Dərc edilib: 14-01-2019

https://www.nuh.az/18588-.html

Vəkil Sevil Hacıyeva harada və nə vaxt ali təhsil alıb?

14.01.2019 18:02:53

Cəmiyyət

 

Keçmiş nəqliyyat nazirinin müavini olmuş  Arif Əsgərovun külli  miqdarda  dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu Rahib  Hüseynovla bağlı mövzu ölkə mediasının gündəmindən düşmür.


Moderator.az saytı  bir neçə gün əvvəl  Rahib Hüseynovun vəkili Sevil Hacıyeva ilə bağlı maraqlı məlumatlar  dərc etdi.

Saytın məlumatına  görə,  Rahib Hüseynov həbs olunmamaq üçün kimsənin ağlına gəlməyən bir çıxış yolu seçibmiş. O vəkili Hacıyeva Sevil Balasoltan qızı ilə 2017-ci ilin aprel ayının 13 - də nikaha daxil olubmuş və barəsində axtarış verilən təqsirləndirilən şəxs bu müddət ərzində həyat yoldaşı Sevil xanımın himayəsinə sığınıbmış.

Saytın  yazdığına görə,  özündən 10 yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, "zerkalnı" nömrədən tutmuş "Range Rover" markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb.

Əlbəttə, saytın yazdıqlarının nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırmaq, axtarışda olan şəxsi gizlətməyin nəticəsi ilə bağlı qərar vermək hüquq-mühafizə orqanlarının vəzifəsidir. Və kimin özündən 10, yaxud 15 yaş kiçik şəxslə nikaha girməsi özəl məsələ olduğu üçün bizim üçün maraqlı deyil.

NUH.az-a daxil olan məlumata görə, vəkil Sevil Hacıyevanın ali təhsili ilə bağlı məsələ mübahisəlidir. Və bir media  olaraq  bu məsələni araşdırmaq qərarına gəldik.

Məlumat üçün onu da qeyd edək ki, tanınmış şəxslərin, hətta bəzi millət vəkillərinin diplomlarının saxta olması ilə bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar dərc olunub. Hətta bir neçə il əvvəl  TQDK-nın sədri  Məleykə Abbaszadə ölkədə minlərlə  saxta diplomun olmasını açıqlamışdı. Yəni saxta diplom məsələsi bu gün ölkədə ciddi problemdir. Ona görə də Sevil Hacıyevanın ali təhsil diplomu ilə bağlı saytımıza daxil olan məlumat diqqətimizi cəlb etdi.

 

Və Sevil Hacıyevanın da üzv olduğu Vəkillər Kollegiyasının saytına  (barassociation.az)  daxil olub onunla bağlı məlumatlara nəzər saldıq:

Hacıyeva Sevil Balasoltan qızı,

Fəaliyyət göstərdiyi vəkil qurumu: Bakı şəhəri 4 saylı Vəkil Bürosu,

Bildiyi xarici dillər : Xarici dil biliyi yoxdur,

Vəkillik fəaliyyətinin müddəti: 5  il,

1998-2001-ci illərdə  Azərbaycan Beynəlxalq Universitetində ( ABU) təhsil alıb.


Sözün düzü, Elşad Abdullayevin “ABU”-sunu görən kimi şübhələrimiz daha da artdı. Və Sevil Hacıyevanın özü ilə telefon əlaqəsi saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq.

Bizimlə telefon söhbətində Sevil Hacıyeva əvvəl Rusiyada təhsil aldığını, sonra isə Ukraynada universitet bitirdiyini bildirdi. Bizim “ Ukraynanın hansı şəhərində və neçənci illərdə, konkret hansı ali məktəbdə təhsil almısınız?”  sualımıza  Sevil Hacıyeva cavab verməkdən qəti imtina edərək, “ Nəyinizə lazımdır” cavabını verdi.

Görəsən, xanım vəkil öz ali təhsili ilə bağlı suala cavab verməkdən niyə imtina edir?

Və Vəkillər Kollegiyasının saytında “Xarici dil biliyi yoxdur” yazan Sevil Hacıyeva Rusiyada, yaxud Ukraynada hansı dildə təhsil alıb ?

Əlbəttə, bizim hörmətli Sevil Hacıyevanın reputatsiyasına kölgə salmaq məqsədimiz  yoxdur. Sadəcə, bizə daxil olan məlumatı dəqiqləşdirmək  fikrimiz var.

Sevil Hacıyeva  suallarımıza cavab vermədiyi üçün mətbuat vasitəsilə yuxarıdakı sualları müvafiq dövlət orqanlarına  ünvanlayırıq.  Qoy  vəkilin ali təhsili ilə bağlı məsələyə  dövlət qurumları aydınlıq gətirsin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib