Dərc edilib: 03-07-2019

https://www.nuh.az/20029-.html

Təhsil Nazirliyinin məntiqsiz qaydaları, yoxsa nə?

03.07.2019 14:29:48

Region

2019-2020-ci il üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 3-də bitdi. Nazirliyin yaydığı məlumatda qeyd olunurdu ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.


Amma.. Əmması odur ki, sənəd qəbulu sistemində ya ciddi problem var, ya da müsabiqə şərtləri dolğun, tam dəqiq hazırlanmayıb. Bizimxeber.az vacib olan bir məqamı araşdırmağa çalışıb.

Belə ki, Azərbaycanda pedaqoji orta ixtisas təhsili verən (texnikom) bir neçə kollec var. Bu kolleclərdə tələbələrə pedaqogika fənni tədris edilir və sonda tələbə sözügedən fənndən imtahan verir. Hətta bu fənndən verdiyi imtahan qiyməti doploma əlavə edilmiş rəsmi sənəddə qeyd olunur.

Məntiqə görə, orta-ixtisas kollecini bitirmiş və pedaqoji savad almış şəxs müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün əngəl yaşamamalıdır. Elə isə nə baş verir?

Bakı Sənaye-Pedaqoji Kollecini bitirmiş və pedaqogika fənnindən imtahan vermiş, qiymət almış insanları təhsil naziri Ceyhun Bayramovun qoyduğu qaydalar imtihanda iştirakdan məhrum edir. Tələbə gələcəkdə müəllim işləyə bilməyəcəksə nədən pedaqogika fənni keçir və bu fənndən imtahan verir? Sözügedən Kollec Təhsil Nazirliyinin balansında fəaliyyət göstərir. Burdakı fakultə və fənnlər, imtahanlar nazirlik tərəfindən təsdiqlənir. Elə isə Təhsil Naziri Ceyhun Bayramov nədən o balansında olan təhsil müəssisəsindəki diğər ixtisaslarda  pedaqogika fənni keçirilməsinin qarşısını almır?. Bu fənn, məsələn  Auditin Təşkili fakultəsində nədən tədris edilsin?

Bu məntiqsizliyə kim aydınlıq gətirə bilər?  Söhbət konkret Bakı Sənaye-Pedaqoji Kollecinin diplomundan gedir. Kollecin adı bəs etmirmi? Bəlli qadağa və kriteriyalar hansı qanunun hansı maddəsi ilə tənzimlənir? Kim qoyub bu qaydanı? Dövlətin verdiyi pedaqoji diplom nədən kağız parçası hesab olunur?

Bizimxeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib