa bilərlər. Quduzluq xəstəliyi insanlarda hidrofobiya və sinir pozğunluqları ilə müşayiət olunur. Xəstə heyvanın hücumundan sonra xəstəliyin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək zəruridir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib