Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət
Cənab sədr !
Rəhbəri olduğum NUH.az saytına daxil olan məlumat əsasında Xaçmaz rayon məhkəməsinin sabiq, hazırda Gədəbəy rayon məhkəməsinin hakimi olan Füzuli Mirzəquliyevin tərcümeyi-halına nəzər salmalı oldum.
Ali məhkəmənin rəsmi saytında Füzuli Mirzəquliyev haqqında qeyd olunub:
Mirzəquliyev Fizuli Balağa oğlu
Gədəbəy Rayon Məhkəməsinin hakimi
Doğulduğu il
1962
Təhsil
1993 DİN-nin Polis Akademiyası
2001 – 2007 Baş Sumqayıt st. XPB-nin təhqiqatçısı
2007 – 2008 Xaçmaz st. XPŞ-nin baş inspektor-kriminalisti
2009 – 2013 Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili
2013 – 2018 Xaçmaz Rayon Məhkəməsinin hakimi
2018 - h/h Gədəbəy Rayon Məhkəməsinin hakimi
Cənab sədr !
Ali məhkəmənin rəsmi məlumatından bəlli olmur ki, F.Mirzəquliyev 1993-cü ildə Polis Akademiyasına (PA) daxil olub, yoxsa bitirib?
Fərz edək ki, 1993-cü ildə PA-a daxil olub.
Onda 1979-cu ildə orta məktəbi bitirən Mirzəquliyev 14 il harada olub? Əsgəri xidmətdə olubmu? Və s.
Əgər Mirzəquliyev 1993-cü ildə PA bitiribsə, 2001-ci ilə qədər, yəni 8 il harada olub ?
Cənab sədr ! Bir sözlə, hakim Füzuli Mirzəquliyevin tərcümeyi-halı əsl tapmacadır.
Bütün bunları qoyaq bir kənara!
İndi Füzuli Mirzəquliyevin Azərbaycan dövləti adından qəbul etdiyi 17 oktyabr 2017-ci il tarixli məhkəmə qətnaməsinə nəzər salaq.
Məndə olan məhkəmə qətnaməsinə və cavabdehin şəxsiyyət vəsiqəsinə nəzər salıram.
Qətnamədə dəfələrlə cavabdeh olaraq BAHADUROV İMRAN MƏCİD oğlu göstərilir. Özü də 5 dəfə.
Əlimdə olan rəsmi sənəd – şəxsiyyət vəsiqəsində isə BAHADUROV İMRAN SULTANMAHMUD oğlu göstərilir.
Bu nə mexaniki, nə də orfoqrafiya səhvdir ki, bağışlamaq mümkün olsun. Deməli, hakim nəyinsə təsiri altında olub. Bunu müəyyənləşdirmək sizin səlahiyyətinizdədir. Axı, bu dərəcədə məsuliyyətsizlik olmaz.
Hətta hakimin imzası ilə cavabdehin ünvanına göndərilən bildiriş də ağlagəlməz dərəcədə absurddur. Təsəvvür edin ki, cavabdeh Xaşmazda rəsmi qeydiyyatdadır, hakim isə bildirişi Gədəbəyə göndərir.
Daha dəqiq desək, cavabdeh ömrü boyu Atatürk küçəsində yaşayıb, hakim isə bildirişi N.Nərimanov küçəsinə göndərib. Niyə ? Hakimin məqsədi nədir?
Məhkəmə qətnaməsində qeyd olunur: “ İş üzrə cavabdeh Bahadurov İmran Məcid (??) oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdeh Bahadurov İmran Məcid (??-yenə Məcid, Sultanmahmud oğlu ) oğlunun iştirakı olmadan baxılmasını mümkün saymışdır.”
Cənab sədr !
Hakim Füzuli Mirzəquliyev bilərəkdən bildirişi cavabdehin ünvanına deyil, tam başqa ünvana göndərirsə, cavabdeh haradan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı ola bilərdi ?
Bax, hakim Mirzəquliyevin belə hərəkətləri kifayət qədərdir.
Biz hələ hakimin kabinetində saatlarla xanımlarla nə barədə müzakirə apardığını demirik. Bunu məhkəmə binasında quraşdılımış kameralardan asanlıqla görə bilərsiniz.
Cənab Məhkəmə-Hüquq Şurasının sədri!
Biz hakim Füzuli Mirzəquliyevin əməlləri ilə bağlı kifayət qədər faktlar təqdim edə bilərik.
Xahiş edirik bu məsələlər Məhkəmə-Hüquq Şurasında müzakirə olunsun və ciddi tədbir görülsün.
Hörmətlə,
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli