Şair Həsən Orucoğlunun doğum günüdür
Bu gün gözəl şair, təcrübəli təhsil işçisi, uzun illər Zəngilan rayonunda məktəb direktori işləmiş Həsən Orucoğlunun doğum günüdür. Həsən müəllim həm də Qarabağ müharibəsi veteranıdır.
NUH.az Həsən müəllimə “Dünyaya xoş gəldin” deyir və yeni şeirlərini oxuculara təqdim edir.
Bir yarpaq sevgisi
Pəncərəmə qonubdur payızın son yarpağı,
Necə də qucaqlayıb bərk-bərk şüşə torpağı.
Bir küləyin əlindən qaçıb bura sığınıb
Yazın yaşıl övladı
Gör necə də sınıxıb ?
Budağından qopsa da
Pəncərəmdir budağı
İşıqları sönsə də olub şüşə çırağı.
Yerə düşmək istəmir ayaqlansın əzilsin
Yaşamaq istəyir o ömrü niyə üzülsün
Saralsa da, solsa da
Həyat eşqinə bir bax
Pəncərəmdən dünyaya baxıb istər yaşamaq
Qibtə etdim yarpağın gücünə, qüdrətinə
Kaş ki, sevgim dönəydi onun məhəbbətinə
Tut ağacı
Yol qırağında gördüm
Bu payız tut ağacı
Sanki baxırdı mənə nədənsə acı-acı
Qərib idi deyəsən
Hardan düşüb buraya
Canı da qalmamışdı az qalırdı quruya
Yarpaqları elə hey tökülürdü torpağa...
Qəfil bir külək əsdi divan tutdu yarpağa
Pərən pərən düşdülər öz kökündən yarpaqlar.
Düşündüm burda yəqin bir hikmətli kəlam var
Qəribə hiss keçirdim taleyimi yaşadım
İçimdə için-için bir ağır yük daşıdım.
Kaş ki bütün ağaclar elə yerdə əkilsin
Töküləndə yarpağı öz yerinə tökülsün