Dərc edilib: 24-11-2018

https://www.nuh.az/18038-.html

Kreditorlar Əmanətlərin Sığortalanması Fondundan şikayət edəcək

24.11.2018 17:11:13

Hadisə

KREDİTORLAR ƏMƏNATLƏRİN SIĞORTALANMASI FONDUNDAN ŞİKAYƏT EDƏCƏK

 

Dünən müflisləşmiş ən iri bankın – “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilmişdir.

 

İclasda bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti kəskin tənqid olunmuş, işinin kreditorların, o cümlədən əmanətçilərin maraqlarına zidd olduğu vurğulanmışdır. Fondun qeyri-qənaətbəxş fəaliyyəti barədə ölkə rəhbərliyinə şikayətin göndərilməsi barədə qərar qəbul edilmişdir. Fonda qarşı əsas pretenziyalar qısaca bunlardır:


1) bankın ləğv prosesini plansız və özbaşına aparması, ləğv planını məhkəməyə qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməməsi, məhkəməyə və kreditorlara hörmətsizlik edilməsi;

 

2) təqdim edilən ləğv planında çoxsaylı texniki, hüquqi və iqtisadi səhvlərin (səbəb savadsızlıqdır), habelə açıq-aşkar pozuntuların olması;


3) bankın daşınmaz əmlakının hərraca çıxarılaraq satılmasının ləngidilməsi (konkret alıcılarla pərdəarxası qanunsuz və korrupsion sövdələşmələrin bağlanmasına şübhə var), həmin əmlakların saxlanılması üçün yersiz xərclərin çəkilməsi;

 

4) iri borc alanlara qarşı məhkəmə işlərinin aparılmaması (həmin borc alanlarla gizli və korrupsion sövdələşmələrin mövcudluğuna şübhə var), aparılan məhkəmə işlərinin siyahısının gizlədilməsi, bəzi borcların özbaşına silinməsi;


5) artıq xərclərə yol verilməsi və həmin xərclər üzrə hesabatın verilməməsi;


6) Mərkəzi Bankın tələbinin növbədənkənar qaydada ödənilməsinin planlaşdırılması;

 

7) ləğv prosesinin əvvəllər bəyan edildiyi kimi 2019-cu deyil, 2021-ci ilin sonunda bitirilməsinin planlaşdırılması (Fond rəhbərliyinin qohum-tanışları üçün iş yerlərinin yaradılmasına şübhə var);

 

Şikayətin mətni yaxın vaxtda hazırlanıb, razılaşdırılıb göndəriləcək.

 

P.S.  Fond rəhbəri Vüqar Abdullayev iclasa dəvət olunsa da, əvvəlki iclaslardan fərqli olaraq ora gəlməmişdir. Kreditorlar bunu Abduallyevin verdiyi vədlərə əməl etməməsi və buna görə də məsuliyyətdən yayınması kimi qiymətləndirmişlər.


NUH informasiya agentliyi səhifəsindən çap edilib