Dərc edilib: 13-07-2018

https://www.nuh.az/16498-.html

Xaricdən idarə olunan radikal yönümlü dini saytlara giriş məhdudlaşdırılsın

13.07.2018 14:28:18

İdman

Çox təəsüfləndirici haldır ki, ölkə ərazisində rahat şəkildə yayımlanan və xaricdən idarə olunan radikal yönümlü dini saytlar, habelə bəzi yerli saytlar Gəncə İcra başçısına qarşı sui-qəsd törədən terrorçu Yunis Səfərovu qısa zamanda "qəhrəman” etdilər.
 
Yunis Səfərov bu əməli ilə dövlətə güllə atmış sayılır. Əgər ölkədə terrorçunu açıq aşkar təbliğ edən dini saytlar fəaliyyət göstərirsə, bu o deməkdir ki, ölkədə terrora dəstək verən KİV-lər mövcuddur. Gəncədə 2 polis zabitimizin öldürülməsindən dərhal sonra həmin radikal dini saytlarda Sumqayıtda qanunsuz aksiya keçirmək üçün xəbərlər dərc olundu. Çox maraqlıdır ki, nöqtə və vergülünə qədər eyni olan xəbər birneçə dini yönümlü saytlarda dərc olunmağa başladı. Ardınca isə sosial şəbəkələrdə çağırışlara start verildi. Aydın olur ki, bu saytlar bir mərkəzdən idarə olunur. Bu birbaşa dövlətimizə qarşı təxribat hazırlamaqdır. 
Nə üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini saytlar üzərində monitorinq aparıb, ciddi tədbirlər görmür? Artıq dərəcədə ciddi mövzudur və ölkədə gedən həssas olaylar bu kimi məsələləri gündəmdə saxlamağa rəvac verir. 
Mingəçevir hadisəsi, icra başçısına qarşı sui-qəsd və 2 polisimizin ölümü ondan xəbər verir ki, qaragüruh qüvvələrin Azərbaycanla bağlı ayrı-ayrı maraqları var. Bu maraqları reallaşdırmaq üçün həmin qüvvələr müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən ən effektlisi isə ölkəmizdə müxtəlif radikalyönümlü dini saytların maliyyələşdirilməsidir. Regionda marağı olan dövlətlər həmin saytların vasitəsilə maraqlarını ifadə edən yazılar dərc etdirirlər. Bu cür saytlar çox güman ki, İran İslam Respublikasının birbaşa təsiri altındadır. Həmin saytlar yazılarında da İran İslam Respublikasının maraqlarını dəfələrlə vurğulayırlar. 
Seymur Süleymanov
Çağdaş Strateji Araşdırma Mərkəzi

NUH informasiya agentliyi səhifəsindən çap edilib